“Kəpəz”lə ikiillik müqavilə bağlayan yeni baş məşqçi Adil Şükürovun köməkçiləri müəyyənləşib.
Bu haqda “Football-plus.az”a mütəxəssis özü məlumat verib. O, Zaur Əsədov, İlyas Qurbanov və Elşad Tahirovun məşqçilər korpusunda yer aldığını deyib. Çalışdırıcı əsas millimizin oyunlarıyla bağlı fasiləni necə dəyərləndirəcəklərini də açıqlayıb:
“Karvan”la yoldaşlıq oyunu keçirmək niyyətindəydik. Təəssüf ki, qarşı tərəfin planları bizimkiylə üst-üstə düşmədi. Normal məşq prosesinə davam edəcəyik. Çox güman, öz aramızda bölünüb oynayacağıq”.
Maraq üçün qeyd edək ki, köməkçi məşqçilərdən Zaur Əsədov daha əvvəl “Kəpəz-2”nin baş məşqçisi olsa da, vəzifədən uzaqlaşdırılmışdı. İlyas Qurbanova gəlincə, o indiyə qədər “Neftçi”nin U-19 komandasının baş məşqçisi idi. Elşad Tahirov isə qapıçılar üzrə məşqçidi.
KƏNAN BAHADIR