“Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Qarabağ”la oyundan dərhal sonra istefasının anonsunu vermişdi.
Üstündən heç bir sutka keçmədən bu istefa rəsmiləşdi. Onsuz da prosesin baş verməsi zaman məsələsi idi. Çox az adam inanardı ki, Məmmədov “Kəpəz”in baş məşqçisi kimi mövsümü başa vurmağı bacaracaq. İşlər qaydasında getmirdi, nəticələr pis idi. Nəticə bir yana dursun, “Kəpəz”in oyunundakı problemlər də “göz oxşayırdı”. Buna görə də prosesin nə ilə nəticələnəcəyini lap uşaq da proqnozlaşdırardı. “Qarabağ”la oyundakı 1:7 hesablı məğlubiyyət Azər bəy üçün “Kəpəz”in baş məşqçisi kimi sonuncu oldu.
Amma bu ifadəni yazarkən “indilik sonuncu” qeydini etməyi də unutmamalıyıq. “Kəpəz” o qədər qəribə klubdu ki, Azər Məmmədovun nə vaxtsa yenidən komandanın baş məşqçisi kimi ictimaiyyətə təqdim olunmasını görmək mümkündü. Düzdü, dünya futbolunda belə hallar var. Xüsusən də Türkiyədə. Hansısa məşqçi bir kluba ilk gəldiyində uğur qazana bilmir. Sonra gedib təcrübə qazanır, möhtəşəm geridönüş edir. Müəyyən bir qrupla bağlı isə durum fərqlidi. Sanki həmin qrupa daxil olan məşqçiləri “karuseldə fırladırlar”. Arxalarında duran gizli əllər 3-4 məşqçini eyni dairə içində fırladır, hansısa klubda məşqçi postu boşalan kimi öz namizədlərini ora göndərirlər. “Kəpəz”də də bunun oxşarıdı. Özü də bir qədər fərqli formada. Bu klub çoxdan bir futbol layihəsi olmaqdan çıxıb. Artıq ölkə futboluna xidmət və Nizami yurdunda yaşayıb, böyüyəndə “sarı-göy” formanı əyninə geyinmək istəyənlərə yol açmaq kimi müqəddəs missiyalar arxa plandadı. Bir qrup adam “Kəpəz”ə “yağlı tikə” kimi baxır. Əsas məqsəd kluba ayrılan pulları yeməkdi.
Elə “Kəpəz”də ancaq gəncəlilər işləməlidi” kimi qeyri-sağlam təxəyyül məhsulu da bunun nəticəsidi. Ötən mövsüm Tərlan Əhmədov Gəncədə necə əziyyət çəkdi?! Guya həmin vaxt “Kəpəz”in büdcəsi indikindən yaxşı, heyəti indikindən güclü idi?! Ortada futbol vardı, buna uyğun nəticələr vardı. Əvvəlcə veteran futbolçular Əfran İsmayılovla Rauf Əliyevi maşa kimi ortaya atdılar. Onların əli ilə Tərlan Əhmədovu nüfuzdan salmağa, “qaralamağa” çalışırdılar. Məqsədlərinə çatmağı bacarmayınca başqa üsullara əl atdılar. Yaxşı yadımdadı. Telefonum susmurdu, özünü gəncəli azarkeş kimi təqdim edənlər Tərlan bəyin əleyhinə uzun-uzadı danışır, sonunda da deyirdilər ki, lap elə “Kəpəz” premyer-liqadakı yerini qorusa belə, onun Gəncədə işləməsinə imkan verməyəcəklər. Həmin təfəkkürün “mükafatı”, nəticəsi bu gün “Kəpəz”in premyer-liqanın sonuncusu olmasıdı.
“Neftçi”nin Gəncədən xalsız qayıtması, “Sabah”ın, “Zirə”nin, “Qarabağ”ın büdrədilməsi yalançı təsəllidən başqa bir şey deyildi. Bütün bunlarla həm özlərinin, həm də azarkeşlərin başını aldadırdılar. “Qarabağ” ilk dövrədəki oyunun sonlarında konsentrasiyanı itirmiş, “Kəpəz”in bərabərlik qolu vurmasına imkan vermişdi. “Köhlən atlar” bu dəfə işə ciddi yanaşdı. Nəticə ortadadı, artır fasiləyə qədər “Qarabağ” işi bitirmişdi. Heç şübhə etməyə dəyməz ki, “Sabah” da, “Zirə” də, “Neftçi” də “Kəpəz”ə qarşı bu cür davranacaq, işi ciddiyə alacaqlar. Belədə məğlubiyyətlər, xal itkiləri davam edəcək. Artıq qış fasiləsinə qədər “Kəpəz”lə başqaları arasında ciddi xal fərqi, uçurum yaranacaq. Çünki komandaya futbolçuları, xüsusən də əcnəbiləri necə gəldi doldurublar. Vəziyyət o qədər acınacaqlıdı ki, ehtiyat oyunçular skamyasında iki əcnəbi qapıçı otuzdurulur, əvəzində yerli Kamran İbrahimov odun içinə atılır, bir növ güllənin qabağına verilir. Nəticənin belə olacağını bildiklərindən azərbaycanlını irəli verirlər, gəlmə qapıçılarının adlarına xələl gəlməsini istəmirlər.
Azər Məmmədovun gedişi ilə ciddi nəyinsə dəyişəcəyini inanmıram. Çünki qərar verənlərin, klubu idarə edənlərin futbola yanaşması, ona baxışı səhvdi. Düzgün olsaydı, Tərlan Əhmədovu urvatsız etməz, yayda onu yola salıb, azarkeşlərin gözünə “baxın, onu qovduq, komandanın məşqçilər korpusu hamısı gəncəlilərdi” pafosuyla kül üfürməzdilər. Buyurun, bu da sizin “ədalətli və uzaqgörən” əməllərinizin nəticəsi. Bildiyiniz kimi davam edin.
AMAL