AFFA İntizam Komitəsinin 51.2-ci maddəsi premyer-liqa klublarının başına bəla olub. Az qala ölkə çempionatının hər turundan sonra kənar şəxslərin meydana daxil olmasına görə cərimələrə rast gəlirik. Özü də nə az, nə çox – 800 manat.
Öncə geridə qalan 11 tur ərzində hansı klubların məhz bu üzdən ziyana düşdüyünə nəzər salaq. Siyahını incələyərkən “Kəpəz”, “Səbail” və “Neftçi”nin 3, “Turan Tovuz”, “Sabah”, “Sumqayıt” və “Qarabağ”ın isə hərəyə 1 dəfə cərimələndiyi bəlli olur. Deməli, sözügedən maddə bu vaxta qədər AFFA-ya 10400 manat qazandırıb. Maraqlıdı ki, “Zirə”, “Qəbələ” və “Araz-Naxçıvan”da indiyə qədər belə hal yaşanmayıb.
Əlbəttə, dünyanın aparıcı futbol ölkələri çoxdan bu mərhələni arxada qoyub. Onlar stadionda quraşdırılan kameraların köməyi ilə xatakar azarkeşləri üzə çıxarır və belələrinin bir daha oyunda iştirakını qadağan edir. Görəsən, dünya futbolunun tətbiq etdiyi təcrübə bizim klubların da ağlına batırmı? Ümumiyyətlə, 51.2-ci maddənin qəzəbinə tuş gəlməmək üçün hansı addımlar atılır və ya planlaşdırılır? Bu sualları zərərçəkən klubların mətbuat xidmətlərinin rəhbərlərinə ünvanladıq.
Elnur Həmidov (Sabah):
“Bu istiqamətdə stadionun mühafizə xidməti ilə müntəzəm söhbətlər aparılır. Onlar qayda pozuntusuna yol verən azarkeşlərlə bağlı fəal çalışır. Əksər hallarda qarşısı alınsa da, təəssüf ki, bəzən mümkün olmur. Avropa klublarının oyunlarında da bu tipli hadisələr yaşanır. Belə pozuntulara yol verən tamaşaçıların əksəriyyəti azyaşlılar olur. Artıq şəxsiyyəti müəyyənləşdirilərək özlərinə, azyaşlı izləyicilərin isə valideynlərinə bu barədə xəbərdarlıq edilib. Ümid edir və inanırıq ki, qarşıdakı oyunlarda belə halların şahidi olmayacağıq”.
Emin Əfəndi (Neftçi):
“Nəzərinizə çatdırmaq istəyirik ki, “Neftçi”nin bütün ev görüşləri zamanı stadionda mühafizə xidməti gücləndirilmiş iş rejimində çalışır. Bu xidmət oyunlardan əvvəl, matçlar zamanı və sonra azarkeşlərin nizam-intizam qaydalarına riayət etməsi üçün lazımi tədbirlər görür. Əlbəttə, bəzən azarkeşin və ya başqa kənar şəxslərin meydana daxil olması kimi hallara da rast gəlinir. Belə hadisələr dünya və Avropa futbolunda da baş verir. Dünya və Avropa çempionatlarında, eləcə də Avropanın aparıcı ölkə çempionatlarında baş verən analoji hadisələri nümunə gətirmək olar. Həmin turnirlərdə mühafizə xidməti hər nə qədər ən yüksək səviyyədə işini görməyə çalışsa da, belə hallar baş verməkdədi. “Neftçi” də bu istiqamətdə həm dünya, həm də Avropa praktikasından nümunələr əsasında iş prinsiplərini icra edir və bundan sonra da bu formada fəaliyyətini davam etdirəcək. Klub tərəfindən gələcəkdə bu tip halların minimuma endirilməsi istiqamətində daha ciddi tədbirlər görüləcək”.
Azad Mustafayev (Kəpəz):
“Əvvəlki mövsüm də dəfələrlə belə hallara görə cərimələnmişik. Ötən “futbol ili”ndə azarkeşlərin qayda pozuntularına görə 30 min manatdan çox cəriməyə məruz qaldıq. Təbii ki, xoşagələn hadisə deyil. Çünki büdcəmiz bəllidi. Qətiyyətlə belə hallara qarşıyıq. Bəhs etdiyiniz sistemi dəstəkləyirik. Lakin azarkeşləri stadionu buraxmamaq problemi kökündən həll etmir. Meydana daxil olan kənar şəxslərin əksəriyyəti azyaşlı uşaqlardı. Ad çəkməyəcəm, illər öncə klublarımızdan biri xüsusi operator ayıraraq azarkeşləri lentə alırdı, qaydanı pozanları dəvət edib profilaktik söhbətlər aparırdı. Biz də dəfələrlə tərəfdarlarla danışmışıq. Sağ olsunlar, bizi başa düşüblər. Ümid edirik ki, gələcəkdə yeni stadionumuzda belə hallar yaşanmayacaq və əlavə tədbirlərə ehtiyac duyulmayacaq”.
Anar Hacıyev (Qarabağ):
“Burda qeyri-adi heç nə yoxdu. Təhlükəsizliyə görə məsul olan şöbəmiz fəaliyyət göstərir. Onlar işlərini layiqincə yerinə yetirir və belə hadisələrin baş verməməsi üçün çalışırlar. Əllərindən gələni maksimum edir, çatışmazlıqların aradan qaldırılmasının öhdəsindən gəlirlər. Bu yöndə əlavə işlər görən əməkdaşlarımız da var. Başqa tədbirlərə ehtiyac yoxdu”.
Rəşad Məmmədov (Səbail):
“Belə halların baş verməsinin əleyhinəyik. Sözün düzü, məsələ yaralı yerimizdi və bunun fərqindəyik. Təəssüf ki, bizim oyunlarda meydana çıxan kənar şəxslər əsasən rəqibin azarkeşləri olur. “Neftçi”ylə oyunda bunun şahidi oldum. “Neftçi” forması geyən tərəfdar meydana girdiyi üçün cərimələndik. Səhv etmirəmsə, “Qarabağ”la matçda da eyni hal yaşanmışdı. Buna baxmayaraq, azarkeşləri cəzalandırmaq niyyətində deyilik. Düşünürük ki, başverənlər məhz bizim boşluqlarımızdan irəli gəlir. Bu yöndə təhlükəsizlik işlərini daha ciddi görməliyik. Hazırda bəzi layihələr üzərində çalışırıq ki, fəaliyyətimizi daha faydalı edək”.
Zaur Xudiyev (Sumqayıt):
“Statistikadan göründüyü kimi, bu mövsüm bir dəfə belə halla qarşılaşmışıq. Bu da texniki səhv ucbatından qeydə alınıb. Belə ki, topdaşıyanlardan biri qapını açıq unutduğundan azarkeşlər meydana daxil olmuşdu. Ümumiyyətlə, stadionda həmişə qapılar bağlı olur, təhlükəsizlik yüksək səviyyədə təşkil edilir. Bundan sonra daha diqqətli olmağa çalışacağıq ki, belə hallar yaşanmasın”.
Süleyman Tağıyev (Turan Tovuz):
“Oyun gününün təşkili üzrə menecerimiz var. Matçdan 2 saat öncə keçirilən xidməti iclasda AFFA nümayəndəsi tərəfindən müvafiq təlimatlar verilir. Eyni zamanda toplantıda nəzarət-buraxılış və DİN əməkdaşı da iştirak edir. Mümkün qədər nöqsan buraxmamağa çalışırıq. Səhv etmirəmsə, son 2 mövsüm ərzində cəmi bir dəfə bu hadisəylə üzləşmişik. Nəticə çıxarıb nəzarəti daha da gücləndirməyə çalışırıq”.
Sözügedən maddə üzrə cəzalandırılmayan klublarla da əlaqə saxladıq. Onlardan cərimələrlə üzləşməmək üçün hansısa xüsusi tədbirlərin görülüb-görülmədiyini soruşduq. Maraqlıdı ki, mətbuat katiblərinin fikirləri ortaq oldu. Daha dəqiq desək, “Araz-Naxçıvan”dan Mahal Məmmədov, “Qəbələ”dən Asəf Zeynallı, “Zirə”dən Elmar Abdullazadə hansısa cəzaların nəzərdə tutulmadığını, sadəcə, əsasnamənin tələblərinə uyğun addım atdıqlarını bildirdilər.
KƏNAN BAHADIR