1-ci liqada ən uğursuz komanda hələ ki "Araz Saatlı"dı. Saatlı təmsilçisi bütün oyunlarda məğlub olmaqla yanaşı, 1 qol belə vura bilmədən qapısında 20 top görüb. Son turda da "İrəvan"la görüşdə 7 qol buraxdılar.
Bu total uğursuzluğun səbəbini aydınlaşdırmaq üçün klub prezidenti Ədalət Abdullayevə müraciət etdik:
"Hansı yöndən yanaşsaq, ağır və xoşagəlməz statistikadı. Dediklərim uğursuzluğa haqq qazandırmaq üçün deyil, amma iki aya, tez-tələsik komanda yığdıq, heyətdə yer alanların çoxu peşəkar təcrübəsi olmayan gənclərdi. Görünür, hələlik döyüşkən komanda yarada bilməmişik. Odu ki, heyəti yenidən quracağıq. Komandanın ən azı 50 faizi dəyişəcək. Güclənməliyik. Hazırda "Neftçi-2" də çıxış edən, Cənubi Azərbaycanın Urmiya şəhərindən olan Elşən Sabahı heyətimizə cəlb etmişik. Transfer çalışmalarını davam etdirəcəyik. Legioner transferində də maraqlıyıq və menecerlərlə danışırıq. Qısa müddətdə komandadakı uğursuzluğu aradan qaldırmağa çalışacağıq".
ABDULLA İSMAYILOĞLU