AFFA-nın klublarla 2024/25 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirdiyini xəbər vermişdik.
"Football-plus.az" xəbər verir ki, tədbirdə 2-ci liqada çıxış edən "Füzuli"nin meneceri Rəşad Babayev də iştirak edib. Onunla əlaqə saxlayaraq hansı mövzuların müzakirə edildiyini və görülməli işlərin nədən ibarət olduğu haqda ətraflı bilgi aldıq. Babayevin “Football-plus.az"a söylədikləri:
"İclasda klubların peşəkarlaşması üçün meyarların təmin edilməsi və lisenziyalaşdırma prosesinin necə həyata keçiriləcəyi kimi məsələlər müzakirə olundu. İştirakçılara bu yöndə müəyyən məsləhətlər verildi. İşin asanlaşması üçün müəyyən çatışmazlıqların mütləq aradan qaldırılmasının vacibliyi vurğulandı. Bəlli oldu ki, əsas öhdəliklər maliyyə vəsaitinin düzgün xərclənməsi, cinsi bərabərlik fonunda qadın futbolunun inkişafıdı. Biz də klub nümayəndəli olaraq qeydlər apardıq. Görünür, hər il lisenziyalaşdırma sahəsində yeniliklər baş verir. Bu dəyişikliklər qonaqlara ətraflı izah edildi. Oktyabrın 15-nə qədər bu yöndə sənədlərimizi AFFA-ya təqdim etməliyik. Bütün problemlər müəyyən mərhələlər üzrə qaydasına düşməlidi. Başqa bir yenilik isə lisenziyalaşdırmayla bağlı portalın yaradılmasıdı. Elektron sistem klubların işini asanlaşdırmaq məqsədilə hazırlanıb. Artıq ordan klublar haqda ətraflı məlumat almaq mümkün olacaq. UEFA nümayəndəsi Azərbaycan klublarıyla bağlı xoş fikirlərini paylaşdı. Getdikcə futbolumuzun inkişaf etdiyini və xüsusilə maliyyə istiqamətində ən şəffaf sistemlərdən birinin ölkəmizdə olduğunu bildirdi. Dilə gətirdi ki, klublarımızın belə addımları növbəti yarışlarda iştirakımızı asanlaşdıracaq. Hazırda ən önəmli məsələ lisenziyalaşdırma məsələsinin həllidi. Futbolu daha da kütləviləşdirsək və bu yöndə yatırımlar etsək, yaxın gələcəkdə mütləq faydasını görəcəyik. Məncə, çox məhsuldar iclas oldu".
KƏNAN BAHADIR