1-ci liqada çıxış edəcək "Şamaxı" yeni mövsümə hazırlıq mərhələsində bir neçə yoldaşlıq oyunu keçirib.
"Şirlər" bu matçlarda "Qarabağ-2" (2:0, 2:0), "İmişli" (3:2), "Qaradağ Lökbatan" (1:2), "İrəvan" (3:0), "Araz Saatlı" (4:0), "Karvan" (1:1) və nəhayət, "Nebitçi"ni (Türkmənistan) (4:0) sınağa çəkib. Maraqlıdı ki, bölgə təmsilçisi bunlardan, sadəcə, 1-ci turdakı rəqibi "Qaradağ Lökbatan"a güc gələ bilməyibsə, Türkmənistan təmsilçisini darmadağın edib.
1-ci liqada mövsümün startına az qaldığını nəzərə alıb "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərovla əlaqə saxladıq. Mütəxəssis "Football-plus.az"a açıqlamasında hazırlıq prosesi və komandanın durumu haqda danışdı:
"Bəli, srağagün Türkmənistan təmsilçisinə qalib gəldik. Sevindirici haldı. Lakin rəqibin güclü liqada çıxış etmədiyini diqqətdə saxlamalıyıq. Buna baxmayaraq, başqa ölkənin klubu ilə qarşılaşmaq təcrübə baxımından komandama xeyirli oldu. Futbolçularım meydanda yetərincə inamlı mübarizə apardı. Bu da özünü hesabda göstərdi. Çempionata tam hazır olub-olmadığımızı demək çətindi. Məncə, hər şey oyunların gedişində ortaya çıxacaq. Düzdü, yoldaşlıq oyunlarında yaxşı nəticələr əldə etmişik. Amma bu üzdən tez danışmaq istəmirəm".
"Şirlər"in çalışdırıcısı heyətlə bağlı mövzulardan da söz açdı:
"Komplektləşdirmə prosesi başa çatıb. Əlimizdəki futbolçularla yeni mövsümə başlayacağıq. Hər birinə güvənirəm. Hücumçular Emil Qasımov, Rövşən Şahmuradov, Əli Mürsəlov, Cəlal Cəbrayılov və Elşad Tağıyev, yarımmüdafiəçilər Emin Zamanov, Edqar Adilxanov, Samir Məhərrəmli, Ramin Əhmədov, Samir Ağayev, Abbas Ağazadə, Qurban Səfərov, Elçin Rəhimli, qapıçılar isə Əkbər Vəliyev, Sahib Həsənov və Abdulla Seyidəhmədovdu. Kapitan sarğısı Emin Zamanovdadı. Ümumilikdə 24 futbolçumuz var. Adını çəkmədiklərim də tezliklə açıqlanacaq. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik".
KƏNAN BAHADIR