Ölkə futbolunun ürəkaçan səviyyədə olmadığı heç kimə sirr deyil.
Bilindiyi kimi, Azərbaycanı Avropada layiqincə təmsil edən yeganə klub “Qarabağ”dı. Bu il baş tutan bir sıra islahatları saymasaq, son illərdə hansısa ciddi dəyişikliyin baş verdiyini iddia edə bilmərik. Yeniliklərin də inkişafa hansı yöndə təsir edəcəyini demək çətindi. Təbii ki, söhbət hələ peşəkar klubların əsas komandalarından gedir. Aşağı yaş qruplarında daha vahiməli durum var. Dəfələrlə azyaşlıların futbol sevdasına şahid olmuşuq. “Futbol+” səhifələrində fikirlərimizi oxuculara çatdırmışıq, çatışmayan cəhətləri işıqlandırmışıq. Bu dəfə mövzu fərqlidi. Deməli, uşaqkən Rusiyanın “Spartak”, “Torpedo”, 15 yaşından etibarən “Bakı” və “Qarabağ” kimi klublarda oynayan, indi isə “Zirə-2”də köməkçi məşqçi işləyən Toğrul Bilallının maraqlı ideyası var. O, “Azerbaijan Football Performance Center” adlı mərkəz yaradıb. Məqsəd budu: ən son texnologiyalardan istifadə etməklə azyaşlı futbolçuların inkişafını nəzarətdə saxlamaq. İdeyanın faydaları, mərkəzin hədəfləri, “müasir texnologiya, müasir futbol” devizinin pərdəarxasını öyrənmək məqsədi ilə Toğrul bəylə görüşdük.
- Futbol ictimaiyyətinin gənc kadrı kimi diqqətçəkən layihən var. Görünür, texnologiya əsrinin yaratdığı fürsətlərdən faydalanacaqsan. Hansı cihazlardan söhbət gedir?
- Hələ ki iki cihazdan istifadə edəcəyik. Bunlardan biri butsa, digəri qarın nahiyəsinə taxılır. Əsas məqsəd futbolçuların göstəricilərini yığmaq və bu məlumatları emal etməkdi. Nəticədə hər oyunçunun müsbət və mənfi yönləri daha asan anlaşılacaq. Sözügedən cihazlar uşaq futbolunda çoxyönlü fayda verəcək. Həm valideyn övladından xəbərdar olacaq, həm də məşqçi azyaşlının potensialını daha rahat təhlil edəcək. Futbolçu özü də biləcək ki, mən nəyə qadirəm və ya çatışmazlıqlarım hardadı. Beləliklə, problemləri müəyyənləşdirib aradan qaldırmaq daha az vaxt alacaq. Layihəmiz təkmilləşdikcə yeni texnoloji alətlərdən də yararlanacağıq.
- İdeyanı kimlərləsə bölüşmüsənmi?
- Ətrafımdan əksəriyyət bilmir. Bəzi dostlarla müzakirə aparmışam ki, onlar da bəyənib. Rəsmi şəxslərə gəlincə, üç dəfə AFFA ilə görüşümüz olub. Texniki direktor Cahangir Həsənzadə və baş katibi Sərxan Hacıyev bizi qəbul edib, layihəmizi dəyərləndirib. Hazırda hərəkətə keçmək üçün onlardan xəbər gözləyirik. Hədəfimiz 14 və 18 yaş arası aşağı yaş komandaları olan klublarla işbirliyi qurmaqdı. Təbii ki, fərdi çalışmalar da olacaq. Məsələn, hansısa valideyn istəsə, bizə müraciət edəcək. Klubla əlaqə yaradıb məhz həmin uşaqla bağlı addımlar atacağıq.
- İddia edirsən ki, məhz futbolçunun statistik məlumatlarının toplanması ciddi inkişafa gətirib çıxaracaq? Yoxsa köməkçi layihələr də var?
- Əlbəttə, yalnız statistik göstəricilər işə yaramaz. Burda valideyn, uşaq və məşqçi birliyi olmalıdı. Hədəfimiz onların daha real qənaətə gəlməsinə yardım etməkdi. Burda əsas məsələ məlumatları düzgün dəyərləndirmək və potensialı dəqiq qiymətləndirməkdi. Bunu biz etmirik. Təbii ki, məşqçilərin də işə məsuliyyətli yanaşması zəruridi. Bilindiyi kimi, məşqlər həyatın qısa vaxtını əhatə edir. Növbəti vəzifə isə valideynin üzərinə düşür. Uşaq məşqdən sonra hansı işlə məşğul olur, necə qidalanır, psixoloji durumu hansı vəziyyətdədi? Bu suallara cavab axtarmaq üçün əlavə işlər görəcəyik. Heyətimizdə riyaziyyatçı, dietoloq, psixoloq və həkimlər də olacaq. Lakin hələ ciddi addım atmamışıq. Dediyim kimi, bəzi məsələlər həll olunmalıdı. Klublarla danışıb daha geniş müzakirələr aparmaq lazımdı.
- Görünür, ciddi büdcəyə ehtiyac var. Hansısa sponsorla danışıq gedir?
- Xeyr, bu günə qədər hansı işlər görülübsə, öz maliyyəmizlə öhdəsindən gəlmişik. Çox güman, bir müddət belə olacaq. Əsas məsələ, bizə müraciətlərin olmasıdı. Bu prosesi asanlaşdırmaq üçün “afpc.az” saytı tezliklə istifadəyə veriləcək. Portalda qeydiyyatdan keçən futbolçuların profilləri olacaq. Hesablarda oyunçuların göstəriciləri hər dəfə yenilənəcək və dəyişikliklərlə bağı videolar yerləşdiriləcək. Vurğulayım ki, belə məlumatlar məxfi olacaq, yəni ictimaiyyətlə paylaşılmayacaq. Çünki məqsəd həmin dataları yaymaq yox, onlardan istifadə etməklə inkişaf xəritəsinin çıxarılmasıdı.
- Mərkəzin bazası harda yerləşir?
- Hələ ki yoxdu. Amma bəzi sahibkarlarla danışıb uyğun ərazidə məskunlaşmaq istəyirik. Bizə geniş yer lazımdı. Orda həm uşaqları qəbul edə bilək, həm də işçi kollektivimiz birlikdə rahat çalışsın.
- Layihənin məğzi aydın oldu. Görüləcək işlərin uşaq futboluna faydalı olacağı bəllidi. Bəs ideyanın ilham mənbəyi nə oldu?
- Uşaq futbolunda ciddi çatışmazlıqlar var ki, biri də bizim aradan qaldırmağa cəhd göstərəcəyimiz məsələdi. Düzdü, vəziyyəti bizdən daha pis olan ölkələr də var. Amma yuxarı pillələrdə qərarlaşanlardan nəsə götürməliyik. Məsələn, son aylarda Arda Gülərin “Fənərbaxça”dan “Real”a keçidi gündəm oldu. Onun yaxşı futbolu göz önündə idi. Amma o səviyyənın hansı əziyyətin nəticəsi olduğunu çox demir. Burda gözdən qaçan, gündəmə gətirilməyən xeyli məsələ var. Qidalanma, psixologiya, məşq prosesi, məsuliyyətli yanaşma, potensialın dəyələndirilməsi və s. və i.a. Vacib meyarları saymaqla bitməz. Bunlardan bəzilərini öhdəmizə götürüb təkmilləşdirməyə çalışacağıq. İdeyamız Azərbaycanda ilkdi. Ümid edirəm ki, layihəmiz futbolçuların həm də başqa ölkələrə transfer edilməsini asanlaşdıracaq. Şübhəsiz, hədəflər reallaşsa, tezliklə əziyyətin bəhrəsini görəcəyik.
- Kiçik addımlar fonunda başqa hansı işlər görülür?
- Layihə maraqla qarşılanıb, bir çox müraciət var. Valideynlər zəng edir, maraqlanır. Düzdü, çoxunun ilk sualı qiymətlə bağlı olur. Fikrimcə, bu düzgün yanaşma deyil. Biz onlarla danışanda özümüz haqda məlumat verməyi üstün tuturuq. Məqsədimizi izah edirik. Bu onları qane etsə, başqa məsələləri də müzakirə edirik.
- Fikirlərindən və layihədən aydın olur ki, uşaq futbolunun acı reallıqlarından xəbərdarsan. Səncə, vəziyyətin belə çətin olmasının səbəbi nədi?
- Çoxlu səbəb var. Lakin mən məhz öz sahəmlə bağlı çatışmazlıqları deyə bilərəm. Fikrimcə, məşqçilər işə daha peşəkar və məsuliyyətli yanaşmalıdı. Uşağı futbolçu kimi hazırlamaq istəyirsənsə, özün də məşqçi kimi üzərində işləməyə məcbursan. Bilindiyi kimi, məşqçi həm də müəllim sayılır. Sadəcə, öz bilik və bacarıqlarını aşılamaqla futbolçu yetişdirmək mümkün deyil. Həm də yaxşı psixoloq, araşdırmaçı, müşahidəçi olmalısan, uşaqla qüsursuz münasibət qurmalısan.
- Sonda layihəni necə dəyərləndirirsən?
- Planladığımız kimi irəliləsə, müsbət mənada ciddi dəyişikliklər olacaq. Uşaq, məşqçi və valideyn “üçlüy”ü ilə daim əlaqədə olacağıq. Dediyim kimi, işimizi layiqincə görəcəyimizə əminik. Lakin digər tərəflər də məsuliyyətli yanaşmalı, ortaya nəsə qoymalıdı. Əsas öhdəliyimiz çatışmazlıqları faktlara ortaya qoymaqdı. Bunları aradan qaldırmaq isə sadaladığım şəxslərin işi olacaq. Birlikdə intizamlı çalışsaq, əminəm ki, hər şey yaxşı olacaq.
KƏNAN BAHADIR