Avqustun 4-də premyer-liqanın 2023/24 mövsümü start götürəcək.
Artıq komandalar yeni “futbol ili” üçün hazırlığın son mərhələsindədi. Çempionat iştirakçılarının hərəsinin bir problemi var. Kimi maliyyədən, kimi oyunçu çatışmazlığından əziyyət çəkirsə, bəziləri qeyri-müəyyənlik içindədi. Bunlardan biri də “Sumqayıt”dı.
“Kimyaçılar”la bağlı “Football-plus.az”a maraqlı informasiya daxil olub. Sən demə, “Gənclik şəhəri” təmsilçisi yeni mövsümdə oyunlarını “Kapital Bank Arena”da keçirəcək. “Kimyaçılar” hələlik Mehdi Hüseynzadə adına şəhər stadionunu PFL-ə sifariş verməyib. Çünki arenanın “kimyaçılar”la hansısa bağlılığı yoxdu. Stadion Sumqayıt şəhər İcra Hakimiyyətinin tabeliyindədi.
Prezident İlham Əliyev adı çəkilən şəhərə nə zaman səfər etsə, stadion onda istifadəyə veriləcək. Bundan sonra arena “kimyaçılar”ın ixtiyarına veriləcək. “Sumqayıt” stadiondan istifadə etmək üçün uzunmüddətli müqavilə bağlayacaq.
İLKİN SULTANLI