“Football-plus.az” xəbər verir ki, Vətən Müharibəsi günlərində “Qarabağ”ın mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimovun sosial şəbəkədə yazdığı statusuna görə Avropanın ali futbol qurumu “köhlən atlar”ı 100 min avro cərimələmişdi. İbrahimovun özü isə ömürlük futbol fəaliyyətindən məhrum olunmuşdu.
Avqustun 29-da İAM hansı məsələyə baxacaq? İclasda “Qarabağ”ın 100 min avroluq cəriməsi, yoxsa Nurlanın cəzası müzakirə olunacaq? Sualımızı Ağdam təmsilçisinin sabiq rəsmisinin vəkili Fərid Haqverdiyevə ünvanladıq. Tanınmış idman hüquqşünası məsələ ilə bağlı bunları söylədi:
“Bu, köhnə məsələdi. Nurlanla “Qarabağ”ın işini ayırmışdılar. UEFA Ağdam təmsilçisini 100 min avro cərimələmişdi. Nurlanı isə ömürlük futboldan uşaqlaşdırmışdılar. İbrahimovun məsələsi bitdiyi üçün “Qarabağ”la bağlı iş dondurulmuşdu. Nurlanla bağlı yekun qərar verilib. Bu səbəbdən də avqustun 29-da “Qarabağ”ın şikayətinə baxılacaq. Klubun vəkili mən deyiləm. Özlərinin hüquqşünası var: Qaye Qürur Günal. Şikayəti də elə həmin şəxs etmişdi. İclasda məsələyə yenidən baxılacaq. Yekun qərarın verilməsi isə, yəqin ki, bir il çəkəcək”.
İLKİN SULTANLI




