Yaxşı-pis daha bir mövsümü geridə qoyduq.
Klublar indidən yeni “futbol ili”nə hazırlaşır. Əksər mütəxəssislərin fikrincə, premyer-liqada geridə qalan mövsüm maraqlı keçdi. Oyunların yayın hüququ isə, bildiyiniz kimi, “CBC Sport” kanalına məxsusdu. Görəsən, telekanal son mövsümün yekunları və yeni mövsümün planları ilə bağlı nə düşünür? Xəbərlər Departamentinin rəhbəri Şəmsəddin Abbasovla söhbətləşdik…
- 2022/23 mövsümünü "CBC Sport" üçün necə dəyərləndirərdiz?
- Yaxşı. Çox maraqlı çempionat izlədik. Biz də bacardığımız qədər, demək olar ki, bütün oyunları yayınlaya bildik. Əsasən də son turlarda keçirilən oyunları canlı keçidlərlə tamaşaçılara təqdim etdik. Bizim üçün xoş oldu. İzləyicilərimiz tərəfindən də yaxşı qarşılandı. Yenə deyirəm, çempionat oyunlarının 98 faizini canlı yayınlaya bildik. Bu da “CBC Sport”un kollektivini çox sevindirdi. İnşallah, yeni mövsümdə premyer-liqa oyunları daha da maraqlı keçəcək. Ümid edirəm ki, yenə bütün görüşləri eyni gücdə, eyni həcmdə tamaşaçılara təqdim edəcəyik.
- Ötən "futbol ili"ndə premyer-liqada VAR sistemi tətbiq olundu. Yeni texnologiyanın ölkə futbolu və “CBC Sport" üçün hansı müsbət və mənfi tərəfləri oldu?
- Düşünürəm ki, bu texnologiya özünü təsdiq etdi. Bir çox hallarda VAR-ın müdaxiləsindən sonra ədalət qorundu. Çempionatdakı oyunlarda qeydə alınan nəticələr daha şəffaf, hansısa böyük hakim səhvləri olmadan oldu. Bizim üçün də bu, yenilik idi. Tam məsuliyyətlə deyə bilərik ki, bu systemin tətbiqi ilə Azərbaycan teleməkanında ilkə imza atdıq. Düzdü, bəzi hallarda bizə hansısa iradlar bildirildi. Etiraf etmək lazımdı ki, hətta “böyük beşlik” ölkələrinin liqalarında VAR sistemi ilə bağlı ciddi narazılıqlar olur. Bəzən hakimlərin qəti qərar verməsi üçün göndərilən görüntülərdə problemlər yaşanır. Amma biz bunun üzərində çox çalışdıq. Hakimlər Komitəsi, AFFA, PFL də bizə VAR sistemi ilə bağlı hansısa ciddi irad bildirmədi. Hər şey qaydasındadı. Yeni mövsümdə də eyni qaydada öz işimizi davam etdirəcəyik.
- Sırf çempionat oyunlarını nəzərə alsaq, premyer-liqada 180 görüş keçirildi. Bunlardan ümumilikdə 90-ı bölgələrimizdə baş tutdu. Yola xərclənən zamanı, texniki problemləri nəzərə alanda hansı çatışmazlıqlar oldu?
- Təbii ki, çox çətin idi. Demək olar ki, heyətimiz bir yerdə durmur. Sadəcə, son statistikanı sizə deyim. Yanvardan iyuna kimi səyyar tipli stansiya, demək olar ki, fasiləsiz işlədi. Çünki ölkə futbolundan başqa, həftəiçləri voleybol üzrə həm kişilər, həm də qadınlar arasında yarışlar keçirildi. Basketbol, futzal üzrə ölkə çempionatları da bizdə yayınlandı. Bütün bu oyunları da həmin heyətlə yayınlayırıq. Demək olar ki, “CBC Sport”un səyyar tipli studiyasında çalışanlar, şərhçilər qrupu, muxbirlər boş durmurlar. Bu, bizi sevindirir. Amma sözsüz, əlavə çətinliklər yaradır. Mövsümün axırında yorğunluq da hiss olunur. Biz də çalışırıq ki, iyun, iyul aylarında heyətə vaxt ayıraq. İşlərimiz tək bunlarla bitmir. Bölgələrdə müxtəlif yarışlar keçirilir. Şuşada basketbol üzrə 3x3 oyunları baş tutdu. Bizim heyət həmin oyunları yerindən çəkiliş edərək işıqlandırdı. Yəni “CBC Sport”in işi ölkə futbolu ilə məhdudlaşmır. Başqa federasiyalarla əməkdaşlıq çərçivəsində də səfərlər olur. Düzdü, çətinlik çəkirik. Lakin bu, bizim işimizdi. Çalışırıq ki, öhdəliyimizi şərəflə yerinə yetirək.
- Mediada kanalla bağlı çoxlu söz-söhbət gəzdi. "Maddi problemlər var", "CBC Sport" bağlanır", "Kanala yeni rəhbər axtarılır" kimi xəbərlər tirajlandı. Bəzi departamentlərinizin bağlanması bu söz-söhbətlərin çoxalmasına səbəb oldu. Həqiqətən də "CBC Sport"da hansısa problemlər var?
- Mediada olan söz-söhbət bizim üçün çox sıxıcıdı. Çünki reallığı əks etdirmir. Bir çox hallarda şayiələr üzərində qurulan məlumatlardı. Biz bu məsələlərə həmkarlarımıza hörmət edərək hansısa münasibət bildirmirdik. İndi siz soruşursuzsa, buna cavab verək. Çox xahiş edirəm, bundan sonra belə məlumatlar olanda ən azı özümüzlə əlaqə saxlasınlar, doğru olub-olmadığını öyrənsinlər. Zaman hər şeyi açıq şəkildə göstərir. İndi bilirik ki, hansı xəbərlər doğrudu, hansılar şayiə üzərində qurulub. Bu gün “CBC Sport”da hansısa problem yoxdu. Deyirlər ki, maliyyə məsələsində çatışmazlıq var. Bu gün “CBC Sport” 3-cü Avropa Oyunlarını ölkə ərazisində yayınlayacaq. Bu yarışın yayın hüququnu almaq, təbii ki, maliyyə tələb edir. Göründüyü kimi, hansısa ciddi problem yoxdu. Bundan başqa, “Uimbldon” tennis turnirinin yayın hüququnu almışıq – “Böyük dəbilqə” seriyasına daxil olan ən böyük tennis yarışıdı. Hansısa maliyyə problemi varsa, belə nüfuzlu yarışı necə ala bilərdik? Bunu bacarmaq çətin olardı. Bəli, bizdən ayrılanlar oldu. “CBC Sport”da bir department tam şəkildə bağlandı. Lakin bu məsələlər daxili strukturla bağlı idi. Şərhçilərimiz, muxbir, redaktor, texniki heyətimiz maaşını vaxtı-vaxtında alır, hansısa gecikmə yoxdu. Bunu hamı təsdiqləyə bilər. Bütün şəraitimiz var. Rəhbərlik öz yerindədi.
- Avqustda Azərbaycanda yeni futbol mövsümü başlayacaq. "CBC Sport"da hansı yeniliklər olacaq?
- “Araz Naxçıvan”ın Misli premyer-liqasında iştirakı böyük sevinc doğurur. Buna qədər biz Naxçıvanda ölkə kubokunun finallarının çəkilişlərini etmişik. Ordan hansısa oyunu yayınlamaq çox çətindi. Logistika problemləri, avadanlığın ora aparılıb-gətirilməsi var. “Araz Naxçıvan” rəhbərliyi ilə fəal danışıq aparırıq. Yayının keyfiyyətli olması üçün “CBC Sport” tərəfindən deyilən məsələləri həll edirlər. Hazırda orda tikinti işləri gedir. VAR, çəkiliş qrupu otağı, kameraların qurulması baxımından müxtəlif nöqtələr lazımdı. Naxçıvana səfər etmişik və bütün qeydlərimizi onlara bildirmişik. “Araz Naxçıvan” klubu sağ olsun, bütün bu işləri öz boynuna götürüb. Yeniliklərdən biri məhz Naxçıvanda canlı yayınların təşkilidi. Yeni mövsüm başlayır. Səfərlərimiz, çətinliklərimiz olacaq. Amma bütün bunlara hazırıq. İnanırıq ki, ciddi problemlərlə üzləşməyəcəyik. PFL-in işini də qeyd etmək lazımdı. Biz həmişə onlarla sıx əməkdaşlıq edirik. Mövsüm ərzində bu qurumun qayğısını hiss edirik.
- Ötən illərdə telekanal klublarımızın təlim-məşq toplanışı keçdiyi düşərgələrdən reportajlar hazırlayırdı. Yayda da bu ənənə davam edəcək?
- Bu təcrübədən qış fasiləsində istifadə olunur. Hazırda yeni mövsümə hazırlaşırıq. Əməkdaşlarımız dincəlir. Çalışırıq ki, mümkün qədər onlara sərbəstlik yarada bilək. Sözsüz, təlim-məşq toplanışlarından olan görüntüləri tamaşaçılara çatdıracağıq. Bunun üçün klublarla danışıqlar aparırıq. Düzdü, onların düşərgəsinə getmək haqda da düşünürük. Amma yenə də qeyd edim ki, yay aylarında əsas pioritet texnikanı nəzərdən keçirmək, onu yeni mövsümə hazırlamaqdı. Digər tərəfdən də əməkdaşlarımızın istirahətlərinə şərait yaratmaqdı. Çünki uzun marafona çıxırıq.
- Klublarımızın avrokubok oyunlarının yayınında hansısa problem olmayacaq? Bütün oyunları "CBC Sport"da izləyə biləcəyik?
- Hər il olduğu kimi, mövsümün sonunda avrokuboklara vəsiqə qazanmış bütün klublara məktub göndəririk. Burda Avropa turnirlərinin təsnifat mərhələrində onlarla əməkdaşlıq etmək istəyimiz qeyd olunur. Hələ ki danışıqlar gedir. Lakin böyük ölçüdə avrokuboklardakı komandalarımızın bir çox oyununu biz göstərəcəyik. Buna hazırıq. Lakin sözsüz, təsnifat mərhələsinin yayın hüququ klublarımıza məxsusdu. Bu səbəbdən də onlardan cavab gözləyir, fikirlərinə hörmətlə yanaşırıq. Əsas odu ki, onlar rahat şəkildə avrokuboklara hazırlaşıb qələbələr qazansınlar. Bununla da bizi sevindirsinlər.
- 2023/24 mövsümündə yeni xarici çempionat və ya hansısa turniri yayınlayacaqsız?
- Əvvəllər yayınladığımız bütün çempionatlar bizdə qalır. Yeni çempionatların əldə olunmasını çox istərdik. Lakin efir qrafikini və vaxtı nəzərə almaq lazımdı. Yeni çempionatı alıb yayınlamamaq düzgün olmazdı. Deyərdim ki, bizim efir torumuz həm yerli, həm də xarici çempionatlarla tam dolub. Bu səbəbdən də yeni mövsümdən hansısa yarışın göstərilməsinə ehtiyac duyulmur. Bayaq qeyd etdiyim kimi, 3-cü Avropa Oyunlarının görüşlərini yay aylarındakı boşluğu nəzərə alaraq tamaşaçılarımıza təqdim edəcəyik. Bütün idmançılarımızın çıxışını göstərməyə çalışacağıq. “Uimbldon” turnirini, yüngül atletikada ən nüfüzlu yarış olan “Brilyant Liqa”nı və bizdə olan bütün futbol paketlərini yayınlayacağıq. Bura yığmamızın bütün yaş qruplarının görüşləri, Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası, Millətlər Liqası, Avropa çempionatının təsnifat mərhələsinin, İtaliya və İspaniya liqalarının qarşılaşmaları daxildi. Bundan əlavə, həmin yarışların gündəlik icmalları da var. Bu baxımdan bizim efir torumuzda hansısa boşluq yoxdu. Yeni ildən etibarən yerli yarışlara da üstünlük verəcəyik. Bir çox yerli federasiyalarla əməkdaşlıq edirik. Burdan həmin qurumlara təşəkkür etmək istəyərdim. Gənclər və İdman Nazirliyi bizə dəstək olur. Bir çox beynəlxalq yarış AGİN-in dəvəti ilə bizə həvalə olunur. Əvvələr bu yarışlara səfərləri özümüz edirdiksə, indi nazirliyin dəstəyi ilə edirik. Avropa Oyunlarında da ayrıca çəkiliş qrupumuz olacaq. Operator və müxbir Polşaya yollanacaq. Ordan tamaşaçılarımıza xüsusi reportajlar təqdim edəcəyik. Yekunda sizə də təşəkkür etmək istəyirəm. Yeni mövsümdə “Futbol+” kollektivinə uğurlar arzulayıram.
İLKİN SULTANLI