Qızlardan ibarət U-19 yığmamızın rəqibləri müəyyənləşib.
B Liqasında mübarizə aparacaq komanda 3-cü qrupda yer alıb. U-19 A Liqasına vəsiqə qazanmaq uğrunda Sloveniya, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 8, 11, 14 noyabr tarixlərində Sloveniyada keçiriləcək."Football-plus.az" saytı olaraq yığmanın baş məşqçisi Həbib Ağayevdən qrupu dəyərləndirməsini istədik:
"Bizim üçün hər seçmə mərhələ ağır keçdiyi kimi, bu dəfə də püşkdə keyfiyyətli komandalarla bir qrupa düşmüşük. Bir az araşdırsaq, görərik ki, ev sahibi olacaq Sloveniya A divizionunda İspaniya və İngiltərənin yer aldığı qrupda sonuncu olaraq B divizionuna düşüb. Qeyd edim ki, ötən mövsüm A divizionunda Slovakiyanı rahat məğlub etmişdilər. Sonradan həmin Slovakiyaya qarşı bizim çox çətin oyunumuz oldu.
Kosovo B divizionunda hər tsikldə qrupda yalnız bir oyunda büdrəyərək A divizionuna qalxmaq şansını itirir.
Moldova da sonuncu dəfə qrupda 4 xal yığıb və sadəcə, Türkiyəyə məğlub olub.
Qısa məlumatdan bu qənaətə gəlmək olar ki, bizi yenə də asan olmayan qrup oyunları gözləyir. Əlimizdən gələni etməyə çalışacağıq.
Bu yaş qrupu dəyişərək 2005-06-cı il təvəllüdlü qızlardan ibarət komanda formalaşdı. Tsikldı mənim üçün yeni olan bu yaş qrupu ilə mübarizə aparacağıq. Qızlarımızı mümkün olduğu qədər kondisional, texniki və taktiki hazırlaşdıraraq dəyərli vaxtdan istifadə edəcəyik".
ABDULLA İSMAYILOĞLU