Misli premyer-liqasında 35-ci tura yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, "Şamaxı" "Qəbələ"ni qəbul edib - 0:0. Oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Vüqar Əsgərlinin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
"Əks-hücumlarda oynamağa çalışırdıq. "Qəbələ"yə də xal lazım idi, ehtiyatlı oynadılar. Təəssüflər olsun ki, qalib gələ bilmədik. Amma futbolçularım əzmkarlıq nümayiş etdirdi. Hər şey son tura qaldı. "Səbail" haqda çox danışmaq olar. Son turlarda möhtəşəm oynayırlar. Yaxşı legionerləri, yerliləri var. Bizi finalda da çətin oyun gözləyir. Bu matçı unudub, sabahdan "Səbail"lə görüşə hazırlaşacağıq".
- Tovuzdakı matçda "Səbail"in son dəqiqədə vurduğu bərabərlik qolunu necə qarşıladız?- Sözün düzü, heç baxmırdıq hesaba. Bütün məşqçilər bir-birimizə söz vermişdik ki, sırf oyunumuza köklənək. Oyundan sonra mətbuat xidmətinin rəhbəri bəd xəbər verdi. Futboldu da.
- Premyer-liqada qalmaq üçün son görüşdə qalib gəlməlisiniz. Psixoloji gərginlik ola bilər?- Düzdü, evdə oyunlarımız çox yaxşı alınırdı. Azarkeşlərimiz sağolsunlar, dəstək olurdular. İnanırıq ki, azarkeşlərimiz bizi "ASCO Arena"da tək qoymayacaq. Finala bərabər oyuna çıxacağıq. İstəyərdik ki, yanımızda olsunlar.