"Zirə"də "100"ü keçən 3-cü futbolçu

15.05.2023 11:34 227
Ölkə futbolu
Anar Nəzirov “Zirə”nin heyətində 100-cü çempionat oyununu keçirib. 38 yaşlı qapıçının yubileyi Misli premyer-liqasının 34-cü turuna təsadüf edib.

"Football-plus.az" xəbər verir ki, o, “Kəpəz”lə ev matçında (1:1) 90 dəqiqə meydanda olub.

Anar klub tarixinə premyer-liqada 100 və daha çox görüşdə iştirak edən 3-cü futbolçu kimi düşüb. Ona qədər yalnız İlkin Muradovla (114) Təmkin Xəlilzadə (102) buna nail olub.

2015-19-cu illərdə “Zirə”nin formasını geyinən Nəzirov 2021-ci ildə yenidən komandaya qayıdıb. O, bu matçlarda 111 qol buraxıb.

Qeyd edək ki, Anarın “qartallar”ın heyətindəki ilk çempionat qarşılaşması 2015-ci il avqustun 9-da baş tutub. “Zirə” Premyer Liqadakı debüt görüşündə AZAL-a 1:0 hesabı ilə qalib gəlib.