"Bütün planlar görüşdən sonra bəlli olacaq"

14.05.2023 23:51 301
Premyer-liqa / Manşet
Sayca 31-ci Azərbaycan çempionatının sonuna yaxınlaşırıq.

Bu gün 34-cü turu başa çatan Misli premyer-liqasında artıq mükafatçılar bəllidi. Bu turadək "Neftçi" 3-cü pilləni təmin etmişdi. Dünən isə "Səbail"i 3:0 hesabı ilə üstələyən "Qarabağ" çempionluğunu rəsmiləşdirdi. Bu, "Sabah"ın gümüş medalçı olduğunu da təsdiqlədi.

Mükafatlandırma mərasiminin nə zaman və harda olacağı sual doğurur. Bu səbəbdən PFL-in Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayevlə əlaqə saxladıq. Onun "Football-plus.az"a açıqlaması belə oldu:

"Görünən odu ki, ilk 3 pillənin sahibi son turda Bakıda oynayacaq. Ona görə də ənənəvi tərzdə tədbir keçiriləcək. Lakin hazırda vaxtla bağlı dəqiq bir şey demək mümkün olmayacaq. Bunların hamısı PFL-in idarə heyətinin iclasında müəyyənləşəcək. Bütün planlar görüşdən sonra bəlli olacaq. Mükafatlandırma mərasiminin vaxtı isə iclasın yekun qərarından sonra açıqlanacaq".

İSMAYIL XEYRULLAYEV