Rusiya ilə Ukrayna arasındakı münasibətlərin pozulmasından sonra iki ölkəylə bağlı futbolda da diqqətçəkən hallar yaşanır.
Məsələn, bu yaxınlarda ingiltərəli şərhçi “Marsel”in ukraynalı üzvü Ruslan Malinovskini “rusiyalı” adlandırdığına görə üzr istəməli olmuşdu. Eləcə də Malinovski özü bu yaxınlarda “Monako” ilə oyundan sonra rusiyalı Aleksandr Qolovinlə qucaqlaşdığına və səmimi görüntülər verdiyinə görə həmyerlilərindən üzr istəmişdi. İndi də bənzər hadisə Türkiyə torpaqlarında yaşanıb. Bu dəfə bu iki ölkənin klubları arasında dava-dalaş düşüb.
Söhbət Rusiyanın 1-ci liqasında çıxış edən “Şinnik”lə Ukraynanın yüksək dəstəsində oynayan “Minay”dan gedir. “Minay” yalnız 2015-də yaradılan, 2018-də peşəkar status alan və elitada cəmi 2-ci mövsümünü keçirən Zakarpatye təmsilçisidi. Hər iki klub Antalyadakı “Royal Segunis” adlı oteldə məskunlaşıbmış. Futbolçular arasında kütləvi dava yaşanıb. Versiyalar fərqlidi. Hər bir klub digərini günahkar çıxarmağa çalışır. Məsələn, rusların versiyasına görə “Minay”ın üzvləri oteldə qarşılarına çıxan “Şinnik”in direktorundan Ukrayna himnini oxumağı tələb ediblər. Həmin direktor bunun cavabında futbolçuları “razborka” üçün oteldən çıxmağa çağırıb. Amma otel işçilərinin müdaxiləsindən sonra ara sakitləşib. Çox keçməmiş “Minay”ın futbolçularının olduğu liftə “Şinnik”in bir oyunçusu minib. “Minay”lılar həmin oyunçunu döydkdən sonra “Şinnik”li futbolçular qisas almaq üçün onların üstünə hücum çəkib.
Qarşı tərəfin versiyası isə tam fərqlidi. Ukrayna klubunun iddiasına görə, hər şey “Şinnik”in bir futbolçusunun sərxoş vəziyyətdə ola-ola, otelin xanım işçisinə söz atması ilə başlayıb. Həmin hadisənin şahidi olan “Minay”ın üzvü bu futbolçuya xəbərdarlıq etdikdən sonra onlar əlbəyaxa olublar. Dava sonradan böyüyüb və qrup halında davam edib. Bu versiyanı “Minay”ın rəsmisi Aleksandr Kostyuk da təsdiqləyib. Onun sözlərinə görə, “Şinnik”in sərxoş üzvü otelin xanım işçisinə “ilişməyə” başladıqdan sonra “Minay”ın futbolçusu ona etirazını bildirib. “Şinnik”in oyunçusu komanda yoldaşlarını da hadisə yerinə dəvət etdikdən sonra onlar “Slava Rossii” (yaşasın Rusiya) qışqıraraq qarşı tərəfi təxribata sürükləməyə çalışdılar. “Metaratings” saytı isə iddia edir ki, kütləvi davaya heç bir kluba aidiyyatı olmayan adi bi turist səbəb olub. Onun Rusiyanın lehinə şüarlar səsləndirməyə başlamasından sonra ukraynalı oyunçular da öz ölkələri üçün şüarlar səsləndiriblər və çox keçmədən aləm bir-birinə dəyib.
Ən real görünən versiya “Şinnik”in üzvünün sərxoş halda tualeti çirkləndirməsi və bu üzdən onunla otelin xanım işçisi arasında mübahisə yaranmasıdı. Təsadüfən bunun şahidi olan “Minay”ın futbolçusu da həmin mübahisəyə qoşularaq xanımın tərəfini tutub. Ukrayna klubunun həmin oyunçusunun adı da məlumdu. Bu, 21 yaşlı hücumçu Daniil Kolesnikdi. Düzdü, “Şinnik”in mətbuat katibi İqor Merejin futbolçulardan heç kimin ciddi xəsarət almadığını deyib. Amma şaiyələrə inansaq, otelə hətta tibbi yardım maşını da çağırılıb. “Şinnik”in 4 üzvü – İlya Qruznov, Dmitri Samoylov, Mixail Filippov və Artyom Semeykinin ciddi zədə aldığı deyilir. Semeykin kəllə-beyin zədəsi alıb. Bundan başqa, “Şinnik”in daha bir üzvü – Daniil Petrunin liftdə döyülüb. Barmaqları və qabırğaları qırılanlar da var.
Ukrayna mətbuatının yazdığına inansaq, “Minay” rəsmiləri əvvəlcədən xahiş etmişdilər ki, onların qaldığı oteldə heç bir Rusiya klubu olmasın. Amma Türkiyədə zəlzələdən sonra otellərlə bağlı problem yaşanır. Zəlzələdən sonra evsiz qalan insanların müəyyən hissəsini otellərə yerləşdiriblər. Hərçənd “Şinnik”in baş direktoru Sergey Kulakov bu iddianı təkzib edib. Onun dediyinə görə, Yaroslavl təmsilçisi hələ ötən ilin noyabrından həmin oteldə yerlər sifariş veribmiş və əksinə, məhz ruslar otelin sahiblərindən ora Ukrayna klublarını buraxmamağı xahiş edibmiş. O, ilk günlərdə oteldə Ukrayna klubunun olmadığını, “Minay”ın isə ora sonradan gəldiyini deyib. Həqiqətən də Rusiya və Ukrayna klubunun eyni otelə yerleşdirilməsinin səbəbi qaranlıq qalır. Çünki ötən ilin yayından başlayaraq Türkiyənin istirahət zonalarındakı otellərə bu iki ölkənin təmsilçilərini eyni vaxtda qəbul etməmək məsləhət görülüb. Çox güman, “Şinnik” artıq oteli tərk etmək üzrə idi. “Minay” isə ora yeni gəlmişdi. Otel sahibləri düşünüblərmiş ki, onların yollarının kəsişəcəyi bir-iki gün ərzində ciddi olay baş verməyəcək...
“Şinnik”in baş direktoru Sergey Kulakovun sözlərinə görə, klub artıq həmin oteli tərk edərək başqa otelə yerləşib. Amma bu addım məcburi şəkildə atılmayıb. “Şinnik” öz istəyi ilə bunu edib. Bundan başqa, Rusiyanın “PARİ” şirkəti baş vermiş hadisəyə görə “Şinnik”in xərclərini öz boynuna götürüb.