Sumqayıt - Şamaxı 1:0 (1:0)
13. Aydın Bayramov - 5,0
14. Elvin Bədəlov - 4,5
12. Todor Todoroski - 5,0
6. Vüqar Mustafayev (k) - 5,0
8. Səbuhi Abdullazadə - 5,0
17. Murad Xaçayev - 5,0
23. Kamran Əliyev - 4,5
(37. Alya Ture, 81) - qiymətsiz
9. Kərim Abubakar - 5,5
7. Terrens Tisdel - 5,0
(18. Süleyman Əhmədov, 90) - qiymətsiz
71. Masaki Murata - 5,0
10. Vüsal İsgəndərli - 5,0
Ehtiyat oyunçular
25. İlnur Valiev
32. Murad Ağamalıyev
24. Elşən Abdullayev
21. Nihad Əhmədzadə
20. Ayxan Süleymanlı
11. Rüfət Abdullazadə
5. Stiven Pereyra
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Kərim Abubakar
1. Rəşad Əzizli (k) - 5,0
18. Cəlal Hüseynov - 4,0
83. Nihad Quliyev - 5,0
15. Emin Zamanov - 5,0
(29. Ramin Əhmədov, 79) - qiymətsiz
5. Rəhman Daşdəmirov - 5,0
16. Fuad Bayramov - 5,0
27. İbrahim Aslanlı - 5,0
(79. Emil Qasımov, 86) - qiymətsiz
90. Əli Səmədov - 4,5
(22. Elçin Mustafayev, 46) - 4,5
70. Bahadur Həziyev - 5,5
(10. Elvin Məmmədov, 79) - qiymətsiz
11. Kamran Quliyev - 5,0
9. Amil Yunanov - 4,5
(23. Rövşən Şahmuradov, 46) - 4,5
Ehtiyat oyunçular
12. Əkpər Vəliyev
62. Abdulla Seydəhmədov
2. Rauf Hüseynli
14. Uğur Cahangirov
17. Elçin Rəhimli
8. Kamal Mirzəyev
21. Qurban Səfərov
80. Zahid Mərdanov
Baş məşqçi: Vüqar Əsgərli
Komandanın ən yaxşısı: Bahadur Həziyev
Qol: K.Abubakar, 24 (M.Xaçayev).
Vərəqələr: C.Hüseynov, 45 (qeyri-idman hərəkəti). E.Bədəlov 48 (qeyri-idman hərəkəti). R.Əzizli, 90 (hakimin qərarına etiraz). A.Bayramov, 90+2 (oyunun bərpasını ləngitmək) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov (hamısı Bakı).
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Kamranbəy Rəhimov (Bakı).
Hakim-inspektor: Barış Şimşək (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
12 fevral. Sumqayıt. “Kapital Bank Arena”. 1200 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Hər iki komanda çempionatın ikinci yarısına eyni nəticə ilə başlamışdı: 1 qələbə, 2 məğlubiyyət. Odu ki, bu qarşılaşmada yaxşı nəticəyə köklənmələri şübhə doğurmurdu.
Oyunda ilk təhlükə isə qonaqlardan gəldi. 3-cü dəqiqədə Fuad Bayramov qapını nişan alsa da, top yandan keçdi. Bir qədər sonra Amilin ötürməsindən sonra Bahadurun qüvvətli zərbəsi hədəfə düşmədi. Meydan sahiblərinin heyətində Mustafayev, Tisdel, İsgəndərli, qonaqlarda isə Yunanov, Aslanlı, Səmədov, Quliyev və Bayramov fəallığı ilə seçilirdi. "Kimyaçılar"ın ilk həmləsi Vüqar Mustafayevdən gəldi. Kapitanın qüvvətli zərbəsi Tisdelə dəyərək qapının üstündən keçdi. "Şirlər" buna Aslanlının qapı önünə asması və Yunanovun qeyri-dəqiq baş zərbəsi ilə cavab verdi. 21-ci dəqiqədə Kamran Əliyevin zərbəsindən sonra top Nihad Quliyevin əlinə dəydi ki, belədə baş hakim “nöqtə”ni göstərdi. VAR-a baxandan sonra isə futbolçu yerdə olarkən top dayaq əlinə dəydiyindən penalti qərarı ləğv olundu. "Şamaxı"nın sevinci, "Sumqayıt"ın məyusluğu çox çəkmədi. 24-cü dəqiqədə Xaçayev uzun ötürməylə Abubakarı “gördü”. Qanalı futbolçu müdafiəçilərdən sıyrılaraq iti bucaq altından qarşısıalınmaz zərbəylə hesabı açdı. Qoldan sonra "kimyaçılar" daha sakit, ehtiyatlı oynamağa, qonaqlar isə topa nəzarət etməklə rəqibin qapısına yol tapmağa çalışırdı. Epizodların birində Aslanlı cərimə zərbəsindən fərqlənə bilmədi. Kamran Quliyevin baş zərbəsi də qeyri-dəqiq alındı. 45-ci dəqiqədə Rəhman Daşdəmirovun cərimə nöqtəsindən qapı önünə asmasına Nihad Quliyev yüksəlib zərbə endirsə də, Aydın Bayramov komandasını real qoldan xilas etdi. Bir sözlə, ilk yarı qonaqların üstünlüyü şəraitində keçsə də, fasiləyə meydan sahibləri üstün yollandı.
İkinci yarıda ilk təhlükəli vəziyyəti "kimyaçılar" yaratdı. 47-ci dəqiqədə Elvin Bədəlov uzun ötürməylə rəqib müdafiəçilərdən uzaqlaşan Vüsal İsgəndərlini “gördü”. "10” nömrə bir qədər irəliləyib əlverişsiz mövqedən zərbə vursa da, qapıçı topu dəf etdi. Tisdelin təkrar vuruşu isə bərbad alındı. Bu dəqiqələrdə meydan sahiblərinin heyətində Murata, qonaqlarda Həziyev fəallığı ilə seçilirdi. Təxminən 13 dəqiqə mübarizə meydanın mərkəzində getdi. Oyunun 1 saatının tamamından sonra isə "Şamaxı" təşəbbüsü ələ aldı. Qonaqlar oyunu meydanın rəqibə aid hissəsinə keçirməklə qol axtarışında idi. Öncə Emin Zamanovun zərbəsinə Xaçayev özünü sipər edərək qola imkan vermədi. 64-cü dəqiqədə Bahadur müdafiəçiləri çaş-baş salıb zərbə endirsə də, qolkiper qola mane oldu. Bir qədər sonra Aslanlının cərimə zərbəsindən qapı önünə asmasına Kamran Quliyev toxuna bilməyərək real imkanı qaçırdı. Emin Zamanovun həmləsi zamanı da top müdafiəçilərə dəyib kornerə çıxdı. Meydan sahiblərindən isə Tisdelin itibucaq altından zərbəsi qeyri-dəqiq oldu. 83-cü dəqiqədə Cəlal Hüseynovun səhvindən sonra topu ələ keçirən Abubakar dabanla Tisdeli zərbə mövqeyinə çıxarsa da, "7” nömrə yenə hədəfə düşə bilmədi. Matçın sonlarında və uzatma dəqiqələrində "şirlər" nə qədər rəqibi öz qapısına sıxsa da, hesabı bərabərləşdirmək mümkün olmadı. Və hakim final fiti "kimyaçılar"ın qələbəsini rəsmləşdirdi. “Sumqayıt” bu qələbə sayəsində “Şamaxı”nı 7-ci yerdən sıxışdırdı.
Maraqlıdı…
Samir Abasov “Sumqayıt”ı 100-cü dəfə çempionat oyununa çıxarıb. 45 yaşlı mütəxəssis “Şamaxı” ilə ev matçına qədər “gənclik şəhəri” təmsilçisini premyer-liqada 99 sınağa çıxarmışdı. O, 2015-ci ilin oktyabrından 2018-in mayınadək üç mövsüm ərzində 85 çempionat görüşündə “Sumqayıt”ın “sükanı arxasında” olub. 2022-ci ilin sentyabrında komandaya qayıdan mütəxəssis cari mövsümün 15 qarşılaşmasında iş başında olub. Abasovun rəhbərliyi altında keçirdiyi 100 oyunda “Sumqayıt” 33 qələbə qazanıb, 26 heç-heçə edib və 41 dəfə uduzub. Bu matçlardakı top fərqi belədi: 113-135.
Gözdən qaçmadı
* Matçdan öncə stadionda Türkiyə - Azərbaycan qardaşlığı ruhunda mahnılar səsləndirilirdi. Hər iki komandanın futbolçuları qardaş ölkədə baş verən zəlzələylə bağlı dəstəyini nümayiş etdirmək üçün meydana ay-ulduzlu bayrağı əks etdirən futbolka və üzərində "Eşidincə ata yurdda depremi, axdı yaşım, döndü başım, Türkiyə!" yazılan pankartla çıxdı.
* 37-ci dəqiqədə Səbuhi Abdullazadə aut atışını gecikdirdiyinə görə baş hakim "tez ol, at da", - deyə onu tələsdirdi.
* Yerli azarkeşlər Masaki Muratanı "yaponçik", "mura", "nindza" kimi sözlərlə səsləyirdi.
* "Sumqayıt"ın heyətində zədəli olan Dieqo Karioka ilk hissədə jurnalistlərin lojasında əyləşərək oyunu izlədi. Həmçinin matçı izləyələnlər arasında yığmanın baş məşqçisi Canni de Byazi də var idi.
* Sumqayıtlı azarkeşlər Vüsal İsgəndərlinin ünvanına tərif yağdırıb, onu alqışladılar. Futbolçu da eyni şəkildə cavab verdi.
ABDULLA İSMAYILOĞLU