Asiyada 2022-ci ilin ən yaxşı oyunçusunun adı açıqlanıb. Sorğunun nəticəsi təccüb doğurmayıb.
Football-plus.az xəbər verir ki, bu nominasiyada “Tottenhem”in hücumçusu Son Hın Min qalib gəlib.
Koreya yığmasının 30 yaşlı oyunçusu idman jurnalistləri və ekspertlər arasında keçirilən sorğuda 256 xal toplayıb və ardıcıl 6-cı il fərdi mükafata sahib çıxıb. Qeyd edək ki, Son ümumilikdə 8 dəfə qitədə ilin ən yaxşı futbolçusu seçilib.
Səsvermədə hərəyə 120 xal toplayan Mehdi Taremi (“Portu”, İran) və Salem Əl-Davsari (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı) 2-3-cü yerləri bölüşüblər. İlk beşlikdə “Napoli” və Koreya millisinin müdafiəçisi Kim Min Ce ilə “Brayton” və Yaponiya yığmasının yarımmüdafiəçisi Kaoru Mitoma da yer tutub.
Yeri gəlmişkən, Son Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (BFTSF) versiyasına görə də Asiyada 2022-ci ilin ən yaxşı futbolçusu seçilib. 2015-ci ildən “Tottenhem”in formasını geyən hücumçu ötən il yığma ilə DÇ-2022-də də iştirak etmişdi. Qətərdə keçirilən turnirin 1/8 finaladək irəliləyən Hın Minin komandası bu mərhələdə Braziliyaya uduzmuşdu (1:4). Yeri gəlmişkən, o, bu mövsüm bütün turnirlərdə iştirak etdiyi 28 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.