“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Bir vaxtlar layihəmizin qonağı olan Milana Rəhimova bu yaxınlarda Türkiyə klubuna transfer olundu. Həmyerlimiz qardaş ölkənin çempionatında çıxış edən “Şırnak Bələdiyyə 73” komandasının şərəfini qoruyacaq. Görünən odu ki, Azərbaycanda qadın futbolçular arasında yetərincə istedadlar var. Bu sahəyə diqqəti artırmaq, problemlərin həllinə nail olmaqla gələcəkdə daha böyük uğurlar əldə etmək mümkündü. Məhz bu detallar barədə “Xırdalan City” Peşəkar Futbol Klubunun meneceri, C kateqoriyalı məşqçi Ağasəf Osmanlı ilə söhbətləşdik.
- Ağasəf bəy, hazırda ölkəmizdə qadın futbolunun vəziyyəti necədi? Bu sahənin mütəxəssis kimi qadın futbolunun dünəni, bugünü və gələcəyi ilə bağlı nə deyə bilərsiz?
- Ölkəmizdə qadın futbolu “ikinci baharı”nı 2012-ci ildən etibarən yaşayır. Bildiyiniz kimi, həmin il Azərbaycan U-17 komandaları arasında dünya çempionatına evsahibliyi etmişdi. Bu yarışa hazırlıq çərçivəsində 2012-ci ilə qədər də həmin istiqamətdə böyük işlər görülmüşdü. Hazırda Azərbaycan FİFA reytinqində 79-cu yerdədi. Müqayisə üçün bildirim ki, ölkəmizin kişilərdən ibarət milli komandası FİFA-nın reytinq cədvəlində 121-ci yerdədi. Bu məqamın özü qadın futbolu adına ümidli olmağa əsas verir. Milli komandamızın üzvlərinin çoxu hazırda legioner həyatı yaşayır. Onlar arasında “Qalatasaray”, “Fənərbaxça”, “Trabzonspor” və “Zenit” kimi klublarda çıxış edən qızlarımız var. Razılaşaq ki, yetərincə ciddi məqam, ürəkaçan uğurlardı. Bütün bunlar istək və zəhmətlə mümkün olub. Bununla belə, yenə də qadın futbolu Azərbaycanda yetərincə populyar deyil. Düşünürəm ki, qadın futbolu ilə bağlı məlumatlar futbolsevərlərə düzgün formada çatdırılmalıdı. Əlimizdə olan bütün mümkün vasitələrlə qadın futbolunun təbliğatı aparılmalıdı.

- Bu istiqamətdə “Xırdalan City” hansı işlər görür? Bu işlərin müqabilində nə kimi uğurlar qazanılıb?
- “Xırdalan City” hazırda üç liqada çıxış edir. Bu liqalar Yüksək Qızlar Liqası, U-17 və U-12 liqasıdı. Hazır futbolçularla yanaşı, yeni futbolçuların da insan və futbolçu kimi böyümələrini təmin etmək məqsədimizdi. İştirakçısı olduğumuz liqaların ən yaxşı tərəfi region klublarının olmasıdı. Bakı ilə yanaşı, bölgələrdə də qızlar futbolu sevir və bu çətin işin öhdəsindən gəlməyə çalışırlar. Prioritet istiqamət brend kimi az tanınmağımızdı. Klub olaraq bu istiqamətdə işlər görürük. Bütün liqalarda klubumuzun və qızlarımızın tanınması ali məqsədimizdi. Təəssüf ki, qızlar liqasının oyunları televiziya ilə yayınlanmır. Varlığımızı rəqəmsal platformalarda, sosial şəbəkələrdə göstəririk. İnternet böyük resusdu və biz bundan düzgün istifadə edərək insanlara unikal kontent təqdim edirik. Əslində futbol və qadınlar gözəl tandemdi. Komandamız Yüksək Liqada iki oyun az keçirməsinə baxmayaraq, lider “Sumqayıt”dan 3 xal geri qalır. Bu mövsüm 9 oyun keçirmişik, onlardan birində məğlub olmuşuq, bir oyunda heç-heçə oynamışıq. Qalan görüşlərdə qalib gəlmişik. Bizim qızlar çempionluq arzulayır. İnanıram ki, o arzumuza da çatacağıq. Meydandan kənarda isə uğurlarımız tərəfdaşlıqlarla bağlıdı. Yerli biznes strukturları və sahibkarların futbola, futbolçu qızlara dəstək verməsinə ehtiyac var. Futbol pul tələb edən sahədi. Klub olaraq öz büdcəmizi formalaşdırmaq istəyirik. Paralel olaraq futbolçu qadın brendini yaratmaq istiqamətində işlər görürük. Müəyyən razılıqlar var və tezliklə bunu paylaşacayıq. Əlavə olaraq klubumuzun üzvlərini psixoloq təlimləri ilə təmin edirik.

- Xanımların futbolla məşğul olmasına ailələrin yaratdığı problemlər, mentallıq əngəli acı reallıqdı. Sizcə, ona necə qalib gəlmək olar?
- Məlum məsələdi ki, qadın futbolu uzun illər qadağalarla yaşayıb. Ötən əsrin 70-ci illərindən etibarən qadın futbolu bir qədər rahat nəfəs almağa başlayıb. Sovetlər dönəmində də qadınlar futbolla məşğul olub. Amma qadın futbolu olimpiya idman növü olmadığı üçün bir qədər diqqətdən kənar qalıb, müxtəlif dövrlərdə stereotiplərə əsir olub. Belə bir düşüncə var ki, futbol kişi idmanıdı, qadınların fiziologiyası bu işə uyğun deyil. Hazırda bu stereotiplərin dağıdılması FİFA, UEFA və yerli federasiyalar üçün prioritet istiqamətdi. Futbolçu uzun illər çəkilən zəhmətin məhsuludu. Bu yolda onlara dəstək şərtdi. Bəli, belə hallara tez-tez rast gəlinir ki, qızların ailə üzvləri bu işi ciddi qəbul etmir. Qızlar təzyiq altında qalır, futbolla belə məşğul olur. Öz istəkləri ilə ailədəki narazılıqlar arasında qalırlar. Bəzi qızlar mövqe qoyaraq sevdiyi futbolda varlığını davam etdirə bilirlər. Bu isə çox ağrılı olur. Ailə dəstəyi hər bir övlad üçün əvəzsizdi. Bu qızların futbolçu və insan kimi böyümələrini təmin edir. Qızlara həm meydanda, həm də meydandan kənarda dəstək lazımdı. Arzu təbiətin təşviqi, həzz isə təsdiqidi. Qızlarımız bu işə istəklə yanaşır və futbolçu kimi bu oyundan həzz alırlar. İstək qızlar üçün ən vacib kapitalıdı. İstək varsa, ona mane yaratmaq əvəzinə dəstək vermək faydalı olar. Bunun üçün maarifləndirici tədbirlər həyata keçirilə bilər. Qızların futbolda qazandığı uğurlar isə buna təkan verəcək.

- Futbolla təhsilin uzlaşması necə olmalıdı? Gənclərin və yeniyetmələrin idmanla məşğul olması, məşqə getməsi oxumağa mane olurmu?
- Futbol elmə əsaslanan idman növüdü. Öyrənmək müqəddəs vərdişdi. Günümüzün dinamik futbolu isə dəyişikliklərlə zəngindi. Böyüyən, dəyişən futbol özü ilə yeni fürsətlər və çağırışlar gətirir. Futbolla məşğul olub, daha sonra məşqçi, hakim və başqa funksioner kimi işə davam etmək mümkündü. Buna hazır olmaq üçün savadlı idmançılar yetişdirilmədi. Bu dilemma, sadəcə, qadınlara aid deyil. Eyni mənzərənin kişilərlə də misallarda görürük. Valideynlər riskə daha açıq idmanı təhsilə dəyişmək istəyirlər. Bu səbəbsiz deyil. Zədələr, futbolçu kimi qısa ömür, maddi çətinliklər əsas maneədi. Bununla yanaşı, təhsil və futbolu özündə birləşdirən infrastruktur və təlimlər əl çatan olmalıdı. Müasir metodlarla şərait yaradıb, futbol sahəsində effektiv ola bilərik. Vaxt itkisi minimuma endirilməklə onlayn rejimdə zəruri təlim və dərslər ilə təmin edilməsi mümkündü. Bizim klubumuzun üzvü olan bəzi qızlarımız tələbədi. Bəziləri futbol ilə bağlı təhsil alırlar. Bu da onların gələcək planları ilə bağlıdı. Biz isə bütün qızların təhsil alması üçün təbliğat aparırıq. Cəmiyyətə sağlam və təhsilli insanlar qazandırmaq istəyirik.

- Sonda Azərbaycanda qadın futbolunun problemləri və onlardan çıxış yolları barədə təcrübəyə əsaslanan fikirlərinizi bilmək istərdik.
- Futbolu futbol edən insanlardı. Futbol kütləviliklə başlayır. Qızları futbola gətirmək üçün işləməliyik. Ən əvvəl infrastruktura ehtiyac var. Müasir təlim-məşq bazaları, stadionlar, akademiyalar qızların xidmətinə verilməlidi. Liqaların yarışların sayı və iştirakçıları artmalıdı, standartları təmin etməliyik. Sağlam rəqabət üçün şərait yaratmalıyıq. İştirakçı klubların davamlı olması vacibdi. İştirakçıların (futbolçu, məşqçi, hakimlərin) müntəzəm inkişafı təmin edilməlidi. Futbol həm də əyləncədi. Futbolsevərlərə düzgün xidmət göstərərək onların tribunaları bəzəməsini təmin edə bilərik. Düzgün marketinq və piar edərək güclü brendə çevrilmək fürsətimiz də var. Futbolun biznes modelini yaratmalıyıq. Bu işdə yükün əlli faizi sponsorların payına düşür. Keyfiyyət artdıqca televiziya yayım hüququnu da öz bərabərində gətirəcək. Bu isə liqaya və klublara sponsor cəlb edilməsi üçün önəmlidi. Qızların tələbləri qarşılandıqca nəticə də əldə edəcəyik. Bu isə özüylə daha çox maraq yaradacaq. Sosial şəbəkələrdə, internetdə olmaq şərtdi. İstər klublar, istər futbolçular bu istiqamətdə işlər görməlidirlər. Klub olaraq bu istiqamətdə hər hansı dəstəyi verməyə hazırıq. Birlikdə uzun məsafə qət etmək mümkündü. Görülən bütün işlər qızların xoşbəxtliyi, qadın futbolunun inkişafı üçündü.
İLKİN SULTANLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.