Xorvatiya millisinin sabiq baş məşqçisi Miroslav Blajeviç dünyasını dəyişib. O, fevralın 8-də vəfat edib.
Yaşasaydı fevralın 10-da 88 yaşı tamam olacaqdı. Amma uzun sürən xəstəlik buna imkan vermədi. 2011-ci ildən xaya xərçəngindən əziyyət çəkən mütəxəssisin məşqçilik karyerası 1968-2015-ci illəri əhatə edib. Blajeviç bir çox yerli və xarici ölkə klubları ilə yanaşı 1994-2000-ci illərdə Xorvatiya yığmasını də çalışdırıb. Milli komanda onun rəhbərliyi altında AÇ-1996-da 1/4 finala çıxıb, 1998-ci ildə Fransada keçirilən dünya çempionatında isə 3-cü yeri tutub. Blajeviç İsveçrə, İran, Bosniya və Hersoqovina və Çinin U-23 yığmasına da rəhbərlik edib.
Onun titullar kolleksiyasına Yuqoslaviya çempionluğu, 2 dəfə Xorvatiya çempionluğu, İsveçrə kuboku, Xorvatiya kuboku və superkuboku daxildi. Blajeviçin çalışdırdığı sonuncu komanda 2014/15 mövsümündə rəhbərlik etdiyi yerli “Zadar” olub.