Afrika futbolunun köhnə bəlası yenə özünü büruzə verməyə başlayıb.
Football-plus.az xəbər verir ki, “qara qitə”də futbolçuların yaşı ilə bağlı məsələ bugünlərdə yenidən aktuallaşıb.
Kamerun heyəti yalnız 3-cü cəhddə yığdı!
Afrikalı oyunçuların yaşlarını azaltmağa meyilli olması çoxlarına məlumdu. Xatırlayırsızsa, 2014-cü ildə “Latsio”da sənəd üzərində 17 yaşı olan kamerunlu Cozef Minala forma geymişdi. Amma kənardan o, 40 yaşlı oyunçuya bənzəyirdi! Düzdü, romalılar xəta-bəladan uzaq durmaq üçün onu komandadan göndərdilər. Hərçənd Minalanın yaşının yanlış göstərilməsi sona qədər də sübut edilmədi. Və ya ötən yay pulsuz “Portu”dan “Marsel”ə keçən konqolu müdafiəçi Şansel Mbemba ilə bağlı məsələni xatırlamaq olar. Əsl sənəddə 1994-cü il təvvəllüdlü kimi gösətrilən bu futbolçunun başqa sənədlərdə təvəllüdü 1988, 1990, 1991 və 1995 kimi göstərilib! Afrika təmsilçilərinin gənclərdən ibarət yığmalarında isə vəziyyət daha acınacaqlıdı. Hələ 1988-in Olimpiadasında Nigeriya yığmasında 3 futbolçu “lipa” olduğu üçün FİFA bu ölkəni bütün yarışlardan ikiilliyə diskvalifikasiya etmişdi. Qitədə futbola cavabdehlik edən şəxslərin sözlərinə görə, onlar bu problemi həll etmək üçün əllərindən gələni edirlər və bunun üçün yeni testlər hazırlanıb. Məhz bunun sayəsində bugünlərdə Afrikada yenidən “lipalar”ı müəyyənləşdirmək mümkün olub.
Bu ilin yazında, daha dəqiq desək, aprelin 8-30-da 17 yaşa qədər oyunçular arasında Afrika Millətlər Liqasının keçirilməsi nəzərdə tutulub. Bu turniri Mərkəzi Afrika Futbol Assosiasiyalarının Regional Təşkilatı təşkil edir. Onun tərkibinə Kamerun, Konqo DR, Konqo, Çad, Cənubi Afrika, San Trope və Prinsipi, Ekvatorial Qvineya və Qabon daxildi. Turnirin başlamasına bir neçə ay qalmış Kamerun yığmasında böyük qalmaqal qopub. Belə ki, adı seçmə mərhələnin iştirak ərizəsinə salınmış 30 futbolçudan 21-i yaşı müəyyənləşdirən testdən keçə bilməyib! Yaşını azaltmağa çalışan futbolçuların hamısı kənarlaşdırılıb, onların yerinə komandaya başqaları cəlb edilib. Amma qəribədi ki, həmin futbolçulardan da 11-i testdən keçə bilməyib. Yəni Kamerun heyəti yalnız 3-cü cəhddə yığa bilib. Bu ölkənin futbol qurumunun prezidenti Samuel Eto`O bu vəzifəyə gələrkən ilk növbədə bu problemi yoluna qoyacağına söz vermişdi. Amma göründüyü kimi onun, cəhdləri hələlik nəticə vermir. Turnirin təsnifatının həlledici mərhələsi bugünlərdə start götürməli idi. Amma start ərəfəsində tək Kamerun yox, Konqo DR ilə bağlı da analoji vəziyyət yaranıb. İştirak ərizəsində olan 40 futbolçudan 25-i testdə “ilişib”. Yerdə qalan 15 futbolçudan isə yalnız 5-nin sənədlərinin qaydasında olduğu məlum olub. Nəticədə komanda turnirdə və uyğun olaraq, seçmə mərhələdə oynamaqdan imtina edib. Hələ ki Mərkəzi Afrika zonasında seçmə mərhələnin oyunları təxirə salınıb. Burda 5 komanda əvəzinə 4-ü iştirak edəcək və onlardan 2-si final mərhələsinə vəsiqə qazanacaq.
AFİ bu dəfə nə deyəcək?
Afrika futbolu bu qalmaqalla gündəmə gəldikdən sonra Avstriyanın “Laolal” nəşri ortaya sensasiyalı iddia atdı. Almaniya çempionatı ilə yaxından maraqlananlar, yəqin ki, Dortmund “Borussiya”sının vunderkindi Yussufa Mukokonu gözəl tanıyır. Bu futbolçu olduqca kiçik yaşlarından etibarən adından söz etdirməyə başlamışdı. Mukoko 12 yaşında olarkən Dortmund “Borussiya”sının U-17 komandasında top qovurdu! Aşağı liqalarda inanılmaz statistika yaxaladıqdan sonra Mukoko 2020-də “Borussiya”nın əsas komandasında debüt etdi. Gənc yaşı üzündən bir neçə rekord müəyyənləşdirən futbolçu həmin vaxtdan bəri 44 rəsmi oyunda 11 qol vurub. Onun “Borussiya” ilə müqavilə müddəti bu yay bitəcək. Bu üzdən vunderkində “Nyukasl”, “Çelsi” və “Barselona” ciddi maraq göstərir. Amma Mukokonun Dortmundda qalmaq ehtimalı yüksəkdi. İndi isə keçək əsas məsələyə. Kamerunun U-17 yığması ilə bağlı qalmaqaldan sonra avstriyalıların ortaya atdığı iddia kifayət qədər real səslənir. Onların versiyasına görə Mukoko Kamerunun paytaxtı Yaundedə 2014-cü ildə yox, 2010-cu ildə doğulub. Yəni vunderkindin hazırda 18 yox, 22 yaşı var. Bundan başqa, onun soyadı “Mukoko” yox, “Mohamadu”du. Avstriyalılar bununla bağlı əllərində sübut olduqlarını iddia edirlər. Sübutu isə onlara futbolçunun ögey atası təqdim edib!
Hadisələrin belə axarından sonra ingilislər Almaniya Futbol İttifaqından (AFİ) məsələni aydınlaşdırmağı tələb ediblər. Amma bu tələbə hələ ki cavab verilməyib. Ümumiyyətlə, bu qaradərili oyunçunun adı ortaya çıxandan bəri onun yaşı həmişə müzakirə mövzusu olub. AFİ çoxsaylı təzyiqlərdən sonra 2017-ci ildə məsələ ilə bağlı rəsmi açıqlama vermişdi. Qurum qeyd etmişdi ki, “Borussiya”nın araşdırmasına və təqdim etdiyi sənədlərə etibar edir. Həmin sənədlərdə isə doğum tarixi 20 noyabr 2004-cü il kimi qeyd olunub. Şübhə yaradan məqam Mukokonun 2017-də U-17 liqasında Rur derbisində “Şalke-04”ün qapısına 2 qol vurması idi. Çünki sənədlərə görə həmin vaxt onun heç 13 yaşı da tamam olmamışdı! Elə həmin il “Borussiya”nın U-23 komandasının çalışdırıcısı Timo Proys “düzdü, onun yaşı 17 deyil. Amma 12 də deyil” açıqlamasıyla diqqəti çəkmişdi.
Atanın qisası
Sual doğuran digər məqam futbolçunun atasının hansı səbəb üzündən həqiqətləri indi ortaya çıxarmasıdı? Almaniyanın “Bild” nəşrində Mukokonun həyatı ilə bağlı geniş yazı dərc olunub və onu oxumaqla bu suala cavab vermək mümkündü. Sən demə, onların münasibətləri o dərəcədə pisdi ki, bir-birilərini görmək belə istəmirlər. Məsələ burasındadı ki, Mukoko 10 yaşına qədər Kamerunda babası və nənəsi ilə birlikdə yaşayıb. Amma sonradan Almaniyaya, ögey atasının yanına yollanıb. Onun Cozef adlı ögey atası Hamburqda yaşayırmış. O, hələ 1990-cı illərdən Almaniyada yaşadığından həm də bu ölkənin vətəndaşlığına sahibdi. Cozef əvəllər də ögey oğlu ilə bağlı tez-tez suallara cavab verməli olurdu. Çünki Mukoko yuxarıda qeyd etdiyimiz Minala qədər olmasa da, həmişə yaşından bir qədər böyük görünüb. Amma Cozef həmişə Yussufanın 2004 təvəllüd olduğunu və hətta Almaniyanın Kamerundakı səfirliyində bununla bağlı rəsmi sənədin olduğunu da deyirdi. Həqiqətən də Cozef onu Almaniyanın Kamerundakı səfirliyində qeydiyyatdan keçirib. Ona görə də Mukokonun Almaniya vətəndaşlığı var və bu ölkənin şərəfini qoruyur. Mukoko tədricən “Borussiya”nın əsas komandasına yüksəldikdən və “Nayk” şirkəti ilə müqavilə imzaladıqdan sonra böyük pullar qazanmağa, populyarlığını artırmağa başladı. O, əvvəlcə ailəni dolandırırdısa, 2 il öncə vəziyyət dəyişdi. Valideynlərinin yalnız onun pulunun hesabına yaşaması və pullarına göz dikməsi gənc oyunçunu bezdirdi. Bu üzdən ciddi münaqişə yaşandı və onlar indiyə qədər də danışmırlar. Mübahisədən sonra onun valideynlərinin maddi cəhətdən ciddi problemləri yarandı. Noyabrın 10-a qədər onlar Hamburqda yaşadıqları evə görə 1 milyon avro ödəməliydilər. Mukoko yardım etməkdən boyun qaçırdı. Cozef pulu bir təhər tapıb ödəsə də, ögey oğlundan möhkəm incidi. Çox güman ki, onun həqiqəti indi açıqlamasının səbəbi də məhz budu. Bu addımı ilə o, bir növ qisas aldı. Bu münaqişə üzündən Mukoko “Borussiya” ilə yeni müqavilə imzalamaq istəmirdi. Çünki 18 yaşının tamam olmasını gözləyirdi. İndi o, danışıqları özü apara və bütün müqavilələri də özü imzalaya biləcək
ƏLİ