2022-ci il Azərbaycan futbolu üçün maraqlı keçdi.
Klublarımızdan təkcə “Qarabağ” avrokuboklarda qrup mərhələsi gördü. Ağdamlılar burda uğurlu çıxış etdi. Milli komandamız ardıcıl 5 oyunda qələbə qazandı. Düzdü, rəqiblər o qədər də güclü deyildi. Lakin istənilən halda qələbə qələbədi. Buna kimsə nəsə deyə bilməz. Öz performansı ilə diqqət çəkən futbolçular da oldu. Emin Mahmudov, Ramil Şeydayev, Renat Dadaşov, Elvin Cəfərquliyev özlərini yaxşı tərəfdən göstərdilər. Həmişəki kimi ilə yekun vururuq. “Futbol+” qəzetinin ümummilli sorğusunda “Neftçi”nin kapitanı Emin Mahmudov rəqiblərini qabaqlayaraq qalib oldu. Flaqmanın üzvü hazırda istirahətdədi. O, Dubayda dincəlir. Kapitanla əlaqə saxlayıb ümummilli sorğuda qalib olduğunu deyəndə təəccübləndi. 417 xal topladığını biləndə sevincini “doğrudan, kimlərdi məni seçən” deməklə büruzə verdi. Bu, əsl pleymeykərə xas hərəkət idi. Müsahibəyə jurnalistə sual verməklə başlayan futbolçu, təbbi ki, Emin Mahmudov ola bilərdi. “Sabah qəzetdə oxuyarsan”, - cavabını verib söhbətə başladıq…
- Ardıcıl 2-ci il “Futbol+” qəzetinin ümummilli sorğusunda ilin ən yaxşı futbolçusu seçildin. Nə hisslər keçirirsən?
- Hər şey əladı. Çox sevinirəm. Qalib olduğuma görə çox şadam. İlboyu əziyyət çəkdim. Çalışırdım ki, əlimdən gələnin ən yaxşısını edim. İnsanlar oyunumu bəyəndiyi üçün sevincliyəm. Onlar məni qalib etdilər. Buna görə hamıya təşəkkürümü bildirirəm.
- Elə bizim qəzetə müsahibəndə demişdin ki, Ramil Şeydayev bu il yaxşı oyun sərgilədi, onun qalib olmaq ehtimalı var. Ramili qabaqlayacağını düşünürdün?
- Ramil bu il həm “Qarabağ”da, həm də millidə çox yaxşı oyun sərgilədi. Renat Dadaşov da çox əla performans nümayiş etdirdi. Bu siyahıya Elvin Cəfərquliyevi də əlavə edərdim. O da iki “cəbhə”də çox yaxşı oyun sərgilədi. Gənc olmasına baxmayaraq, belə çıxış etməsi yaxşı haldı. Düşünürəm ki, respondentlər üçün seçim etmək çox çətin olub. Həqiqətən də rəqiblərim çox yaxşı futbolçulardı. Sağ olsunlar ki, məni qalib etdilər. Çalışacam ki, onların etimadını doğruldum, “Neftçi”nin uğurlarına töhfə verim.
- Sən 417 xal toplamısan, Ramil Şeydayev 323. Ötən il Mahir Emreli 218 xal toplamışdı. İştirakçılar sənə 455 xal qazandırmışdı. Bu il mübarizənin belə gərgin olması təəccübləndirmədi?
- Ötən il də, indi də bunu gözləyirdim. Bilirdim ki, mübarizə olduqca gərgin olacaq. Çünki hamımız əla il keçirdik. Ötən il Mahir çox əla performans sərgiləyirdi. Bu dəfə Ramillə Renat rəqibim oldu. Onlar həqiqətən əl oyun nümayiş etdirirdilər. Düzdü, ilin ən yaxşısı seçiləcəyimi gözləmirdim. Lakin bunu istəyirdim. Deməli, yaxşı oynamışam ki, məni qalib seçiblər.
- “Futbol+”in sorğusunda Rəşad Sadıqov 6 , Qara Qarayevlə sən 2 dəfə qalib olmusan. “Böyük kapitan”a çata bilərsən?
- Məncə, 6 dəfə qalib olmaq çoxdu. Bəlkə də Rəşad Sadıqova çatmağa vaxtım qalmayacaq. Amma əlimdən gələni edəcəm. Çalışacam ki, qarşıdakı ildə də yaxşı oyun sərgiləyim. İnsanlar futbolumu bəyənsin və yenidən qalib olum.
- Ardıcıl iki il qalib olacağını düşünürdün? Xatırladım ki, bunu ancaq Rəşad Sadıqov bacarıb. O, 2004-05 və 2016-2017-ci illərdə bu sevinci yaşayıb.
- Mənim üçün qürurdu. Rəşad Sadıqov kimi futbolçunun uğurunu təkrarlamışam. İki il ardıcıl ilin ən yaxşı futbolçusu seçilmək sevindiricidi. Çünki bu, asan deyil. Hazırda çox yaxşı azərbaycanlı futbolçular var. Onların arasından seçilmək qürurvericidi. Həqiqətən yenidən qalib olmağım çox sevindirici haldı.
- Ümumiyyətlə, 2022-ci il sənin üçün nə ilə yadda qaldı?
- Çətin sualdı. Ən yaddaqalan iki məqam oldu. Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”ə səfərdə uduzduq. Bakıdakı oyunda möhtəşəm performans sərgilədik. 3:0 hesabıyla qalib gəlib geridönüş etdik. Bu, yaddaqalan birinci məqam idi. İkinci isə yaxın vaxtlarda oldu. Kubokun 1/4 finalının ilk görüşündə “Zirə”yə uduzmuşduq. “Bakcell Arena”da rəqibə qalib gələrək yarımfinala vəsiqə qazandıq. Bu da mənim üçün yaddaqalan məqamdı. Hə, biri də var. Az qala yadımdan çıxmışdı. “Səbail”lə oyunda vurduğum ilk qol. “Bisiklet” vuruş adlanır. Belə qollar hələm-hələm vurulmur. Ona görə də yaddaqalan məqamlara bunu da əlavə edərdim.
- Sən ili mükafatla tamamladın. Bəs komandan mövsümün sonunda hansısa uğur əldə edə biləcək?
- Biz komanda olaraq hər oyuna qələbə üçün çıxırıq. İndi əsas hədəfimiz Azərbaycan kubokunda qalib olmaqdı. Əlimizdən gələni edəcəyik ki, çempionatın ikinci yarısında da yaxşı oyun sərgiləyək. İnşallah, mövsümün sonunda hədəfimizə çatarıq.
- 2022-ci ildə başına gələn ən maraqlı hadisə?
- Bu da çətin sualdı. Həqiqətən başıma qəribə hadisə gəlməyib. Nəyisə deyə bilmərəm ki, bu çox qəribə idi.
- Bəs ən çox üzüldüyün məqam hansı oldu?
- Düşünürəm ki, Konfrans Liqasında “Rapid”lə oyun mənim üçün üzücü hadisə idi. Çünki turnirin qrup mərhələsində mübarizə aparmaq istəyirdik. Bu, ən böyük arzumuz idi. Heyif ki, alınmadı. Məncə, il ərzində ən üzücü məqam bu idi.
- Mövsümün sonunda müqavilənin müddəti başa çatır. Ardıcıl 2 il Azərbaycanın ən yaxşı futbolçusu seçilməyin beynəlxalq səviyyədə dəyərinin artmasına səbəb olub. Bu məqam karyeranı Avropada davam etdirmək üçün şərait yarada bilər?
- Açığı, bu haqda düşünmürəm. İndi müqavilə haqda danışmağın zamanı deyil. Qarşıda çətin oyunlarımız var. Çempionatda işlərimiz yaxşı getmir. Çətin dövrdən keçirik. Mövsümün sonuna kimi “Neftçi”dəyəm. Əlimdən gələni edəcəm ki, komandama fayda verim. Bundan başqa nəsə düşünmürəm.
- İlya Sımbaların oyun üslübunun vurğunu olduğunu bilirik, “Spartak”ı seçməyində bunun da təsiri var. Kənardan baxanda da oyun üslubunda ona oxşarlıq görünür. Bunun fərqindəsən?
- Bəli, doğrudu. İlya Sımbalar uşaqlığımın futbolçusu olub. O, Rusiyada ən çox sevdiyim oyunçu idi. Amma başqasını da bəyənirdim. Söhbət Dmitri Loskovdan gedir. “Lokomotiv”in əfsanələrindən biri idi. Ona futbolçu kimi heyran idim. Taleyimdə onunla bir komandada oynamaq da var imiş. Rusiyada ən çox sevdiyim futbolçu ilə çiyin-çiyinə mübarizə aparmaq möhtəşəm hiss idi. Daha çox özümü ona oxşatmağa çalışırdım. Adı çəkilən şəxslər əfsanələrdi. Onları hamı sevir. Hər ikisiylə özümü müqayisə etmək düzgün deyil. Həm İlya Sımbalar, həm də Dmitri Loskov əjdaha futbolçular olub.
- Bildiyimiz qədər Saatlıdansan. Sonuncu dəfə orda nə vaxt olmusan? Ordakı qohumlarınla əlaqən var?
- Düzdü, əslən Saatlıdanam. Amma ora, demək olar ki, heç getmirəm. Ana tərəfim isə Cəlilabaddandı. Daha çox ora gedirəm. Çalışıram imkan olduqca Cəlilabada baş çəkim. Üç ay öncə orda olmuşam.
- Qələbəni kimə və ya kimlərə həsr edirsən?
- Bütün komanda yoldaşlarıma, ailəmə və məni dəstəkləyənlərə. Onların sevgisini hiss edirəm. Bu uğur təkcə mənim deyil. Qalib olmağımda “Neftçi” ailəsinin böyük zəhməti var. Rəhbərlik, baş məşqçi, komanda yoldaşlarım və başqa çalışanların əziyyəti var bu qələbədə. Ailəm, komanda yoldaşlarım, klub rəsmiləri, azarkeşlərin həmişə dəstəyini hiss edirəm. Onlar ən yaxşı olmağıma çox kömək olublar. Bu səbəbdən də ilin ən yaxşı futbolçusu olmağıma görə onlara borcluyam.
İLKİN SULTANLI