Bu il veteran futbolçumuz Nazim Süleymanov Rusiya "Ximki"sinin U-19 komandasının “sükanı arxasına” keçdi.
Football-plus.az xəbər verir ki, bir müddət sonra isə Emin Ağayevi köməkçi kimi yanına apardı. Yığmanın sabiq müdafiçəsiylə əlaqə saxlayıb hazırkı işi, komandanın durumu və başqa mövzular ətrafında danışdıq.
- "Ximki"nin U-19 komandasında işləriniz necə gedir?
- Hazırda Rusiya çempionatında fasilədi. Bundan istifadə edərək seleksiya işləriylə məşğuluq. 63 gənc futbolçunu baxışa çağırdıq ki, onlardan da altısını seçdik. Maksimum potensiallı gəncləri üzə çıxarmağa çalışırıq.
- Nazim müəllim necədi, onun köməkçisi kimi çalışmaq çətin deyil?
- Nazim müəllim də yaxşıdı, fasilədən istifadə edərək istirahətdədi. Hazırda Bakıdadı. Yanvarın 15-də çempionatın 2-ci dövrəsi başlayacaq. O vaxta kimi Nazim müəllim də gələcək.
- Komandanıza gənc azərbaycanlı futbolçuları cəlb etməyi düşünürsüz?
- Biz bunu istərdik, amma mümkün deyil. Çünki Rusiyada komandaların aşağı yaş qruplarında ancaq yerli futbolçuların çıxışına icazə verilir.
- Bəs əsas komandada nə vaxtsa azərbaycanlı futbolçuları görə bilərik?
- Biz də azərbaycanlı futbolçuların Rusiya premyer-liqasında çıxış etməsini istəyirik. Amma real baxsaq, hazırda onların Rusiya klublarına keçidi inandırıcı deyil. Çünki bizim komanda da daxil, əksər Rusiya klublarında bir çox cəhətdən sabitlik yoxdu. Sponsor baxımından da "Zenit"lə Moskva "Spartak"ından başqa qalan klubların durumu o qədər də yaxşı deyil. Odu ki, "Qarabağ", "Neftçi" və "Sabah" çıxış edən futbolçularımızın həm müntəzəm oynamaq, həm də maddi baxımdan problemləri olmadığından Rusiyada legioner həyatı yaşamağa can atmaları inandırıcı deyil.
- Son vaxtlar həm Polşa, həm də Azərbaycan mətbuatında "Qarabağ"ın gənc hücumçusu Musa Qurbanlının "Poqon"a keçəcəyi haqda yazılar dərc olunur. Ölkə çempionatında çalışmış və az-çox yerli futbolçulara bələd olan təcrübəli məşqçisiz. Sizcə, Musa Qurbanlı legioner həyatı üçün yetişib?
- Musanın oyunlarını müntəzəm izləyirəm. Hazırda bombardirlərin siyahısında yer alır. Səhv etmirəmsə, 11 qol vurub. Hətta yığmada da qol hesabını açıb. Perspektivli futbolçudu. Legioner həyatı yaşamasına gəlincə, yalnız Musa yox, bütün futbolçularımızla bağlı qənaətim budu ki, tələsməsinlər. Yəni gedib Xorvatiya, Çexiya, Macarıstan kimi ölkələrin çempionatlarında 5-6 ay oynayıb, sonra özünü doğrultmayıb geri qayıtmaqdansa, elə Azərbaycanda "Qarabağ", "Sabah" kimi güclü rəqabət olan komandalarda çıxış edib möhkəmlənmək daha yaxşıdı. Ölkə çempionatında tam parlayandan sonra xaricə üz tutmaları, özü də top-liqalara can atmaları məsləhətdi.
- Ukrayna ilə müharibəyə görə Rusiya klublarına avrokuboklarda çıxış etmək qadağası qoyulub. Bu qadağa ölkə çempionatına təsir edib?
- Təbii ki, təsiri var. Amma ümumilikdə bunun o qədər də dəyişikliklərə səbəb olduğunu düşünmürəm. Hazırda "Zenit" çox güclü dönəmini yaşayır. Heyəti də daim gücləndirməklə məşğuldular.
- Dünya çempionatına yekun vuruldu. Argentina hamını üstələyərək kubokun sahibi oldu. Mundial barədə nə deyərdiz?
- Qətərdəki turnir bir çox yeniliklərlə yadda qalsa da, demək olar, hansısa yeni və gənc futbolçulardan ulduzu parlayan birinə rast gəlmədik. Mərakeş millisinin cəsarəti, əzmkarlığı xoşuma gəldi. Argentinaya azarkeşlik edirdim. Messinin çempionata rəng qatan futbolçulardan olduğunu düşünürəm. Onun meydanda kapitanlığıyla Argentinanın çempion olacağına inanırdım və bu baş verdi.
- Azərbaycan premyer-liqasını izləyirsiz?
- Əlbəttə! Hətta kubok matçlarını da izləyirəm. "Qəbələ"nin sərgilədiyi oyun çox xoşuma gəldi. "Qırmızı-qaralar" həm əzmkarlığı, həm də yaradıcı oyunuyla güclü "Qarabağ"ı məğlub edib mərhələ adladı.
- Sabiq komandanız "Səbail" büdcəsinin artmasına, yeni baş məşqçinin gəlməsinə baxmayaraq, bərbad çıxışla turnir cədvəlinin dibindədi. Sizcə, komanda niyə uğursuzluq zolağındadı?
- "Səbail" haqda, ümumiyyətlə, danışmaq istəmirəm.
- Vaxtilə milli komandanın əsas futbolçularından olmusuz. Yığmamız 2022-ci ili qələbələrlə başa vurdu. Ölkənin əsas komandasından nə gözləyirsiz?
- Son iki yoxlama matçını izlədim, pis oynamadılar. Amma gələcəklə bağlı indidən nəsə demək çətindi. Qarşıda millimizi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qrup matçları gözləyir. Yalnız bir neçə oyunu izləyəndən sonra fikrimi bildirəcəm.
- Emin Ağayevi məşqçi yox, baş məşqçi kimi nə vaxtsa görəcəyik?
- Mən A kateqoriyasına sahibəm. Bu isə baş məşqçi işləməyim üçün kifayət deyil. Yaxın gələcəkdə PRO kateqoriyasını oxumağı düşünürəm. Bundan sonra qismət olsa, baş məşqçi ola bilərəm.
- Baş məşqçi kimi Azərbaycanda çalışmağı düşünürsünüz?
- Yaxşı təklif olsa, düşünərəm.
ABDULLA İSMAYILOĞLU