Emin Mahmudov “Neftçi” azarkeşləriylə yaşadığı problemdən danışdı

16.12.2022 12:30 1 590
Manşet / Müsahibə
"Neftçi"nin kapitanı Emin Mahmudovun "Football-plus.az" saytına müsahibəsi.


- Premyer-liqanın 17-ci turunda "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub etdiz. Qarşılaşma haqda nə deyə bilərsən?
- Görüş barədə çox danışmağa ehtiyac yoxdu. Çünki oyunumuz o qədər də yaxşı alınmadı. Rəqibə imkan verirdik ki, qol vəziyyətləri yaratsın. Şükürlər olsun ki, 3 xal qazandıq. Qarşılaşma ilə bağlı ən yaxşı məqam budu.

- Qarşıda sizi Azərbaycan kubokunda "Zirə" ilə çətin oyun gözləyir...
- Əlimizdən gələni etməliyik ki, qələbə qazanaq. Çünki növbəti mərhələyə adlamaq istəyirik. Çətin olacaq. Çünki yaxşı komandaya qarşı oynayacağıq. Amma mütləq qələbə qazanmalıyıq. Əlimizdən gələni edəcəyik ki, onları keçək.

- Son iki ildə kubokda "Zirə"yə qol da vura bilmirsiz...
- Hər oyun fərqli olur. İndi tam başqa məqamdı. Çalışacağıq ki, qol vuraq. Ümumiyyətlə, mərhələni keçmək istəyirik.

- Düzdü, mətbuat konfransında baş məşqçi bu suala cavab verdi. Amma sənin də fikrini bilmək maraqlı olar. Adın Krayova "Universitatya"sı ilə yanaşı hallanır.
- Baş məşqçi nə dedi ki? (gülür)

- Dedi ki, "sarı mətbuat"ın yazdıqları barədə nəsə demək istəmirəm...
- Elə mən də belə düşünürəm. Ümumiyyətlə, bu məsələdən xəbərim yoxdu.

- "Qarabağ"la oyundan sonra yaşananlarla bağlı danışmağını istərdim. Azarkeşlərdən incimisən?
- Yox. Heç bir problem yoxdu. Bu barədə fikirləşmirəm. Mənim üçün başqa şeylər maraqlıdı. Qarşımızda hədəflər var. Kubokda "Zirə"ni keçməliyik. Son turun oyunu var. İncimək vaxtı deyil.

- "Neftçi" ilə müqavilənin müddəti bitmək üzrədi. Yazırlar ki, yeni təklif olub. Həqiqətən belədi? Ümumiyyətlə, yeni müqavilə bağlamaq istəyirsən? Karyeranı "Neftçi"də bitirməyi düşünürsən?
- Açığı, bu haqda nəsə düşünmürəm. Gözləyirəm ki, qarşıdakı oyunları bitirək.

- Qış tətili haqda düşünmüsən? Bayramı Azərbaycanda keçirəcəksən, yoxsa Rusiyada?
- Vallah, bu barədə düşünməmişəm. Hər yerdə ola bilər. Qarşıda oyunlarımız var. Yeni il barədə düşünməmişəm. Buna hələ vaxt var.

- İlk dəfə idi ki, Tovuzda oynayırdın. Ab-hava necə idi?
- Əla ab-hava var. Çox yaxşı idi. Sevinirəm ki, bölgə klublarımız premyer-liqaya buraxıldı. Ümid edirəm ki, başqa şəhərlərimizin təmsilçiləri də çempionatda iştirak edər. Belə olanda premyer-liqa da maraqlı keçir.

- Örtüyün suni olması sizə problem yaratdı?
- Hə. Amma mənə o qədər də fərq etmir. Çünki 10 mövsüm suni örtükdə oynamışam.

- Ötən mövsüm ilin ən yaxşı futbolçusu seçildin. Bu il kim olacaq?
- Bilmirəm. Ramil Şeydayev çox yaxşı mövsüm keçirdi. Maraqlı olacaq. Gözləyək, görək kimi seçəcəklər.

İLKİN SULTANLI, Tovuz