Hazırda bütün futbol azarkeşlərinin diqqəti Qətərdə keçirilən dünya çempionatına yönəlib.
Maraqlı oyunlar və sürpriz nəticələr ilə diqqəti çəkən turnir davam edir. Bəs görəsən, mundialda hakimliyin səviyyəsi necədi? Bunu aydınlaşdırmaq üçün təcrübəli referilərimizə müraciət etdik.
Elçin Məmmədov:
"Dünya çempionatının oyunlarını izləyirəm. Ümumilikdə hakim idarəçiliyi pis deyil. Səhvlər azdı. Bir çox azarkeşlər var ki, oyuna daha çox vaxtın artırılmasından şikayətlənir. Əslində bu 90 dəqiqə ərzində itirilən vaxtın “sığortalanmasıdı”. Elə öz çempionatımızda da son iki ildə 7-8, hətta 10-11 dəqiqə əlavə etdiyimiz matçlar var. Pyerluici Kollina FİFA Hakimlər Komitəsinin sədri olandan sonra yeni qayda gətirdi. Həmin qaydaya görə oyunda itirilən vaxt tam bərpa olunmalıdı. VAR sisteminin tətbiqi də pis deyil. Yeni texnologiyadı. Sadəcə, VAR-ın tətbiqinin protokol qaydalarında bəzi dəyişikliklər və təkmilləşdirmələr olmalıdı. Məsələn, son qərara görə ofsayd vəziyyəti hücum tam yekunlaşandan və ya qol vurulandan sonra qeydə alınmalı və ya VAR-da dəqiqləşdirilməlidi. Bu da futbolun baxımlılığını itirir, tempin aşağı düşməsiylə nəticələnir. Düşünürəm ki, VAR-ın tətbiqi gələcəkdə daha da təkmilləşəcək".
Əfqan Həmzəyev:
"Dünya çempionatı yenilikləriylə diqqəti çəkir. Bu da turniri daha maraqlı edir. Yeniliklərdən birincisi qadın hakimlərlə bağlıdı. Bu çox xoş haldı. İstərdim ki, bundan sonrada həm dünyada, həm də bizim futbolda qadın hakimlərə yer verilsin. İkinci yenilik oyundankənar vəziyyətlərin rentgen sistemiylə aşkarlanmasıdı. Yəni kameralar rənglə təyin edir ofsaydı. Fikir versəz, görərsiz ki, turnirdə hələ də ofsayddan vurulan qol qeydə alınmayıb və bütün mübahisəli məsələlər dərhal VAR-da yoxlanılıb. İnsan amili olan yerdə mütləq xəta, səhv var. Ofsayd, qayda pozuntusu olan epizodlara hər hakim fərqli yanaşır. Ona görə VAR, rentgen kameraları və sair kimi yeniliklərin tətbiqi məhz fərqli yanaşmalardan dolayı yanlış qərarları aradan qaldırmaq üçündü. Bu texnologiyanı daha da inkişaf etdirmək lazımdı. Üçüncü yenilik hakimlərin hazırlıq səviyyəsinin yüksək olmasıdı. Mundialda çıxış edənlərin hamısı fiziki, psixoloji cəhətdən, qərarların qəbuluyla bağlı yaxşı hazırlıq keçib. Qətərə startdan iki həftə əvvəl gəliblər və yaxşı təlim-məşq toplanışı keçiblər. Ümumilikdə isə il ərzində 8 dəfə toplanışa cəlb olunublar. Odu ki, dünya çempionatında hakimlərin idarəçiliyini yüksək qiymətləndirirəm".
Rövşən Əhmədov:
"Dünya çempionatının oyunlarının 90 faizini izləmişəm. Hələ ki hakimlərin bir səhvini müşahidə etməmişəm. Obyektivlik göz oxşayır. Düşünürəm ki, VAR-ın tətbiqi hakimlərin səhvlərini, demək olar, aradan qaldırıb. Yeni sistemin tətbiqi xoş haldı. Mənə görə əsas yenilik oyunlara daha çox vaxtın artırılmasıdı. Sonra dəqiqləşdirdim ki, Kollinanın göstərişinə əsasən matçlarda itirilən vaxtın tam bərpa olunması qərara alınıb. İtaliyalı mütəxəssisin təşəbbüsünü doğru sayıram".
ABDULLA İSMAYILOĞLU