İyuldan bəri Səudiyyə Ərəbistanının 2-ci liqa təmsilçisi “Əl-Şola”nı çalışdıran 58 yaşlı mütəxəssis dekabrın 8-də faciəvi şəkildə dünyasını dəyişib. Onun içində olduğu maşın idarəetməni itirərək qarşıdan gələn yük maşını ilə toqquşub. “Partizan”ın yetirməsi olan və peşəkar futbola gec başladığı üçün karyerası cəmi 13 il davam edən Yeşiç futbol həyatı boyunca yalnız 3 klubun – “Partizan” (1980-85, 1990-91), “Altay” (1985-89, 1992-94) və “Trabzonspor”un (1989-90) şərəfini qoruyub. Maraqlıdı ki, TFF və Yeşiçin cəmi 1 mövsüm şərəfini qoruduğu “Trabzonspor” bu hadisə ilə bağlı başsağlığı mesajı yayınlasa da, “Altay” nədənsə belə etməyib. Halbuki sabiq serbiyalı müdafiəçi İzmir klubunda 6 mövsüm çıxış edib və karyerasını da orda bitirib. 1997-dən bəri məşqçiliklə məşğul olan və 25-dən çox klub çalışdıran Yeşiç bu sahədə daha böyük uğurlar qazanmışdı. O, Bolqarıstanda, Liviyada və Myanmarda çempionluqlar yaşamışdı.
Bu arada Yeşiçin dünyasını dəyişməsinə Türkiyə futbolunun ünlü siması Rıdvan Dilmən də münasibət bildirib. Türkiyəli həmkarlarımızın məhz Dilməndən fikir öyrənməsi təsadüfi deyil. Məsələ burasındadı ki, Yeşiç qardaş ölkədə Dilmənin karyerasını bitirən adam kimi tanınır. 1989/90 mövsümündə “Trabzonspor” – “Fənərbaxça” matçında məhz Yeşiçin kobudluğundan sonra Dilmənin ayağı qırılmışdı. Sonradan 4 dəfə əməliyyat olunan və əvvəlki səviyyəsinə heç cür qayıda bilməyən Dilmən 1995-də 33 yaşında karyerasını bitirmişdi. Yeşiç isə həmin kobudluqdan sonra “qəssab” ləqəbini almışdı. Rıdvan Dilməni dinləyək:
“Xəbəri böyük üzüntü iə qarşıladım. Torpağı bol olsun. Rəbbim ailəsinə səbr versin. Yeşiç haqda formalaşan fikir məni üzürdü. Çünki həmin zədədən sonra məni ziyarətə gəlmişdi. Bu hərəkəti bilərəkdən etməmişdi. Sabiq komanda yoldaşları həmişə onun yaxşı və dürüst insan olduğunu deyirdilər. Bir neçə ay öncə də Yeşiçlə bağlı mənə sual verilmişdi. O vaxt da eyni fikirləri dilə gətirmişdim”.
Yeşiç özü isə hadisədən 25 il sonra, yəni 2014-cü ildə Türkiyə mətbuatına bunları demişdi:
“Rıdvan Dilməni mən zədələmədim. Həmin vaxt artıq qələbə şanslarının qalmadığını anladığı üçün zədəni bəhanə edərək əvəzləndi. Onunla sonradan telefonla da danışdım. Zədənin əvvəlcədən olduğunu və o matça iynə ilə çıxdığını qəbul etmişdi”.


