"Bilirdik ki, ağır səfər oyunu olacaq" - Elmar Baxşıyev

14.10.2022 18:46 438
Premyer-liqa
Misli premyer-liqasında 10-cu tura start verilib.

"Şamaxı" "Qəbələ"ni qəbul edib. 1:1 hesablı heç-heçə ilə bitən matçdan sonra qonaqların çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Bilirdik ki, ağır səfər oyunu olacaq. “Şamaxı” son turlarda nizam-intizamlı oyun göstərir. Bizə təbii örtükdən süniyə keçmək ağırdı. Çoxsaylı epizodlarımız oldu. Sadəcə, istifadə etməkdə əziyyət çəkirik. Daha yaxşı olmağa çalışacağıq".

- Felipe Santos ümidlərinizi doğruldur? Bu gün 2 metrdən topu boş qapıya göndərə bilmədi. Həmin epizodu oyunun qırılma anı saymaq olar?
- Tək Felipe ilə əlaqələndirməzdim. Ondan öncə Ramon Maçadonun epizodu oldu, Rafael Utziq təkbətəkdən yararlana bilmədi. Futboldu, bəzən çətin epizoddan fərqlənirsən, bəzən də rahat vəziyyətdən qol vurmaq olmur.

- Penalti epizodu ilə bağlı nə deyə bilərsiz?
- Yəqin ki, onlar epizodu daha yaxşı dəyərləndirərlər. Top qapı istiqamətinə gedirdi. Bizə penalti kimi göründü. Qərar hakimlərindi. Yəqin ki, ədalətli olurlar.

- Utziq əvəzlənəndə narazı görünürdü. Hətta sizinlə görüşmədi...
- Oyunçu stressli olur. Ona görə də hər xırda epizodu belə dəyərləndirmək düzgün deyil. Normal qarşılayıram. Komandada hər şey qaydasındadı, hamı bir-birinə dəyər verir. Utziq inandığım futbolçudu.

- Sanki komandanın legionerləri istənilən səviyyədə çıxış etmir. Onların performansında geriləmə nə ilə əlaqədardı?
- Süni örtükdə oynamaq bir qədər ağırdı. Təbii otda hazırlaşırıq. Ona görə belə problem yaranır. Legionerlərdən fərdi kimisə vurğulamazdım. Hərdən komanda şəklində oyundan qopuruq. Bunu daha da yaxşılaşdırmalıyıq.

- Qəbələdə süni örtüklü meydança da var. Orada hazırlaşmaq olmazdı?
- Heyət geniş olmadığı üçün ehtiyat edirik. Futbolçuları qorumaq istəyirik.