Miloş Velebit 19 yaşadək futbolçulardan ibarət milli komandamızdan göndərildi.
Lakin serbiyalı mütəxəssisin adı ətrafında qalmaqal davam edir. Ötən sayımızda 42 yaşlı çalışdırıcının Rusiyada çıxış edən iki futbolçunu yığmaya çağırdığını, amma klublarının onları buraxmadığını diqqətinizə çatdırmışdıq. Söhbət Sadiq Bağıyevlə Nikita Tağızadədən gedir.
Sən demə, məsələ tam fərqli imiş. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Velebit, ümumiyyətlə, Tağızadəni yığmaya çağırmaq istəməyib. Əvvəlcə Bağıyevi Krasnodar "Kuban"ından istəyib. Lakin klub oyunçunun qarşısına şərt qoyub ki, yığmaya getsən, burda legioner sayılacaqsan. Sadiq də məcburiyyətdən yığmaya gəlməkdən imtina edib. Velebit isə seçmə mərhələdə biabırçı çıxışdan sonra Sadiq Bağıyev məsələsini bəhanə edərək hər iki futbolçunun klublarından buraxılmadığını iddia edib.
İLKİN SULTANLI