UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

4.10.2022 16:33 1 283
Avropa Liqası
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Olimpiakos"la Yunanıstanda keçirəcəyi matç 1 dəqiqəlik sükutla başlayacaq.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, sükut İndoneziya çempionatının 11-ci turunda "Arema" - "Persebaya" görüşündən (2:3) sonra olan iğtişaşlar zamanı dünyasını dəyişənlərin xatirəsinə həsr olunacaq.

Qərar bu həftə keçiriləcək Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və qadınlardan ibarət yığma komandalar arasında dünya çempionatının pley-off oyunlarına da aid edilir.

Qeyd edək ki, sözügedən oyundan sonra baş verən iğtişaşlar zamanı 130 nəfər həyatını itirib.

Xatırladaq ki, oktyabrın 6-sı Yunanıstanda keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü Bakı vaxtı ilə saat 23/00-da başlayacaq.