Çimərlik futbolu yığmamız Dünya Çimərlik Oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsini 9-cu pillədə tamamladı.
Zəif çıxışın səbəbini öyrənmək üçün baş məşçi Zeynal Zeynalovun fikirlərini öyrəndik:
"Turnirə bacardığımız qədər yaxşı hazırlaşmışdıq. Səudiyyə Ərəbistanı, Küveyt, Litva milliləri ilə qüvvəmizi sınamışdıq. Onlar yüksək səviyyəli komandalar deyildi. Amma İran millisi tam fərqli, səviyyəli rəqibdi, dünya üçüncüsüdü. Həmin matç bizim üçün yaxşı dərs oldu və çox təcrübə topladıq. Yoldaşlıq oyunlarında nə qədər yaxşı nəticələr göstərsək də, rəsmi matçlarda, turnirdə çıxış etmək başqadı. Son yarışda çox gərgin oyunlar keçirdik. Ukrayna ilə İsveçrəyə uduzduq, Norveçlə Moldovaya qalib gəldik. İsveçrəni də məğlub edə bilərdik, sadəcə, bəxtsizlik, təcrübəsizlik oldu. Bizdə hazırda nəsil dəyişikliyi gedir, xeyli cavan oyunçumuz var. Sabir Allahquliyev, Kamil Hüseynov, Amid Nəzərov, Elşad Manafov, Elçin Qasımov, Vaqif Şirinbəyov 1-ci divizion təcrübəsi olan oyunçulardı, qalanları gənclərdi. Hətta 2000-ci il təvəllüdlü Bayram Paşazadə də var. Təcrübəlilərlə gənclərin sintezindən heyət formalaşdırmışıq. Şükür, hələ koordinasiyaları pis deyil. Çimərlik futbolunda yaxşı nəticə üçün vaxt lazımdı. Komandamız yenidən formalaşır, inanıram ki, gələcəkdə istədiyimiz səviyyəyə çatacağıq”.
Mütəxəssis heyətə yeni futbolçular cəlb edəcəklərini dedi:
"Futbolçu qıtlığı var. Çimərlik futbolu spesifik idman növü olduğuna görə işimiz bir qədər çətindi. Daim axtarışdayıq. Birinci divizionda, futzal çempionatında oyunçuları izləyirik. Yaxşı futbolçular tapan kimi dərhal heyətimizə cəlb edəcəyik".
ABDULLA İSMAYILOĞLU