DÇ-78-in Argentinada keçiriləcəyi hələ FİFA-nın 1966-cı ildə Londonda baş tutan konqresində bəlli oldu.
Cənubi Amerika ölkəsinin mundiala hazırlaşmaq üçün 12 il vaxtı var idi. 1974-cü ildə ali futbol qurumunun prezident seçkisində qalib gələn Joao Avelanj final turnirində iştirakçılarının sayını 16-dan 24-ə qədər artırmaq istədiyini bildirdi. Ancaq Argentina tərəfi bu sayda komandanı qəbul edə bilməyəcəyini açıqladı. Ərazisinə görə qitəsinin ikincisi olan bu ölkə həmin dövrdə iqtisadi və siyasi planda ciddi böhran yaşayırdı.
Argentinanın qalmaqallı uğuru və Niderlandın oxşar taleyi 1976-cı ilin martında Argentinada hərbi çevriliş yaşandı, nəticədə general Xorxe Videlanın başçılıq etdiyi hərbi xunta hakimiyyətə gəldi. Hazırlıq prosesinin uzanacağını görən FİFA problemlərin tezliklə həll olunması üçün Cənubi Amerika ölkəsinə 500 milyon dollar kredit ayırmaq məcburiyyətində qaldı. Məhz bu pullar sayəsində Argentinada yeni stadionların tikilməsi, köhnə hava limanlarının rekonstruksiyası və rəngli televiziyanın geniş yayılması mümkün oldu. Buna baxmayaraq, Avropada etirazlar səngimirdi: “köhnə qitə”nin təmsilçiləri turnirin siyasi rəqiblərinə qarşı repressiyalara əl atan Videlanın rəhbərlik etdiyi ölkədə keçirilməsinə qarşı idi. Mundialı birgə keçirməyi planlaşdıran Niderlandla Belçika bu baxımdan daha çox seçilirdi. Amma FİFA radikal addımlar atmaq istəmədi.
Ev sahibi Argentinayla son qalib AFR birbaşa final mərhələsinə buraxıldı. Seçmə mərhələdə Avropa zonasında ciddi sensasiyalar yaşandı: sabiq SSRİ yığması Macarıstandan zəif oldusa, Çexoslovakiya Şotlandiyadan geri qaldı. DÇ-66-nın bürünc mükafatçısı Portuqaliya Polşayla mübarizədə məğlub olaraq ardıcıl 3-cü mundiala yollana bilmədi. İtaliya və İngiltərə eyni sayda xal toplasalar da, “skuadra adzurra” topların daha yaxşı fərqinə görə vəsiqəyə sahib çıxdı. Afrika zonasında 22 yığmanın mübarizəsindən Tunis qalib ayrıldı.
Birinci mərhələdə ən gözlənilməz nəticə 4-cü qrupda qeydə alına bilərdi. Niderland millisinin məşqçisi olan Ernst Happelin təkəbbürü az qala “narıncılar”a çox baha oturacaqdı. O, DÇ-78-in püşkatmasından sonra bu sözləri dedi: “İran və Peruya qarşı oyunlara yoxlama matçları gözüylə baxırıq. Qrup lideri isə son turda baş tutacaq Şotlandiya ilə görüşümüzdə müəyyənləşəcək”. Nəticədə Peru “kvartet”də 1-ci yeri tutdu, Teofilo Kubilyas isə bu turnirdə daha 5 top vurmaqla mundiallardakı qollarının sayını 10-a çatdırdı. Şotlandlar pley-offun bir qol addımlığında olarkən, Repin 27 metrlik məsafədən vurduğu top Niderlandı xilas etdi.
Finalda, demək olar, 4 il əvvəlki ssenari təkrarlandı. “Narıncılar” yenə də meydan sahibləri ilə qarşılaşdı və oyun planında üstün görünürdü. Bir fərqlə ki, onlar bu dəfə hesabı açan yox, bərabərlik qolunu vuran tərəf oldu. Niderlandlılar əsas vaxtın sonuna 30 saniyə qalmış yerli azarkeşlərə əsl şok yaşada bilərdi, ancaq Rensenbrinkin zərbəsi dirəyə tuş gəldi. Əvəzində Argentina əlavə hissələrin hər birində rəqib qapısına bir dəfə yol taparaq ilk dəfə dünya çempionu adını qazandı. Niderland isə ardıcıl ikinci DÇ-nin həlledici matçında meydan sahiblərinə uduzdu.
DÇ-1978 – ARGENTİNA
Vaxt: 1-25 iyun
Oyunların keçirildiyi şəhərlər: Buenos Ayres, Kordova, Mar del Plata, Mendosa, Rosario
Oyunların keçirildiyi stadionların sayı: 6
İştirakçılar (5 konfederasiyadan 16 milli komanda): AFR, Argentina, Avstriya, Braziliya, Fransa, Niderland, İran, İspaniya, İsveç, İtaliya, Macarıstan, Meksika, Peru, Polşa, Tunis, Şotlandiya
Oyun sayı: 38
Qol sayı: 102 (orta hesabla 2,68)
Poker: 0
Het-trik: 2
Penalti: 14 (12-si dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 58 (3)
Avtoqol: 3
Tamaşaçı sayı: 1545791 (orta hesabla 40679)
1-ci yer: Argentina
2-ci yer: Niderland
3-cü yer: Braziliya
4-cü yer: İtaliya
Bombardir: Mario Kempes (Argentina) – 6
Turnirin rəmzi yığması
Qapıçı – Ubaldo Filyol (Argentina); müdafiəçilər – Alberto Tarantini, Daniel Passarella (hər ikisi Argentina), Ruud Krol (Niderland), Berti Foqts (AFR); yarımmüdafiəçilər – Dirseu (Braziliya), Teofilo Kubilyas (Peru), Rob Rensenbrink (Niderland); hücumçular – Franko Kauzio (İtaliya), Daniel Bertoni, Mario Kempes (hər ikisi Argentina).
Birinci mərhələ
1-ci qrup: İtaliya – Fransa 2:1, Argentina – Macarıstan 2:1, İtaliya – Macarıstan 3:1, Argentina – Fransa 2:1, Fransa – Macarıstan 3:1, Argentina – İtaliya 0:1.
1. İtaliya 3 3 0 0 6-2 6
2. Argentina 3 2 0 1 4-3 4
3. Fransa 3 1 0 2 5-5 2
4. Macarıstan 3 0 0 3 3-8 0
2-ci qrup: AFR – Polşa 0:0, Tunis – Meksika 3:1, AFR – Meksika 6:0, Polşa – Tunis 1:0, AFR – Tunis 0:0, Polşa – Meksika 3:1.
1. Polşa 3 2 1 0 4-1 5
2. AFR 3 1 2 0 6-0 4
3. Tunis 3 1 1 1 3-2 3
4. Meksika 3 0 0 3 2-12 0
3-cü qrup: Avstriya – İspaniya 2:1, Braziliya – İsveç 1:1, Avstriya – İsveç 1:0, Braziliya – İspaniya 0:0, İspaniya – İsveç 1:0, Braziliya – Avstriya 1:0.
1. Avstriya 3 2 0 1 3-2 4
2. Braziliya 3 1 2 0 2-1 4
3. İspaniya 3 1 1 1 2-2 3
4. İsveç 3 0 1 2 1-3 1
4-cü qrup: Peru – Şotlandiya 3:1, Niderland – İran 3:0, Şotlandiya – İran 1:1, Niderland – Peru 0:0, Peru – İran 4:1, Şotlandiya – Niderland 3:2.
1. Peru 3 2 1 0 7-2 5
2. Niderland 3 1 1 1 5-3 3
3. Şotlandiya 3 1 1 1 5-6 3
4. İran 3 0 1 2 2-8 1
İkinci mərhələ
A qrupu: Niderland – Avstriya 5:1 (Brandts, 6. Rensenbrink, 35-p. Rep, 36; 53. V.Van der Kerkhof, 82 – Obermayer, 79), AFR – İtaliya 0:0, AFR – Niderland 2:2 (Abramçik, 3. D.Müller, 70 – Haan, 27. R.Van der Kerkhof, 84), İtaliya – Avstriya 1:0 (Rossi, 14), Avstriya – AFR 3:2 (Foqts, 59-öz qapısına. Krankl, 66; 87 – Rummenigge, 19. Höltsenbayn, 68), Niderland – İtaliya 2:1 (Brandts, 50. Haan, 75 – Brandts, 18-öz qapısına).
1. Niderland 3 2 1 0 9-4 5
2. İtaliya 3 1 1 1 2-2 3
3. AFR 3 0 2 1 4-5 2
4. Avstriya 3 1 0 2 4-8 2
B qrupu: Braziliya – Peru 3:0 (Dirseu, 15; 28. Ziko, 72-p.), Argentina – Polşa 2:0 (Kempes, 16; 71), Polşa – Peru 1:0 (Şarmax, 65), Argentina – Braziliya 0:0, Braziliya – Polşa 3:1 (Nelinyo, 12. Dinamit, 57; 63 – Lyato, 45), Argentina – Peru 6:0 (Kempes, 21; 48. Tarantini, 43. Luke, 50; 72. Hausman, 67).
1. Argentina 3 2 1 0 8-0 5
2. Braziliya 3 2 1 0 6-1 5
3. Polşa 3 1 0 2 2-5 2
4. Peru 3 0 0 3 0-10 0
3-cü yer uğrunda oyun
Braziliya – İtaliya 2:1
Nelinyo, 64. Dirseu, 72 – Kauzio, 38.
final
Argentina – Niderland 3:1, əlavə vaxtda (1:0, 0:1, 2:0)
Argentina: Filyol, Olgin, Qalvan, Passarella, Tarantini, Qalyeqo, Ardiles (Larrosa, 65), Kempes, Bertoni, Ortis (Hausman, 74), Luke.
Niderland: Yonqblud, Krol, Yansen (Sürbir, 72), Brandts, Portvlit, Haan, Neeskens, Villi van der Kerkhof, Rene van der Kerkhof, Rensenbrink, Rep (Nanninqa, 59).
Qollar: Kempes, 38 (1:0). Nanninqa, 82 (1:1). Kempes, 105 (2:1). Bertoni, 115 (3:1).
Vərəqələr: Krol, 15. Ardiles, 40. Larrosa, 93. Sürbir, 94. Portvlit, 96 – sarı.
Hakim: Serco Qonella (İtaliya).
25 iyun. Buenos Ayres. “Monumental” stadionu. 71483 tamaşaçı.
Bilirsizmi?
İkinci mərhələdə B qrupunda qalmaqal yaşandı. Son tur ərəfəsində 3 xal yığan Argentinayla Braziliyanın uyğun olaraq Peru ilə Polşaya qalib gələcəkləri halda finala vəsiqənin taleyini topların fərqi həll edəcəkdi. Oyunlar eyni saatda başlamadığına görə meydan sahibləri artıq Peruyla matçdan əvvəl 4 top fərqiylə qələbə qazanmalı olduqlarını bilirdi. 50 dəqiqəyə vəzifəsinin öhdəsindən gələn “albiselesta” qalan vaxt ərzində daha iki dəfə rəqib qapısına yol tapdı. Teofilo Kubilyasla müdafiəçilərin olduqca zəif çıxışı görüşün danışılmış xarakter daşımasıyla bağlı ciddi şübhələr yaratdı. Braziliyalılar FİFA-ya şikayət göndərsə də, bunun xeyri olmadı. Yalnız illər sonra İngiltərə KİV-inin araşdırması maraqlı məqamları ortaya çıxardı. Belə ki, Argentinadan Peruya 35 min ton həcmdə taxıl partiyasının tədarükü və Argentina Mərkəzi Bankının Perunun dövlət hesablarına qoyulan qadağanı aradan götürdüyü məlum oldu. Söhbət 50 milyon dollara yaxın məbləğdən getsə də, anonimliyini qorunmasını istəyən 3 futbolçu komandanın hər bir üzvünün cəmi 20 min aldığını açıqladı.
Maraqlıdı...
* DÇ-74-ün finalında meydana çıxan və komandaları üçün çox vacib rol oynayan iki futbolçu – Paul Braytnerlə Yohan Kroyff Argentinadakı turnirdə iştirak etmədi. Məşqçi Helmut Şön və oyundaşlarıyla münaqişə yaşayan Braytner 1975-81-ci illər aralığında milliyə dəvət almadı. Çətin xarakterə sahib yarımmüdafiəçi bu müddət ərzində bundestimin bir nömrəli tənqidçisinə çevrildi.
Kroyffun imtinası əvvəlcə siyasi baxışlarıyla izah olunurdu. “Qızıl top”un 3 qat qalibinin məhz Videla rejiminə neqativ münasibətinə görə Argentinaya yollanmaması əsas versiya sayılırdı. Ancaq hücumçu illər sonra əsl səbəbi açıqladı: “Mundiala yollanan futbolçunun konsentrasiyası maksimum dərəcədə olmalıdı. Həmin vaxt bu mənada problem yaşayırdım. Barselonadakı mənzilimizə basqın edildi, məni və həyat yoldaşımı silahla hədələdilər, uşaqlarımız isə bütün bunları izləməyə məcbur oldu. Sonradan evim 4 ay mühafizə olundu, polislər isə övladlarımı hər yerdə müşayiət edirdi. Belə anlarda həyatda futboldan başqa dəyərlərin də olduğunu anlayırsan”.
* FİFA ilk dəfə məhz DÇ-78-də oyunun əsas və əlavə vaxtı heç-heçəylə bitəcəyi halda qalibi müəyyənləşdirmək üçün penalti seriyasından istifadə olunacağını bildirdi. Ancaq turnirdə bu yenilikdən yararlanmaq qismət olmadı. Yalnız 4 il sonra – DÇ-82-in Fransa ilə AFR arasında keçirilən yarımfinal matçında penalti seriyasına ehtiyac duyuldu.
* Fransa millisi təkcə 22 yaşlı Mişel Platininin mundialda debütüylə yadda qalmadı. “Üçrənglilər” Macarıstanla oyunda Mar del Platın “Atletiko Kimbeyra” klubunun formasında çıxış etməli oldu. Buna səbəb hər iki komandanın matça ağ futbolkada çıxması idi. Nəticədə görüş bir qədər gec başladı, fransızlar isə yaşıl-ağ köynək və göy şortik geyməli oldu.
* Argentina millisində futbolçuların nömrələri soyadlarına əsasən müəyyənləşdirilirdi. Bu səbəbdən hücumçu Norberto Alonso “1”, qapıçı Ubaldo Filyol isə “5” nömrə altında çıxış edirdi.
Faktlar
* Niderlandlı hücumçu Rob Rensenbrinkin Şotlandiyayla oyunda penaltidən vurduğu top mundiallar tarixində 1000-ci qol oldu.
* Niderland yığması Çexoslovakiya (1934, 1962) və Macarıstandan (1938, 1954) sonra iki finalda uduzan üçüncü komanda oldu.
* Şotlandiya yığmasının üzvü Villi Conston final turnirlərində haitili Jan-Jozefdən (DÇ-74) sonra dopinqdə “ilişən” ikinci futbolçu oldu. Hücumçu mundialdan kənarlaşdırıldı, amma komandasının Peruya 1:3 hesabıyla uduzduğu oyunun nəticəsi qüvvədə qaldı.
* Niderlandlı müdafiəçi Endi Brandts final turnirində bir matçda həm rəqib, həm də öz qapısına qol vuran yeganə futbolçudu.
* Argentina millisində “Valensiya”da oynayan Mario Kempes və həmin vaxt azad agent olan Alberto Tarantinini saymasaq, digər 20 futbolçunun hamısı yerli çempionatda çıxış edirdi.
* Tunisin Meksikanı 3:1 hesabıyla üstələməsi Afrika qitəsinin təmsilçilərinin mundiallarda ilk qələbəsi oldu.
DÇ-nin ulduzu
Mario Kempes – yadınızdadısa, əvvəlki 10 mundialda FİFA turnirin ən yaxşı futbolçusu ilə bağlı nüfuzlu futbol tarixçi və statistiki Ecikeme İkvunzenin seçimini dəstəkləyirdi. Bu dəfə fərqli oldu: DÇ bitəndən sonra məşqçilər, sabiq oyunçular və tənqidçilərdən ibarət 23 nəfərlik ekspert qrupu yaradıldı. Onlar arasında keçirilən səsverməyə əsasən, Mario Kempes bütün rəqiblərini qabaqladı. Maraq üçün italiyalı Rossinin ikinci, braziliyalı Dirseunun isə üçüncü yeri tutduğunu qeyd edək.
Əslində Kempesin turnirdə iştirakı sual altındaydı. Qaydalara əsasən, bütün klublar futbolçularını DÇ-yə buraxmalı olsa da, “Valensiya” bunu etməkdə istəkli deyildi. Obyektiv səbəb var idi: Argentinada hakimiyyəti ələ alan hərbi xuntadan hər şey gözləmək olardı. “Yarasalar” La Liqanın ikiqat bombardirinin mundialdan sonra kluba qayıdacağı ilə bağlı zəmanət tələb edirdi. Buna görə də İspaniya klubu Kempesin DÇ-yə yollanması üçün 25 min dollar istədi. Daha 250 min isə girov şəklində ödənməliydi və forvardın “Valensiya”ya zədəsiz qayıdacağı halda qaytarılacaqdı. Argentina Futbol Assosiasiyası bu tələblərə razılaşdı.
Birinci mərhələdə 3 oyunun heç birində qol vura bilməyən 24 yaşlı “El Matador” azarkeşlərin ciddi tənqidinə tuş gəldi. Məşqçi Sesar Luis Menotti zarafatyana forvarda bığını qırxdırmağı təklif etdi. Bu məsləhətə qulaq asan Kempes ikinci mərhələdə və finalda, sadəcə, qarşısıalınmaz idi.
Çempion məşqçi
Sesar Luis Menotti – o, DÇ-70-də Braziliyanın oyunundan təsirlənəndən sonra məşqçi olmaq qərarına gəldi. Evdə keçirilən mundialdan əvvəl həm milli, həm də ölkə ciddi böhran yaşayırdı. Buna baxmayaraq, hər kəs Menottidən yalnız qələbə gözləyirdi. Çalışdırıcının turnirin iştirak ərizəsini formalaşdırarkən müəyyən təzyiqə məruz qaldığını xatırladaq. Məsələn, kapitan Daniel Passarellanın ultimatumu 17 yaşlı Dieqo Maradona DÇ-dən kənarda qalmasına gətirdi. Yarımmüdafiəçi Norberto Alonso isə əksinə, admiral Karlos Lakostanın tələbindən sonra heyətə salındı.
DÇ həyəcanı: 1-dən 22-yə qədər
DÇ 2026

