“Qəbələ” Misli premyer-liqasının 2022-23 mövsümünə ardıcıl üç qələbə ilə başlayıb.
“Qırmızı-qaralar” “Turan Tovuz” (2:0) və “Şamaxı”nın (3:1) ardınca “Kəpəz”i də məğlubiyyətə uğradıb – 3:0. Bu, premyer-liqada 2006-07 mövsümündə debüt edən “Qəbələ”nin tarixində ən yaxşı startdı. Komanda bunadək mövsümün ilk üç turunda 9 xal toplamayıb.
Üç dəfə startda 7 xal yığmaq mümkün olub. 2015-16, 2016-17 və 2021-22 mövsümündə əldə olunan bu göstərici rekordla yenilənib. “Qəbələ” dörd dəfə ilk iki qarşılaşmada qalib gəlsə də, 3-cü turda seriyası qırılıb. Buna 2007-08, 2008-09, 2013-14 və 2017-18 mövsümlərində təsadüf olunub. Cari çempionatda isə startdakı qələbə seriyası üçə yüksəlib.