Argentinanın dünya çempionatlarında bəlkə də ən çox çəkindiyi rəqib Almaniyadı.
Bu komandaların mundiallarda 7 dəfə yolu kəsişib və cənubi amerikalılar yalnız bir dəfə - DÇ-1986-nın finalında qalib gəliblər! Yürgen Klinsmann DÇ-lərdə Argentinanı həm futbolçu (1990), həm də baş məşqçi (2006) kimi məğlub etmiş yeganə almandı. Argentinanın ''Ole'' nəşri bugünlərdə əfsanəvi almaniyalıdan müsahibə götürüb. Karyerası boyunca 628 oyuna 288 qol vuran Klinsmann “Bavariya”dan, bundesliqadan və qarşıdakı DÇ-dən danışıb.
- Robert Levandovskinin ayrılmasını və ''Bavariya''nın onun yerinə Sadio Maneni transfer etməsini necə qiymətləndirirsiz?
- Levandovskinin ayrılması təkcə ''Bavariya'' yox, bütövlükdə bundesliqa üçün çox ciddi itkidi. Çünki o, müasir futbolun ən tanınmış və güclü oyunçularındandı. Amma onun boşluğunu Mane ilə doldurmaq ideyasının yaxşı variant olduğunu düşünürəm. Hərçənd oyun tərzinə görə Mane ilə Levandovski fərqli oyunçulardı. ''Bavariya''nın hücumdakı taktikası bir qədər dəyişəcək. Bu, Yulian Naqelsmann üçün də böyük çağırışdı.
- ''Bavariya'' ilə adı yanaşı hallanan oyunçulardan biri Kriştiano Ronaldodu…
- Bunun ''Bavariya'' üçün uğurlu sövdələşmə olacağını düşünmürəm. Təbii ki, Ronaldo ilə Messi son 15 ilə damğa vurmuş böyük futbolçulardı. Ronaldo əsl peşəkar və gənclər üçün əla örnəkdi. Amma bu yaşdan sonra ''Bavariya''ya fayda verəcəyini düşünmürəm. Münhenlilər daha gənc və inkişafa meyilli hücumçular almalıdı.
- ''Bavariya''nın bundesliqada dominantlığı bu mövsüm də davam edəcək?
- ''Bavariya'' hələ ki ideal mərkəz hücumçusu almayıb. Amma rəhbərliyin bu yay həyata keçirdiyi transfer siyasətini bəyənirəm. Təbii ki, onlar yenə çempionluğa əsas namizəddi. Amma Şlotterbek, Zyule, Halle kimi oyunçuları transfer edən ''Borussiya''nı və Verneri qaytaran ''Leyptsiq''i də izləmək maraqlı olacaq.
- Sizcə, DÇ-nin noyabr-dekabrda olması mövsümün axarına necə təsir edəcək?
- Hamı üçün qəribə mövsüm olacaq. Sözsüz, mundial klubların və futbolçuların oyununa təsir göstərəcək. Turnirin startına yaxın artıq futbolçuların fikri ora yönələcək. Oyunçuların Qətərdən hansı durumda qayıtması da mühüm rol oynayacaq. Məsələn, qrup mərhələsində mübarizəni dayandıranlar yaxşı fiziki formada, amma motivasiyasız qayıdacaqlar. Dünya çempionu statusunda qayıdanlar isə psixoloji cəhətdən çox ruhlanacaqlar.
- Bundesliqa rəhbərliyi pley-off sistemi üzərində ciddi şəkildə baş sındırır.
- Məncə, maraqlı və pozitiv ideyadı. Mövsümün sonunda pley-off sisteminin olmasını dəstəkləyirəm. İntriqa davam edəcək. Normal mövsümün çempionunun pley-offda da çempion olacağına heç kim zəmanət verə bilməz. Bu, marağı da artıracaq. Yoxsa ''Bavariya'' və PSJ-nin dominantlığı onların oynadığı liqalara marağı azaldır. ABŞ çempionatında da pley-off tətbiq olunur və çox xoşuma gəlir.
- Bir qədər də DÇ-lər haqda danışaq. DÇ-1990-nın finalı xatirənizdə necə qalıb? Həmin vaxt Almaniyanın birləşməsi sizin üzərinizdə əlavə təzyiq yaratmışdımı?
- Bəli, DÇ-1990 almanlar üçün xüsusi turnir idi. Ondan bir neçə ay öncə ''Berlin divarı''nın sökülməsi və ölkənin birləşməsi komandaya da təsir etdi. Amma pis yox, yaxşı mənada. Bu, üzərimizdə gərginlik yaratmadı, əksinə, bizi daha da motivasiyalandırdı. O vaxt Dieqo Maradona başda olmaqla ən güclü oyunçular İtaliyada çıxış edirdi. Amma biz İtaliyada çox böyük dəstək görürdük və özümüzü evdəki kimi hiss edirdik. DÇ-ni qazanmaq üçün bundan gözəl zaman ola bilməzdi. Həyatda baş verən hər şeyin bir səbəbi var. Həmin vaxt biz yeni və birləşmiş Almaniyanı dünyada gözəl şəkildə tanıtmaq üçün əla fürsət qazanmışdıq.
- Bəs Argentinaya qarşı DÇ-2006-nın 1/4 finalındakı dueli necə xatırlayırsız?
- İlk saniyəsindən tutmuş penalti seriyasindakı son zərbəyə qədər çox dramatik bir qarşılaşma oldu. O oyunu dramatik filmə bənzədirəm. DÇ-lərdə elə oyunlar var ki, dəfələrlə təkrarına baxsan da, bezmirsən. Həmin qarşılaşma məhz belə oyunlar sırasındadı. Bəxt tərəfimizdə oldu. O görüşdən inanılmaz dərəcədə pozitiv enerji almışdıq.
- Lionel Messinin o qarşılaşmada 1 dəqiqə də oynamaması sizi təəccübləndirdi?
- Bəli, Messinin meydana çıxmamasına çox sevindim. Hətta oyunun gedişində dua edirdim ki, meydana çıxmasın.
- Almaniya Qətərə hansı durumda yollanacaq?
- Flik yığmanın baş məşqçisi vəzifəsində çox mühüm işlər görür. Əslində hələ DÇ-2018-dən sonra hiss olunurdu ki, yığmada dəyişikliyə ehtiyac var. Almanlar həmişə nəhəng turnirlərdə yığmadan çox şey gözləyirlər. Çünki bizim ölkənin futbol tarixi zəngindi. İnsanlar hər dəfə komandadan ən azı final tələb edirlər. Qətərdə medalçılar arasına düşmək heç də asan olmayacaq. Amma gələcəyə ümidlə baxmağa imkan verən məqamlar var. Flik hər futbolçunun üstün keyfiyyətini tapıb ondan yararlanmağı bacarır. Ən əsası komanda DÇ-2018-də yaşananları unutmalıdı. Əminəm ki, bizi möhtəşəm turnir gözləyir.
- Bəs əsas favoritləriniz kimlərdi?
- Mən favoritləri seçmə mərhələyə əsas müəyyənləşdirməyə üstünlük verirəm. Bu baxımdan mənim üçün Argentina və Braziliya Avropa yığmalarından bir addım öndədi. Həm də bu komandalar çoxdan çempion ola bilmir. Onlar Qətərə yüksək motivasiya ilə gələcəklər. Cənubi amerikalılardan sonra mənim üçün İngiltərə, İspaniya, Fransa, Almaniya və Portuqaliya gəlir. Amma bu komandaların işi çox çətin olacaq. Fikrimcə, DÇ-1990-dan sonra Argentina bir neçə dəfə mundialın qalibi ola bilərdi. Kim bilir, bəlkə də bu, Qətərdə baş verəcək?! Bunun baş verməsini istərdim. Xüsusilə də Messiyə görə. Qoy bu dəfə Santa Klaus Yeni ilə ona dünya çempionluğunu hədiyyə etsin (gülür).