“Mançester Siti” mövsümün startında Superkubokda prinsipial rəqib “Liverpul”a məğlub olsa da, premyer-liqanın ilk turunda səfərdə “Vest Hem” üzərində inamlı qələbə qazandı.
“Şəhərlilər” bu mövsüm son 6 ildə 5-ci dəfə çempion olmağa çalışacaqlar. Premyer-liqa yaranandan, yəni 1992-dən bəri 6 ilə 5 çempionluğu yalnız “Mançester Yunayted” əldə edib. Komandanın aparıcı oyunçularından olan Bernardo Silva avqustun 10-da – 28-ci doğum günündə ESPN kanalına müsahibə verib. Portuqaliyalı yarımmüdafiəçi 2017-dən “Siti”dədi və bu müddət ərzində 4-ü çempionluq olmaqla 11 titul qazanıb. Amma bu transfer dönəminin sonuna qədər onun “Barselona”ya transfer olunacağı istisna edilmir. Onun sözlərindən belə çıxır ki, bu keçid hər an baş tuta bilər...

- Tətildən sonra özünü necə hiss edirsən? Yeni mövsümə hazırsan?
- Tətil mənim üçün çox yaxşı keçdi. Bəzən yeni enerji toplamaq üçün həqiqətən də istirahətə ehtiyac olur. Hətta mövsümün ortasında da bir də görürsən ki, bir neçə günlük dincəlmək istəyirsən. Bu yay tətili əvvəlki illərlə müqayisədə bir qədər qısa oldu. Buna baxmayaraq dostlarım və sevdiyim insanlar ilə gözəl zaman keçirdim. Maraqlı səyahətlərim oldu.
- “Siti”də 4 çempionluq daxil olmaqla çoxlu titul qazanmısan. Yeni qələbələr üçün motovasiyanı hardan tapırsan?
- Düzdü, son 5 ildə 4 çempionluq əla nəticədi. Amma “Mançester Siti” son 20-30 ilə damğa vuran bir komanda olmaq istəyir. İnsanların bizi premyer-liqa tarixinin ən güclülərindən biri kimi xatırlamasını istəyirik. Bu baxımdan 6 ilə 5-ci çempionluq qazanmaq daha da əla olar. Yaxşı transferlər həyata keçirmişik və hələ də qələbələr üçün acıq.
- “Siti”nin bu dərəcədə rəqabətədavamlı komandaya çevrilməsində Qvardiolanın rolu nə qədərdi?
- O sənə rahatlaşmağa imkan vermir. Ona görə də bizim standartlarımız bu qədər yüksəkdi. Məşqçi hər cəhətdən tələbkar olanda futbolçu da istər-istəməz özünü hazır vəziyyətdə tutmalıdı. Bizim komandada hər kəs bilir ki, meydanda yüz faiz gücünü qoymayan futbolçunun start heyətinə düşməsi mümkün deyil! Yəni oynamaq istəyirsənsə, maksimumunu verməyə məcbursan.
- Bəs məşqçinin bu tələblərinin öhdəsindən necə gəlirsiz?
- Etiraf edirəm ki, bəzən bütün bu proses çox yorucu və gərgin bir hal alır. Amma digər tərəfdən ən yüksək səviyyədəki futbolun tələblərinə cavab vermək üçün belə də olmalıdı. “Mançester Siti” kimi qarşısına ən yüksək hədəflər qoyan klubda oynamaq üçün bunların öhdəsindən gəlməyi bacarmalısan. Bu yüksək standart və rəqabət tək bizdə yox, “Liverpul”, “Çelsi”, “Real”, “Barselona”, “Yuventus”, “Bavariya” kimi klublarda da mövcuddu. Orda da hər futbolçu başa düşür ki, onun yerini tutmağa hazır olan başqa oyunçular var.
- Bu mövsüm də “Mançester Siti” ilə “Liverpul”un amansız mübarizəsini izləyəcəyik?
- İndidən nəsə demək çətindi. Düzdü, son 4-5 ilin nəticələrinə nəzər salanda düşünmək olar ki, əsas mübarizə yenə bu iki klub arasında gedəcək. Amma “Çelsi” başda olmaqla başqalarını siyahıdan silmək çox tezdi. “Tottenhem” və “Arsenal” ildən-ilə güclənir. “Mançester Yunayted”in də yeni məşqçisi və transferləri var. Onların da son illərlə müqayisədə güclənəcəyini düşünürəm. Premyer-liqa güclü rəqabətin olduğu turnirdi və əvvəlcədən nəsə demək çətindi. Ən azı 6 komanda var ki, bütün titullar uğrunda mübarizə aparmağa qadirdi.
- Yeni mövsümdə “Mançester Siti”nin çoxdankı hədəfini reallaşdırmaq, yəni Çempionlar Liqasını qazanmaq üçün daha bir şansı olacaq. Bu çağırışa hazırsızmı?
- Bu turnirin son illərdə bizə yaşatdığı üzüntü çox böyükdü. ÇL həm klub, həm də oyunçular üçün ən böyük hədəfdi. Çünki biz bu turnirdən başqa iştirak etdiyimiz bütün turnirləri qazanmışıq. Yenidən onu qazanmağa cəhd edəcəyik. Amma eyni zamanda bunun necə çətin bir hədəf olduğunun da fərqindəyik. Burda hətta bir an belə konsentrasiyanı itirmək olmaz. İtirdinsə, mübarizəni dayandırırsan. Biz bunu bir neçə il əvvəl “Tottenhem”, eləcə də ötən mövsüm “Real” ilə oyunda yaşadıq.
- “Real”la görüşdə finalın biraddımlığında olarkən iki dəqiqəyə iki top buraxdız. Bu uğursuzluğu unuda bilmisizmi?
- Belə hadisəni tam unutmaq zatən mümkün deyil. 2019-cu ildə “Tottenhem”lə oyunda yaşananlar, sadəcə, ağlasığmaz idi. Halbuki həmin mövsüm biz çox güclü idik. Premyer-liqa çempionluğu da daxil olmaqla 4 titul qazanmışdıq. Amma məhz “Tottenhem”ə qarşı həmin oyuna görə mövsümün sonunda bizdə belə bir hiss var idi ki, nəyisə düzgün etmədik. Eyni şeylər ötən mövsüm də təkrarlandı. 180 dəqiqəlik mübarizədə oyun baxımından “Real”dan üstün olduğunu bilə-bilə mübarizəni dayandırmaq çox ağir oldu. Amma məsələn, son turda “Aston Villa” ilə qarşılaşmada bunun tam əksini yaşadıq. Çempionluq göz görə-görə əlimizdən çıxırdı. Amma beş dəqiqəyə 3 qol vurub çempion olduq. Futbol məhz belə anlara görə bu qədər sevilir. Bunu yaşamağa dəyər. Bəzən bu, sənə sevinc, bəzən isə kədər bəxş edir. Amma bu xatirələr heç vaxt unudulmur.
- Çempionluq tədbirində zarafatla qeyd etdin ki, çempionluğu qazanmağa yardım edən məqam Cek Qrilişin ehtiyatda qalması oldu...
- Cek yaxşı oğlandı. Əla münasibətlərimiz var və tez-tez zarafatlaşırıq. Həmin gün kefimiz yaxşı idi və bir qədər spirtli içki də qəbul etmişdik. Layiqli şəkildə qazandığımız çempionluğu qeyd edirdik. Sadəcə, gülmək üçün deyilmiş bir söz idi.
- Komandada ən yaxın dostun Qrilişdi?
- Ümumiyyətlə, hamı ilə yaxşı anlaşıram. “Mançester Siti”nin paltardəyişmə otağında çox gözəl ab-hava var. Keçmişdə şərəfini qoruduğum komandaların heç də hamısında paltardəyişmə otağında vəziyyət ideal deyildi. Amma “Siti”də bu oyunçularla hər gün məşq etmək, zaman keçirmək mənim üçün xoşdu. Hami bir-biri ilə yaxşı anlaşır və hamı bir-birinə baxıb daha da həvəslə çalışır. İşində səni yaxşı insanlar əhatə edəndə o işə həmişə böyük həvəslə gedirsən.
- Artıq 28 yaşın var. Özünü paltardəyişmə otağında lider sayırsanmı?
- İllər ötdükcə yaşa dolursan. Burda hamını çox gözəl tanıyıram. Təbii ki, burda 5 il keçirməyim istər-istəməz paltardəyişmə otağına təsir etmək gücümü artırır. Bir klubda 5 il oynamaqla 5 ay oynamaq arasında böyük fərq var.
- Koronavirus dönəmində bir çox əcnəbi oyunçu İngiltərədəki həyatın onlar üçün çox çətin keçdiyini vurğulamışdılar. Məhdudiyyətlər aradan qaldırılıqdan sonra özünü Mançesterdə daha xoşbəxt hiss edirsən?
- Əlbəttə. İndi hər şey daha rahatdı. Koronavirus dönəmində həqiqətən də çətinliklər oldu. Biz əcnəbi oyunçular öyrəşmişik ki, əlimizə fürsət düşən kimi doğma məkanımıza yollanıb ailə üzvlərimizi görək. Mən tez-tez Portuqaliyaya yollanırdım. Amma təxminən ilyarım ərzində bu imkan əlimizdən alındı. Həm mənə, həm də sevdiyim xanım İnesə çox çətin idi. İndi həyat əvvəlki vəziyyətinə qayıdıb və hər şey qaydasındadı.
- Ötən yay olduğu kimi, bu yay da haqqında çoxlu şayiələr dolaşır. Gələcəyini hansı klubda görürsən?
- Həmişə demişəm ki, Mançesterdə xoşbəxtəm. Amma tam səmimi deyirəm ki, gələcəkdə nə olacağını bilmirəm. Yaşayıb görərik. “Siti” rəhbərliyi ilə münasibətlərim qaydasındadı. Həmişə onlara qarşı dürüst olmuşam və mənim nə istədiyimi bilirlər. Burda qalsam, mənim üçün heç nə dəyişməyəcək. Bu kluba böyük hörmətim var və “Siti”nin uğur qazanması üçün yenə də əlimdən gələni edəcəm. Amma qalası olmasam, bilmirəm nə baş verəcək. Bu futboldu. Dediyim kimi yaşayıb nə olacağını birlikdə görəcəyik.
- Bu yay Rahim Sterlinq və Qabriel Jezus kimi oyunçular Mançesteri tərk etmək istəyəndə klub bunu normal qarşıladı və heç bir problem yaratmadı. Necə düşünürsən, sən də ayrılmaq istədiyini bildirsən, klubun reaksiyası eyni olacaq?
- “Mançester Siti” böyük klubdu. Bu kluba buranı bəyənməyən və burdan narazı olan oyunçular lazım deyil! Burda hər kəs bilir ki, nədənsə narazılığı olan futbolçu hər an klubu tərk edə bilər. Bunu bizə tez-tez xatırladırlar. Amma əlbəttə, işin maddi tərəfi də var. Bu biznesdi. Klub öz oyunçusunun satışından pul qazanmaq istəyir. Amma şəxsən məndən söhbət gedirsə, rəhbərliklə aramızda qarşılıqlı hörmət var. Onlar mənə, mən də onlara qarşı səmimiyəm. Eyni sözləri fanatlar, klubun işçiləri və komanda yoldaşlarımla olan münasibət haqda da deyə bilərəm. Yəni ayrılıq baş versə belə, bu, qarşılıqlı hörmət şəraitində olacaq.
- Səncə son illərdə sərgilədiyin futbola layiqli dəyər verilirmi?
- “Mançester Siti” fanatlarının oyunuma dəyər verdiyini birmənalı şəkildə söyləyə bilərəm. Onların çox böyük dəstəyini hiss edirəm. Meydanda gördüyüm işə görə mənə tez-tez minnətdarlıqlarını bildirirlər. Ümumi götürəndə isə şikayətlənmək istəmirəm, amma hiss edirəm ki, bir futbolçunun başqa klubda etdikləri ilə burda etdikləri futbol dünyası tərəfindən eyni cür qiymətləndirilmir. Məsələn, mənim doğma klubum “Benfika”nı götürək. Portuqaliyanın ən böyük klubudu və inanılmaz azarkeş dəstəyi var. Orda nəsə edəndə, hami bunu mükəmməl qəbul edir. Amma eyni şeyi “Mançester Siti”də edəndə, bu, sadəcə, yaxşı bir şey kimi qəbul olunur. Bizim komandaya və oyunçulara sanki şübhə ilə yanaşılır. Bizdə ən güclü məşqçi yoxdu, oyunçularımız da ən güclü deyil. Amma 5 ilə 4 çempionluq qazanmışıq, eləmi? Bütün bunlar, sadəcə, onu göstərir ki, “Siti”nin oyunçuları lazımi dəyəri görmür. Və ya başqa sözlə desək, bizim oyunçular tez gözdən düşür. Onlara qarşı səbirsizlik var. Amma mənim üçün bunlar prinsipial əhəmiyyət daşımır. Əldə etdiklərimizlə bağlı həmişə xoş xatirələrim qalacaq.
- Yeni mövsümdən nə gözləyirsən? Nəzərə alaq ki, mövsümün ortasında dünya çempionatı keçiriləcək.
- Çox çətin və başqalarından fərqlənən bir mövsüm olacaq. Həqiqətən də mövsümün ortasında mundialın keçirilməsi qəribə görünür. Sanki mövsüm iki yerə bölünəcək: DÇ-yə qədər və DÇ-dən sonra. Bir məqam dəqiqdi ki, DÇ-yə qədər olan hissədə biz çempion ola bilməyəcəyik. Amma çempionluğu əldən verə bilərik. Ona görə də mövsümün ikinci hissəsini daha rahat və inamlı keçirmək üçün ilk hissədə yersiz xal itkilərinə yol verməməliyik.
- Portuqaliyanın çox yaxşı heyəti var. Qarşıdakı mundialdan nə gözləyirsən? Çempion ola biləcəksiz?
- Hər halda, buna cəhd edəcəyik. Bilirik ki, işimiz çətin olacaq. Almaniya, Argentina, Braziliya, Fransa, İspaniya, Niderland və İngiltərə kimi yığmalar da çox iddialıdı. Biz potensialımızın fərqindəyik. Portuqaliya DÇ-2022-nin 10 favoritindən biridi. Mundial premyer-liqadan çox fərqlənəcək. İngiltərə çempionatında 3-4 komanda çempionluq üçün mübarizə aparır. DÇ-də isə favoritlər daha çox olduğundan sürprizlər də çox olur. 10 komandadan hansının yolu əvvəldən sona qədər keçə biləcəyini proqnozlaşdırmaq çətindi.

Son xəbərlər

"Qarabağ"ın rəqibində növbəti itki

Qurban Qurbanov şəhid övladını sevindirdi

MY de Yonqun transferində israrlıdı

Boksçumuz yarımfinalda

"Barselona" onunla bağlı qərarını verdi

"Meydanda bir nəfər az olmağımız hiss olunmadı" - Mahmud Qurbanov

"Təbii örtükdən, süni örtüklü stadiona keçəndə təsirsiz ötüşmür" - Elmar Baxşıyev

PSJ hücumçusuna yeni müqavilə təklif edib

Keyta Almaniya yolunda

"Qəbələ" Bakıdan qələbə ilə dönür - YENİLƏNİB

Albaya yeni müştəri

Damfris İngiltərə nəhənginin hədəfində

Birinci divizionun matçlarının başlama saatı bəlli oldu

"Real" Militao ilə bağlı qərarını verdi

PFL-də yeni müqavilə

Məşhur futbolçu basketbol klubuna transfer oldu

UEFA-nın futbol festivalı Naxçıvanda keçirildi - FOTOLAR

Futbol adamları De Byazinin qovulmasının tərəfdarıdı - AÇIQLAMALAR

Premyer-liqada ən yaxşı baş məşqçi seçildi

Rahid Əmirquliyev: “Guya bilmirdi ki, bundan sonra Qaranın boyu uzanmayacaq?" - AÇIQLAMA

UEFA "Neftçi"yə vəsait köçürdü

Aslan Kərimov: “De Byazinin boy məsələsini səbəb göstərməsi bəhanədi” - AÇIQLAMA

Millimizin futbolçusu klubundan ayrıldı

Samir Əliyev U-21-in daha güclü rəqiblərlə oynamasını istəyir - AÇIQLAMA

"Barselona"nın "Mançester Siti"yə 52 milyon avro borcu var

“Dəstək baxımından da bu stadionlar daha uyğundu” - AÇIQLAMA

Köhnə mahnıların yeni ifaçısı - KÖŞƏ

Ağatahir Əzimov U-19-un üzvlərinə top saxlamağı, ötürmə verməyi öyrədir - AÇIQLAMA

Qriqorçuk Azərbaycanda oynamış futbolçunu komandasına gətirdi

"Benzemanın "qızıl top"u qazanacağına inanıram" - "Real"ın sabiq futbolçusu

Novruz Əzimov “Dinamo-Avto”nu toparlamağa çalışır - MÜSAHİBƏ

"Real Madrid"in futbolçusu La Liqanın ən yaxşısı seçildi

Rüdiger futbolkasını almaq üçün kimi 1 saat gözləyib? - MÜSAHİBƏ

Hiddink yenidən Avstraliya yığmasında?! - TƏHLİL

"Qarabağ"la oyunu buraxacağı dəqiqləşdi

PSJ Messiyə bu müqaviləni təklif etdi

"Olimpiakos"un "Qarabağ"ı məğlub edəcəyinə inanıram" ""Xəzər Lənkəran"ın sabiq futbolçusu

Millimizin oyununu idarə edəcək hakimlər açıqlandı

"Olimpiakos"un yeni transferi "Qarabağ"la oyuna çıxa bilər

Arda Turan üçün vida oyunu keçiriləcək

İngiltərə millisində ayrılıq

"Spartak" 5 illik seriyaya son qoydu

Elxan Abdullayev köməkçisini qovdu - AÇIQLAMA

Gəncə klubunun uğursuz çıxışının iki səbəbi var – AÇIQLAMA

Xaliq Mərdanov oğlunun avtoqoluna münasibət bildirdi - AÇIQLAMA

Bütün xəbərlər