Alesio əsas məqsədinə çatmadı

11.08.2022 13:26 740
Yığma / Manşet
Futzal millimizin avqustun 9-dan 20-dək keçirməli olduğu təlim-məşq toplanışı və Türkmənistanla yoxlama oyunları ləğv edilib.

Bu haqda Futzal Federasiyasının saytı məlumat yayıb. Toplanışın ləğvinin səbəbi Türkmənistan millisinin Bakıya səfərinin təxirə salınmasıdı.
Qonaqlar avqustun 10-dan 20-dək Bakıda təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində millimizlə 17-də və 19-da yoldaşlıq oyunları keçirməliydi.

Amma sənədləşmə prosesini vaxtında etmədiyinə və Azərbaycana giriş üçün viza ala bilmədiyinə görə orta asiyalıların Bakıya səfəri təxirə salınıb. Buna görə də millinin bu rəqiblə keçirəcəyi oyunlar, həmçinin təlim-məşq toplanışı ləğv olunub.

Maraqlıdı ki, türkmənlərin Bakıya gəlməməsi yığmanın da planlarına təsir edib. Baş məşqçi Joze Alesio Da Silva, ümumiyyətlə, toplanışı ləğv edib. Yoxlama görüşləri baş tutmasa belə, toplanışı plan üzrə davam etdirmək olmazdı? Axı payızda yığmanı seçmə mərhələ oyunları gözləyir.

Məsələ ilə bağlı Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Türkmənistan tərəfi iki ay əvvəl bizə müraciət edərək, 2 yoxlama matçı keçirmək istədiklərini xahiş etmişdi. Alesio da onlara müsbət cavab vermişdi. Baş məşqçi türkmənlərlə oyunlarda əsasən gənclərə şans vermək, onları iş başında görmək istəyirdi. Təəssüf ki, qarşı tərəf sənədləşmə işlərində yubandığına görə sözügedən oyunlar baş tutmadı. Toplanışın ləğvinə gəlincə, yenə deyirəm, bu görüşlərdə əsas məqsəd gəncləri gözdən keçirmək idi. FİFA-nın təqvimində bu arada “pəncərə” olmadığından millinin çalışdırcısı legionerlərə dəvət göndərməmişdi. Bu səbəbdən toplanışın ləğvinə qərar verildi”.


RƏŞAD

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul