“CBC Sport” FİFA və UEFA-dan sertifikat alıb

3.08.2022 16:35 816
Aktual / Günün xəbəri
“Qarabağ”ın “Ferentsvaroş”a qarşı keçirəcəyi oyunlarda VAR sistemindən istifadə olunacaq.

Bu sistem hazırkı mərhələdə ilk dəfə tətbiq olunacaq. UEFA VAR qurğusunu çatdırmaq üçün klublar və teleyayına cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.

Hakimlərin dəfələrlə "Qarabağ"ın oyunlarında kobud səhvə yol verdiyini nəzərə alsaq, əslində bu sistemin tətbiqi ağdamlıların xeyrinədi. Görəsən, sistemdən istifadədə hansısa problem olmayacaq? UEFA oyunun yayın hüququna malik “CBC Sport”a hansısa yardım göstərib? Ümumiyyətlə, telekanal bu görüş zamanı VAR-dan istifadədə problem yaşamacaq? Suallarımıza cavab tapmaq üçün “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq:

“Bu, UEFA-nın istəyidi. Bu təsnifat mərhələsində ilk dəfə VAR-dan istifadə olunur. Təşəbbüs qurumdan gəlib. Bu səbəbdən də UEFA öz VAR sistemindən istifadə edəcək. Çünki qurum istəyir ki, bu sınağı özü keçirsin. Biz tərəfdən onlara hansısa dəstək olmayacaq. Öz sistemlərini quraraq istifadə edib gedəcəklər. Amma “CBC Sport” premyer-liqa üçün FİFA və UEFA-dan lazım olan sertifikatı alıb. İnşallah, öz çempionatımızda VAR sistemini tətbiq edəcəyik”.


İLKİN SULTANLI