2020/21 mövsümü “Sumqayıt”ın tarixinə qızıl hərflərlə yazıldı. Məhz həmin mövsüm “kimyaçılar” Ayxan Abbasovun rəhbərliyi altında premyer-liqanın üçüncüsü olmaqla adından söz etdirdi.
Ancaq başa çatan “futbol ili” o qədər də ürəkaçan olmadı. Mövsümün gedişində Abbasovla yolları ayıran rəhbərlik boş qalan posta Aleksey Baqanı dəvət etsə də, belaruslu mütəxəssis belə komandanı dirçəldə bilmədi. Yekunda “ağ-göylər” mövsümü 6-cı yerdə başa vurdu.
Bəs görəsən, 2022/23 “futbol ili”ndə “gənclik şəhəri”nin təmsilçisinin azarkeşləri nəyə ümid etsin, 10 komandalı çempionatda “ağ-göylər” hansı yerlər uğrunda mübarizə aparmaq potensialındadı? Hazırda düşərgədə ab-hava necədi? Bu suallara cavab tapmaq üçün artıq “Sumqayıt”da 10-cu mövsümünü keçirməyə hazırlaşan Vurğun Hüseynovla söhbətləşməyi lazım bildik. Yeri gəlmişkən, mövsümlərarası fasilədə kapitanın “Sumqayıt”ı tərk edəcəyi ilə bağlı söz-söhbət dolaşırdı. Təcrübəli müdafiəçinin elitaya dönən “Turan Tovuz”a gedəcəyi deyilsə də, o karyerasını “kimyaçılar”da davam etdirməyi lazım bildi. Elə “3 nömrə” ilə söhbətə də bu mövzudan başladıq.
- Mövsümlərarası fasilədə adın uzun fasilədən sonra elitaya qayıdan “Tovuz Turan”la yanaşı hallanırdı. Səninlə yanaşı, Elvin Məmmədovun da Tovuza dönəcəyi deyilirdi. Ancaq gözləntilər doğrulmadı. Sən “Sumqayıt”la müqaviləni yenilədin, Elvin isə “Şamaxı”ya üz tutdu. Seçiminin səbəbini bilmək istərdim.
- Son vaxtlar bu sualı mənə hamı verir. Bir daha buna sizin vasitənizlə aydınlıq gətirmək istəyirəm. Əvvəlcə onu bildirim ki, “Turan Tovuz”un premyer-liqada çıxış etməsi, Ayxan Abbasovun ora baş məşqçi təyin olunması məni çox sevindirir. İstər klub rəhbərliyi, istərsə də baş məşqçi ilə gözəl münasibətim var. O ki qaldı “Sumqayıt”la müqaviləni yenilməyimə, ötən mövsümün sonuna 2-3 tur qalmış həm məsqçi, həm də rəhbərlik növbəti mövsümdə də məni komandada görmək istədiyini bildirdi. Təklif gəldi, danışıqlar masası arxasında oturduq. Müəyyən müzakirələrdən sonra ortaq məxrəcə gəldik. Açığı, özüm də “Sumqayıt”da qalmaq istəyirdim. Artıq 10-cü mövsüm olacaq ki, burdayam. Ruzini verən Allah olsa da, bu şəhərin komandasının çörəyini yeyirəm. “Sumqayıt”la danışıq apardığım vaxt “Turan Tovuz”la bağlı bir çox suala aydınlıq gəlməmişdi. Bəlkə də bu səbəbdən mənimlə nə baş məşqçi, nə də klub rəhbərliyi səviyyəsində əlaqə saxlayan oldu. "Sumqayıt" isə məni komandada saxlamağı daha çox istədi. Qərarıma görə də peşman deyiləm. Bu komandada qaldığım üçün xoşbəxtəm.
- “Turan Tovuz”dan söz düşmüşkən, doğma rayonunu təmsil edən klubun rəhbərliyi baş məşqçi üçün Azəbaycanda görünməmiş təqdimat mərasimi təşkil etdi. Komandanın Tovuzda ilk məşqində qurban da kəsildi. Necə düşünürsən, “Turan Tovuz” yeni mövsümdə azarkeşlərin bu sevgisinin qarşılığını verə biləcək?
- Səhv etmirəmsə, Ayxan müəllimin “Tovuz Turan”la müqaviləsinin müddəti 3 ildi. Fikrimcə, ona istədiyi komandanı qurmaq üçün vaxt lazımdı. 1-2 ildən sonra baş məşqçidən nəsə tələb etmək olar. Tovuzlu azarkeşlər də səbirli olmalıdılar. 9 ildən sonra elitaya dönən komandanın ilk illər yüksək yerlər uğrunda mübarizə aparması mümkün deyil. Tovuzlular bilməlidi ki, birinci divizionla premyer-liqa arasında yerdən göyə qədər fərq var. Ayxan müəllimə vaxt versələr, yerlilərimin istədiyi kimi komanda formalaşdıracaq (gülür). Komandanın yeni transferlərindən, düşərgədə başverənlərdən mətbuat və dostlarım vasitəsilə xəbər tuturam. Məncə, Abbasov Tovuz futbolunun adına, ənənəsinə layiq komanda quracaq. Ona da inanıram ki, “Turan Tovuz” uzun fasilədən sonra elitaya dönməsinə baxmayaraq, cari mövsümdə ən azı öz meydanında çoxlarına başağrı olacaq. Bir də azarkeşlərimizi yenidən qərb derbisini izləyəcəklərinə görə təbrik edirəm. “Kəpəz”in də premyer-liqaya qayıtması futbolsevərlərin yenidən qərb derbisinə şahidlik etməsinə şərait yaradacaq. Yeniyetmə vaxtlarımdan bilirəm ki, Tovuzda “Neftçi” və “Kəpəz”lə oyuna istər komanda, istərsə də azarkeş səviyyəsində necə hazırlaşırdılar. Məncə, mətbuat da “Turan Tovuz” – “Kəpəz”, “Kəpəz – “Turan Tovuz” matçarından çox yazacaq, oyun vaxtı stadionda yaşanan ab-hava çox danışılacaq.
- Ağır və uğursuz mövsümdən sonra, yəqin ki, istirahətə lazımi qədər vaxt ayıra bildin. Harda dincəldin, hara üz tutdun?
- Bəli, onu düz qeyd etdiz ki, geridə qalan “futbol ili” bizim üçün uğursuz və ağır alındı. Çünki çempionat başlayanda avrokuboklara vəsiqə uğrunda oynayırdıq, sonda isə axırıncı olmamaq üçün mübarizə apardıq. Məqsədlə reallıq fərqli oldu. Yenə şükürlər olsun ki, sonuncu olmadıq. İstirahətə gəlincə, ailə üzvlərimlə birgə Tovuza yollandım. Lazımınca istirahət etdim. Əslində elə də yorğun deyildim. Onsuz da çempionat ərzində çox oynamamışdım. Özümü çox yaxşı hiss edirdim. Yorğunluğum da yox idi. İndi də, demək olar, tam gümraham, məşqlərdə də özümü yaxşı hiss edirəm. Belə deyim, böyük həvəslə yeni mövsümə hazırlaşıram.
- Qeyd etdiyin kimi, artıq 10-cu mövsüm olacaq ki, “Sumqayıt”dasan. Demək olar, hər yay səninlə danışmışam və hər dəfə də istirahətlə bağlı Tovuza getdiyini bildirmisən. Adətən, futbolçular istirahət üçün ölkə xaricinə üz tutur. Sən isə həmişə rayonda istirahət etməyə üstünlük verirsən. Bu nədən qaynaqlanır: xaricə yollanmağa imkanın çatmır, yoxsa torpaq sevgisi çəkir?
- Sualınıza cavab olaraq bildirim ki, bu heç də imkanla bağlı deyil. Şükür Allaha, ən azı qardaş Türkiyədə istirahət etməyə gücüm çatır. Ancaq futbolçunin gününü bilirsiz. Toplanış, oyunlar… Qısamüddətli fasilədə rayona gedib atam-anama baş çəkməyə o qədər də vaxt olmur. Yay fasiləsində istirahət üçün bir qədər zamanımız olur ki, onda da istəyirəm böyüklərimin yanında olum, onlarla doyunca vaxt keçirim. Bir də Tovuz mənim üçün dünyanın ən gözəl istirahət məkanlarından da irəlidi. Düz qeyd etdiz ki, burda torpaq amili də var. Şair gözəl deyib, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Mənim üçün gəzmək də, ölmək də elə Tovuzla bağlıdı.
- Bir qədər də sizin üçün uğursuz alınan ötən mövsüm barədə danışaq. Bürünc medal qazanan komanda, özün də qeyd etdiyin kimi, növbəti “futbol ili”ndə sonuncu olmamaq üçün mübarizə apardı. Niyə belə oldu? Bir də Aleksey Baqa gəldiyi ilk vaxtlarda sənə sanki güvənmirdi, ancaq son turlarda əsas heyətdə yer almağa başladın. Nəticədə komanda müdafiədə etibarlı oyunla yadda qaldı və qələbələrə sevindi. Bu məsələyə də münasibət bildirərdin.
- Əvvəlcə sualın birinci hissəsinə cavab verim. Ötən yay rəqiblərimiz yeni transferlərlə gücləndiyi halda, biz əsasən heyəti qorumaqla yadda qaldıq. Bundan başqa, bürünc medalçı kimi bizimlə qarşılaşan komandalar bizi daha ciddiyə aldılar və bəlkə də əvvəlki mövsümdə “Sumqayıt”dı da” deyib, ötəri keçirdilərsə, mükafatçı olandan sonra bizə qarşı ikiqat əzmlə oynayırdılar. Məncə, əsas səbəblər bunlar idi. O ki qaldı Baqanın gəlişindən sonra kənarda qalmağıma, burda qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdu. Yanvardan sonra iki dəfə zədələndim. Məhz bu səbəbdən baş məşqçi məni heyətə qoya bilmirdi. Çempionatın sonlarına yaxın hər şey yoluna düşdü, özümü yaxşı hiss etməyə başladım, məşqlərdə tam qüvvə ilə çalışırdım ki, Baqa da bunu görürdü. Belədə yenidən əsas heyətdəki yerimi qaytardım.
- Bu yay artıq premyer-liqanın başqa klubları kimi “Sumqayıt”a da legioner transfer etmək icazəsi verildi. Səncə, bu kluba xeyir verəcək, yoxsa əvvəlki siyasət daha düzgün idi?
- Bu yay əksər aparıcı oyunçularımızın düşərgəni tərk etdiyi heç kimə sirr deyil. Həqiqətən yeni komanda qurulur. Legionerlərə də icazə verilməsi yaxşı haldı. Gənclərimizin inkişafını istəyiriksə, əcnəbilərin olmasına sevinməliyik. Ən azı onların yanında məşq edib oynamaqla əlavə nəsə öyrənə, inkişafa nail ola bilərlər. Komandaya legioner dəvət olunursa, məntiqlə, o yerlidən üstün olmalıdı. Və bu üstünlüyündən də gənclərimiz yararlanmalıdı. Onu da qeyd edim ki, bu gün “Sumqayıt”da gələcək adına perspektiv vəd edən gənclər var. Onların da potensialına inanıram. İnşallah, düşünürəm ki, rəhbərlik səviyyəli legionerlər transfer edərək keyfiyyətli komanda formalaşdıracaq və çempionata tam hazır olacağıq. Düzdü, bu günə kimi hələlik iki transfer gerçəkləşib. Yerlilərdən Vüsal İsgəndərli anlaşmaya qol çəkibsə, legioner kimi kabo-verdeli Stiven Pereyra bizə kömək edəcək. Hər ikisi səviyyəli futbolçudu. Məncə, ikisinin də çempionatda bizə faydası dəyəcək.
- Sonda belə bir sualım olacaq. Ötən mövsüm autsayderlər arasında olan “Sumqayıt” 2022/23 mövsümdə hansı yerlər uğrunda mübarizə aparacaq?
- Sizin vasitənizlə “Sumqayıt”ın azarkeşlərinə bir söz demək istəyirəm. Yüksək yerlər, meydanın hər qarışı uğrunda mübarizə aparan əzmkar komanda görəcəklər.
RƏŞAD