Türkiyə futbolunun iki tanınmış ismi arasında qalmaqal yaşanır.
Söhbət Şenol Günəşlə Ərman Toroğludan gedir. Günəş son dönəmlərdə onun haqda səsləndirdiyi ittiham üzündən Toroğlunu məhkəməyə verib! Türkiyə yığması, ''Trabzonspor'' və ''Beşiktaş''ın sabiq çalışdırıcısının öz vəkili Ərdəm Egemən vasitəsi ilə İstanbul Anadolu 31-ci Hüquq Məhkəməsinə hələ mayın 17-də müraciət etdiyi məlum olub. Məhkəmə isə Toroğluya səsləndirdiyi iddiaya aid dəlilləri təqdim etmək üçün vaxt verib. Ərman Toroğlu son illərdə Türkiyənin ən tanınmış futbol şərhçilərindən biridi. Daha öncə peşəkar futbolçu da olan Toroğlu 90-cı illərdə tanınmış hakimlərdən biri idi. Bu yaxınlarda onun ''Oynadım Oynatdım Oynatalım - Ərman Toroğlu'' adlı avtobioqrafik kitabı işıq üzü görüb. Türkiyənin ən ekstravaqant və açıq sözlü şərhçilərindən olan 73 yaşlı Toroğlu bu kitabında Günəşlə bağlı daha öncə səsləndirdiyi ittihamı yenidən qələmə alıb. O, tanınmış məşqçini futbolçu olduğu dönəmdə oyun satmaqda günahlandırıb! Toroğlunun haqqında bəhs etdiyi olaya gəlincə, bu hadisə uzaq 1976/77 mövsümündə baş verib. Həmin vaxt Türkiyə futbolunda ''Trabzonspor'' hegemonluq edirdi və komanda o mövsüm tarixinin (ardıcıl) 2-ci çempionluğunu qazanmışdı. Trabzon təmsilçisi artıq çempionluğu rəsmiləşdirmişdi və son turda elitada qalmaq uğrunda çarpışan ''Zonquldakspor''u qəbul edirdi. Görüş qolsuz bərabərliklə yekunlaşdı. ''Zonquldakspor'' bu 1 xal sayəsində elitadakı yerini qorudu. Aşağı liqaya düşən komanda isə ''Göztəpə'' oldu. Toroğlunun qalmaqallı iddiasına görə o vaxt ''Trabzonspor''un qapısını qoruyan Şenol Günəş də daxil olmaqla komandanın bir çox üzvü qalib gəlməməyin qarşılığında ''Zonquldakspor''dan pul alıbmış. İddiaya görə Necmi Perekli bu sövdələşməyə qarşı çıxanlardan biri olub. Həmin mövsümü 22 qolla bombardir kimi tamamlayan Perekli komanda yoldaşlarına və baş məşqçi Ahmet Suat Ozyazıcıya etirazını bildirərək son turda oynamaqdan, yəni bu ''teatr''ın bir parçası olmaqdan imtina edib. Toroğlu iddiasının davamında bildirir ki, rəhbərliyin bundan xəbəri yox imiş və əsl həngamə rəhbərlik hadisədən xəbər tutandan sonra yaşanıb. Yönəticilər futbolçulardan qarşı tərəfdən aldıqları pulların hamısının geri qaytarılmasını tələb edirlər. Günəş isə evində təmir işləri apardığını və pulun hamısını xərclədiyini deyərək onu geri qaytarmaqdan imtina edib. Toroğlu bu iddianı bir neçə ay öncə canlı yayında da səsləndirmişdi. Həmin vaxt o qeyd etmişdi ki, Şenol Günəş bu məsələ ilə bağlı ona zəng vuraraq, ''qol buraxmamışamsa, oyunu necə sata bilərəm'', - deyə iradını bildirib. Toroğlu da cavabında ona ''qol buraxmağına ehtiyac yox idi, oyunu satmamışdınsa, niyə pul alırdın?'' demişdi. Günəşin ''sən bunu hər yerdə dilə gətirirsən, səni məhkəməyə verəcəm'' sözünə isə Toroğlu ''verməsən, adam deyilsən'' sözü ilə cavab veribmiş. Göründüyü kimi, tanınmış məşqçi sözünün üstündə durub və indi Toroğlu ittihamı sübut etmək məcburiyyətində qalacaq. Şübhə doğuran daha bir məqam odu ki, həmin mövsümün son turunda ''Göztəpə'' ''Orduspor''a 1:2 hesabı ilə yenilmişdi. Yəni İzmir təmsilçisinin taleyi ''Trabzonspor''dan asılı deyildi. Komanda qalib gəlsəydi, elitadakı yerini qoruyacaqdı.
Mənəvi təzminat tələbindən başqa srağagün Günəşin şikayətinin digər detalları da üzə çıxıb. Məlum olub ki, 70 yaşlı mütəxəssis Toroğlunun bu kitab haqda danışmasına qadağa qoyulmasını, eləcə də kitabın satışının dayandırılmasını tələb edib! Məhkəmə hər iki tələbi rədd etsə də, Günəş bir məsələdə istəyinə çatıb. Məhkəmənin qərarı ilə bundan sonra Toroğlu kitabda Günəşin adının hallandığı bölümlər barədə danışa bilməyəcək. Toroğlunun vəkili vasitəsi ilə bu qərara etiraz edəcəyi gözlənilir. Onun etiraz üçün bir həftə vaxtı var.
ƏLİ