Ölkəmizin çimərlik futbolu yığması Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurdu.
"Football-plus.az" xəbər verir ki, komanda Portuqaliyanın Nazare şəhərində İtaliya (3:7), Almaniya (6:5) və İspaniya (4:6) ilə qarşılaşdı. Bir qələbə yığmanın superfinala vəsiqə qazanmasını şərtləndirdi. Görəsən, baş məşqçi bu görüşlər haqda nə düşünür? Superfinalda hədəf nədi? Bu suallara cavab tapmaq üçün yığmanın çalışdırıcısı Zeynal Zeynalovla əlaqə saxladıq:
“Almaniya ilə oyun çox çətin keçdi. Buna baxmayaraq, uşaqlara halal olsun, yaxşı oynadılar. Verdiyim tapşırıqların hamısına əməl etdilər. Ona görə də qələbə qazandıq. Bu da bizi superfinala çıxardı. Komandamı ancaq qələbəyə kökləyirəm. Əlimizdən gələn qədər çalışırıq ki, irəliləyək. Avropa çempionatında hədəfimiz ölkəmizi layiqincə təmsil edib, irəli getməkdi. Superfinaldakı rəqiblər hələ bəlli deyil. Avqustda keçiriləcək bir oyun qalıb. Ondan sonra rəqiblərimiz məlum olacaq”.
ŞAİR ABDULLA