Bir illik fasilədən sonra elitaya qayıdan “Ankaragücü” son transferi ilə nəinki Türkiyədə, hətta Avropada da diqqət mərkəzinə düşməyi bacarıb.
Belə ki, debütant tanınmış ispaniyalı futbolçu Xese Rodrigesi heyətinə qatıb. Paytaxt təmsilçisi “Real” və PSJ-nin sabiq üzvü ilə ilyarılmlıq müqavilə imzalayıb. 29 yaşlı futbolçunun imza mərasimi srağagün klub prezidenti Faruk Kocanın iştirakı ilə keçirilib. Xese müqaviləyə imza atdıqdan sonra komandanın ev oyunlarını keçirdiyi “Eryaman” stadionunu gəzib.
Ötən mövsümü birinci liqada çempion kimi tamamlayan və superliqa üçün iddialı heyət qurmaq istəyən Ankara təmsilçisi Xesedən öncə Doğukan Kaya, Fıratcan Üzüm, Pedrinyo, Giorgi Beridze və Anastasios Xatsigovanis kimi oyunçuları heyətinə qatmışdı. Xeseyə gəlincə, o, “Real”ın yetirməsidi. Bu klubun heyətində La Liqa çempionluğu ilə yanaşı, iki dəfə (2013/14, 2015/16) ÇL-i də qazanıb. PSJ-nin heyətində də ölkə çempionu olub. Bu iki nəhəngdən başqa “Stok Siti”, “Betis”, “Sportinq” və son olaraq “Las Palmas”ın şərəfini qoruyub.
Əslində “Ankaragücü”nün tarixində belə səs-küylü keçidlər heç də az olmayıb. Fərqli dönəmlərdə əfsanəvi başqan İlhan Cavcavın sayəsində bu klubun şərəfini Jeremi Ncitap, Jerom Roten, Darius Vassel kimi tanınmış futbolçular qoruyub.