Çili Futbol Federasiyası (ÇFF) Ekvador yığmasından FİFA-ya şikayət edib. ÇFF rəhbərliyi bu komandanın cəzalanmasını istəyir.
"Football-plus.az" xəbər verir ki, səbəb kimi Ekvador millisinin DÇ-2022-nin seçmə turnirində əslində bu komandada oynamaq hüququ olmayan oyunçudan yararlandığı göstərilir. İddiaya görə, kolumbiyalı olan Bayron Kastilyo ekvadorluların heyətində saxta pasportla çıxış edir. ÇFF-nin FİFA-ya təqdim etdiyi qeydiyyat sənədlərində maraqlı məqam var. Belə ki, Kastilyonun doğum haqqında şəhadətnaməsində Kolumbiyada doğulduğu, ancaq Ekvador vətəndaşı kimi qeydiyyata alındığı sənəddə göstərilən tarixlə müqayisədə 3 il əvvəl dünyaya gəldiyi qeyd edilib.
ÇFF müdafiəçi Bayronun seçmə turnirdə çıxış etdiyi 8 oyunun nəticəsinin ləğvini və həmin matçlarda ekvadorluların rəqiblərinə texniki qələbə verilməsini tələb edir. FİFA bu tələbi əsaslı sayacağı halda Çili yığması seçmə turniri 4-cü pillədə başa vuraraq mundiala vəsiqə qazanan Ekvadorun yerini tutacaq.