Acun Ilıcalının tabeçiliyinə keçdikdən bu yana ''Hall Siti''nin nəticələri heç cür düzəlmir.
Komanda hədsiz dərəcədə qeyri-sabit çıxış edir. Dünən çempionşipin 39-cu turu çərçivəsində ''Hall Siti'' öz meydaninda ''Luton''a 1:3 hesabı ilə boyun əydi. Şota Arveladzenin başçılığı altında ''pələnglər''in məğlubiyyət faizi 50-yə bərabərdi. Belə ki, komanda gürcü mütəxəssislə 12-ci oyunda 6-cı dəfə məğlub oldu (3 qələbə, 3 heç-heçə). Bundan başqa ''Hall Siti''nin öz meydanında hədsiz zəif oynaması da diqqət çəkir. Komanda ''Luton''la görüşdə evdə ardıcıl 5-ci dəfə uduzduğu halda, səfərdə isə əksinə son 5 oyunda uduzmayıb (2 qələbə, 3 heç-heçə) və bu matçlarda cəmi 1 qol buraxıb! Fanatlar təbii ki, bu durumdan məmnun deyil.
Sosial şəbəkələrdə onların Arveladzeyə qarşı etirazı getdikcə artır. Qışda komandaya qoşulan iranlı forvard Allahyar Səyyadmaneş 5 matçda ümumilikdə 86 dəqiqə meydanda olsa da, hələ ki, qol hesabını aça bilməyib. ''Hall Siti'' 24 kollektivin iştirak etdiyi turnirdə 39 oyuna topladığı 41 xalla 20-ci pillədə qərarlaşıb və düşmə zonasından 13 xal öndədi.