Sizin reklam burada

Kosovo zəifləməyib, əksinə güclənib

Baxış Sayı:529

Kosovo zəifləməyib, əksinə güclənib
Sonuncu dəfə FİFA-nın “pəncərəsi”i mayın sonu – iyunun əvvəlində açıq idi. Həmin ərəfədə yığma Qırğızıstan, Qazaxıstan və Latviya ilə yoldaşlıq oyunlarında qüvvəsini sınadı. Ancaq FİFA-nın “pəncərəsi”ndən təkcə millimiz yararlanmadı. Millətlər Liqasındakı rəqiblərimizdən Kosovo da yoldaşlıq matçında qüvvəsini sınadı. Ancaq “göy-sarılar” yalnız bir yoxlama oyunu keçirdi. Bernar Şallandın yetirmələri mayın 29-da evdə Albaniyanı 3 cavabsız qolla məğlub etdi. Həmin oyunda Kosovonun heyətində Arber Zeneli dubl etmişdisə, digər qolu Edon Jeqrova vurmuşdu. Kosovolular təkcə bu yoxlama oyunu ilə kifayətləndi. Çünki iyunun 3-də Kot d`İvuarla planlaşdırılan sınaq görüşü baş tutmadı.
Təbii, Millətlər Liqasındakı əsas rəqibimizin son Avropa çempionatının iştirakçısını böyük hesabla məğlub etməsi çox şey deyir. Deməli, bu komandanı məğlub etmək qrup liderliyi yolunda önəmli addım olacaq. Yeri gəlmişkən, Kosovonun Albanbiya ilə yoxlama oyununda meydanda görünən heyəti ilə tanış olun: Samir Uykani, Ardian İsmaili, Fidan Aliti, Herolind Şalya (Qyelbirim Taipi, 90), Milot Raşitsa (Edon Jeqrova, 59), Besar Halimi, Donis Avdiyay (Bernar Berişa, 68), Arber Zeneli (Fanol Perdeday, 87), Amir Rahmani, Merqim Voyvoda (Jetmir Krasniqi, 68), Vedat Muriki (Atde Nuhiu, 61).
Maraq üçün həmin heyəti yığmamızla oyundan öncə açıqlanan siyahı ilə müqayisə etdik. Yalnız 3 futbolçu hazırda millinin düşərgəsində deyil. Bunlar start heyətində yer alan Besar Halimi və oyuna sonradan qoşulan Qyelbirim Taipi ilə Fanol Perdedaydı. Deməli, Albaniyanı darmadağın edən Kosovonun heyətində ciddi dəyişiklik olmayıb. Əskinə, yenilər də cəlb olunub.
Seçmə oyunlarda qələbəsi yoxdu...
Ölkədəki futbol azarkeşlərinin diqqəti yığmanın oyununa yönəlib. Sentyabrın 7-də Millətlər Liqasının ilk turunda yığma Kosovo ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək və saat 20.00-da başlayacaq matçın önəmi böyükdü. Yığmanın qrupdakı əsas rəqibi ilə dueli böyük maraq doğurur. Bu oyunda qeydə alınacaq nəticə millinin turnir perspektivinə ciddi təsir edəcək. Başqa sözlə, mümkün qələbə AÇ-2020-nin final mərhələsinə doğru atılan ilk addım olacaq. Düzdü, Kosovonun heyətində yer alan futbolçular Avropanın müxtəlif çempionatlarında top qovur. Lakin rəqibin beynəlxalq təcrübəsi o qədər də çox deyil. Bu məqama toxunmazdan öncə Kosovo ilə bağlı bəzi informasiyaları diqqətinizə çatdıraq.
Qeyd edək ki, 1993-cü ildə Yuqoslaviyanın süqutundan sonra adı çəkilən bölgə özünün müstəqil futbol komandasını təşkil edir. Kosovonun ilk qeyri-rəsmi oyunu Albaniyaya qarşı baş tutur və qarşılaşma albanların 3:1 hesablı qələbəsi ilə bitir. Lakin bu ölkənin dünyanın ali futbol qurumlarına üzv olması yaxın keçmişə təsadüf edir. Məhz bu üzdən də yuxarıda qeyd etdiyimiz Albaniya ilə görüş ilk beynəlxalq oyun sayılmır. 2008-ci il mayın 6-da Kosovo Milli Futbol Federasiyası FİFA-ya komandanın rəsmən tanınması və bu qurumun bütün turnirlərində iştirak etmək üçün müraciət göndərir. Federasiya prezidenti Fadil Vokri bu müraciəti “tarixi an” elan edərək, Kosovonun FİFA-ya üzv seçiləcəyinə ümid bəslədiyini açıqlayır. Əvvəlcə müraciət qəbul olunmur və Kosovonun dünya ölkələri tərəfindən tanınmasının zərurliyi əsas gətirilir. Nəhayət, 2012-ci ilin dekabrında FİFA-nın futbol dünyası xəritəsinə yeni dövlət əlavə edilir. Belə ki, Tokioda təşkil olunan toplantıda Kosovonun klublarına, qadın futbol komandasına, gənclər komandasına və əsas yığmasına yoldaşlıq oyunlarında iştirat etməyə icazə verilir. Məhz 2014-cü ildə Haiti ilə qolsuz bitən yoldaşlıq görüşü Kosovonun ilk beynəlxalq oyunu sayılır. 2016-cı il mayın 3-də Kosovo rəsmən UEFA-nın, 10 gün sonra isə FİFA-nın üzvü olur. FİFA-nın 2012-ci ildəki icazəsindən bəri Kosovo 21 oyun keçirib. Bu komanda ilə qarşılaşan ölkələr isə bunlardı: Türkiyə, Seneqal, Haiti, Oman, Qvineya, Albaniya, Farer adaları, Finlandiya, Xorvatiya, Burkina Faso, Madaqaskar, Ukrayna, İslandiya, Latviya. İndi isə qeydə alınan nəticələrlə tanış olun:
05.03.2014 YO. Kosovo – Haiti 0:0
21.05.2014 YO. Kosovo – Türkiyə 1:6
25.05.2014 YO. Seneqal – Kosovo 3:1
07.09.2014 YO. Kosovo – Oman 1:0
10.10.2015 YO. Kosovo – Qvineya 2:0
13.11.2015 YO. Kosovo – Albaniya 2:2
03.06.2016 YO. Farer adaları – Kosovo 0:2
05.09.2016 DÇ. Türkiyə - Kosovo 1:1
06.10.2016 DÇ. Kosovo – Xorvatiya 0:6
09.10.2016 DÇ. Ukrayna – Kosovo 3:0
12.11.2016 DÇ. Türkiyə - Kosovo 2:0
24.03.2017 DÇ. Kosovo – İslandiya 1:2
11.06.2017 DÇ. Kosovo – Türkiyə 1:4
02.09.2017 DÇ. Xorvatiya – Kosovo 1:0
05.09.2017 DÇ. Kosovo – Finlandiya 0:1
06.10.2017 DÇ. Kosovo – Ukrayna 0:2
09.10.2017 DÇ. İslandiya – Kosovo 2:0
13.11.2017 YO. Kosovo – Latviya 4:3
24.03.2018 YO. Madaqaskar – Kosovo 0:1
27.03.2018 YO. Burkina Faso – Kosovo 0:2
29.05.2018 YO. Albaniya – Kosovo 0:3
Göründüyü kimi, geridə qalan 21 matçda Kosovo 7 qələbə qazanıb, 3 heç-heçə edib, 11 dəfə məğlub olub. Yığmanın rəqibi yalnız yoldaşlıq oyunlarında qalib gələ bilib. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiridiyi 10 qarşılaşmadan 9-da məğlub olan kosovolular təkcə 1 görüşdə “sülh”ə nail olub. Seçmə mərhələdəki ilk oyununda evdə Türkiyə ilə üz-üzə gələn balkanlılar həmin matçda məğlub olmayıb. Lakin tsiklin sonrakı bütün oyunlarında meydanı məyus tərk ediblər.
İndi isə Kosovonun beynəlxalq oyunlarıyla bağlı maraqlı məqamları diqqətinizə çatdıraq. Bu komanda ən böyük qələbəsini Albaniya üzərində qazanıb. “Göy-sarılar” bu il mayın 29-da albanlarla yoldaşlıq oyununda 3 cavabsız qolla qalib gəlib. Ən acınacaqlı məğlubiyyəti isə Xorvatiya ilə matçda yaşayıblar. Belə ki, DÇ-2018-in seçmə oyununda xorvatlar səfərdə Kosovonu 6:0 hesabı ilə darmadağın edib. Halbuki kosovolular Xorvatiyada bu rəqibə minimal hesabla uduzub (0:1). Yadınızdadısa, daha öncə yığmamız da xorvatlara 0:6 hesabıyla məğlub olmuşdu. Həmin nəticə Berti Foqtsun istefası ilə nəticələnmişdi.
Kosovo Millətlər Liqasındakı rəqiblərindən yalnız Farer adaları ilə qarşılaşıb. İki il öncə baş tutan yoxlama matçında Balkan təsmilçisi iki cavabsız qolla qalib gəlib. Xatırladaq ki, ötən qış yığmamızın bu rəqiblə yoldaşlıq oyunu planlaşdırılmışdı. Fevralın 2-də Qurban Qurbanovun komandası “göy-sarılar”la sınaq görüşündə qüvvəsini sınamalıydı. AFFA ilə Kosovo Futbol Federasiyası arasında ilkin razılıq ələ olunsa da, Millətlər Liqasının püşkü planı pozdu. Belə ki, tərəflər sözügedən turnirdə üz-üzə gələcəyindən yoldaşlıq matçından imtina etdilər.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR