Sizin reklam burada

Yazıqlar, “Qarabağ” “Vardar” deyil

Baxış Sayı:798

Cərşənbə axşamı qarşıma çıxan beş adamdan üçü “Qarabağ”ın “Kopenhagen”lə oyunda hansı nəticəyə imza atacağını soruşurdu deyə, eyni sualdan bezmişdim. Amma idman jurnalistikasında çalışmağım, insanların da bunu nəzərə alıb maraqlanması hardasa normal idi. Cavabım qısa olurdu: “2:0 hesabıyla qələbə qazanacağıq”. Nahar etdiyim kafeni işlədən Novruzun “yox bir, 5:0 udacağıq” cavabına qətiyyən təəccüblənməmişdim. Dayıoğlu Rüfətin “məzələnirsən” sualına da gülüb keçmişdim. Rəqibin Isveç yığmasının da qapısını qoruyan qolkiperi Olsen Miçellə Dinonun zərbələrinə məhtəşəm reaksiya göstərməsəydi, sonda mən deyən olacaqdı.
Uzaqgörən deyiləm, nəticələrə “barmaq edən” bukmeker kontorları ilə də qətiyyən əlaqəm yoxdu. Mərc oyunlarında iştirak etmirəm, statistika ilə maraqlanmaq da mənlik deyil. Sadəcə, “Kopenhagen”in buna qədər cari avrokubok mövsümdə keçirdiyi oyunları izləmişdim və artıq “böyük oğlan” olan (ÇL-in qrupuna vəsiqə qazansa, “yekə kişi” olacaq) “Qarabağ”ın təcrübəsinə, bacarığına inanırdım. Azərbaycanlı futbolsevərlərin Respublika stadionunda möhtəşəm ab-hava yaradaraq rəqibi təzyiq altına salacağına, bununla da çempionumuzu qələbəyə daşıyacağına şübhəm yox idi. Qurban Qurbanovun məşqçi kimi xeyli “artırdığına”, futbolçuların təcrübəsindən istifadə edərək danimarkalı həmkarlarına nəfəs almağa imkan verməyəcəyinə də adım kimi əmin idim. Sadaladıqlarımın hər biri “köhlən atlar”ın Danimarka çempionunu meydandan başıaşağı yola salmasına gətirib çıxardı. Avqustun 15-i ölkə futbol tarixinə gümüş hərflərlə yazıldı. İnşallah, 23-ü də qızılla yazılar.
Möhtəşəm zəfərin ertəsi saytlarda Türkiyədə yayınlanan verilişlərin birində yerli mütəxəssislərin “Qarabağ” – “Kopenhagen” oyununa münasibət bildirərkən dillərinə gətirdikləri sözlər övladı ali məktəbə daxil olan valideynin sevincinə bərabər olacaq qədər qürurvericiydi. Şərhçinin “Kopenhagen” Şimali Avropanın ən zəngin komandasıdı, “Çelsi”sidi. “Qarabağ” səfərdə 1:2 hesabıyla məğlub olsa belə, qrupdadı. “Kopenhagen”i mübarizədən kənarlaşdırmaq... Türkiyə təmsilçilərinin bəxtinə bu komanda düşəndə, “ey vah” dediyimiz həmin “Kopenhagen”di” sözləri qarşısında “əriməmək” olmur. Türklərin təriflədiyi, çəkindiyi, bilirsiz, hansı komandadı?
Bu təkcə son 11 ildə, yəni 2006-nın yayından bu yana Avropaya səs salmış Danimarka nəhəngidi. O vaxtkı adı UEFA kuboku olan turnirin qrup mərhələsində 3 dəfə oynamış kollektivdi. Azarkeşlərinə 4 dəfə Çempionlar Liqasının qrup mərhələsinin həyəcanını yaşatmış komandadı. 2010/11 mövsümündə ÇL-in qrup mərhələsini uğurla başa vurub 1/16-də “Çelsi”yə rəqib olmuş həmin “Kopenhagen”di. Qruplarda “Mançester Yunayted”i, “Seltik”i, “Brügge”ni, “Rubin”i, “Panatinaikos”u, “Qalatasaray”ı “ağlatmış”, “Barselona”, “Yuventus”, “Çelsi”, “Valensiya” kimi nəhənglərlə heç-heçə etmiş “Kopenhagen”di. Təcrübəsinə görə “Qarabağ”ı qat-qat üstələyən rəqibdi. Təsəvvür edin, biz ağdamlıların 2009-un yayında UEFA kubokunun pley-offuna yüksəlib “Tvente”yə məğlub olmasını bayrama çevirəndə, onlar həmin turnirin qrup mərhələsinə vəsiqə qazanıb 1/32-ə yüksəlib “Marsel”ə rəqib olmuşdu. Ötən yay “Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində “Viktoriya”ya “ilişəndə”, onlar həmin mərhələdə “Astra”nı, pley-offda APOEL-i “tapdayıb” ÇL-in qrupuna vəsiqə qazanmışdı. Qrupu 9 xalla başa vursalar da, 1/16-ə yüksəlmək mümkün olmamışdı. Bəli, bu həmin “Kopenhagen”di, “Qarabağ”ın qapısı qarşısında düz-əməlli qol vəziyyəti yarada bilməyib, 0:1-ə görə sevinən “Kopenhagen”di. Onlar kiçilməyib, “Qarabağ” böyüyüb. Orda çalışanlar peşəkarlaşıb, transfer büdcəsi artıb. Ailə mühiti yaranıb.
Tarixi qələbədən sonra Danimarka saytlarına baxanda, rəqib futbolçuların dediklərini oxuyanda adamı dəli gülmək tutur. Yazıqlar özlərinə təsəlli vermək üçün Bakıdakı yenilgini Makedoniyada “Vardar”a məğlubiyyətlə eyni tutub gələcəyə ümidlə baxmağa çalışırlar. Aralarından bir ağıllısı çıxıb demir ki, ay kişi, “Vardar” hara, “Qarabağ” hara? İndiyə qədər avrokuboklarda ən yaxşı nəticəsi elə ÇL-in 3-cü mərhələsi olan, nə bu, nə də digər turnirlərin qrup mərhələsində çıxış edən makedoniyalılarla Azərbaycan çempionunu tərəzinin eyni gözünə qoymağın özü axmaqlıqdı, futboldan xəbərsizlikdi. Güvəndiyi oyunçular vaxtilə özlərini Azərbaycanda legioner kimi sübut edə bilməyən Deyan Blajevski ilə Nikola Qliqorovdu. “Vardar”, yox bir...
Əlbəttə, təsəlli yaxşı şeydi. “Qarabağ”ın sərgilədiyi oyundan sonra danimarkalıların yapışa biləcəkləri tutarqa yoxdu. Bir azarkeş dəstəyinə ümid bəsləyirlər, bir də Makedoniyada 0:1-lik məğlubiyyətdən sonra Kopenhagendə qeydə alınan 4:1-ə. Amma “Qarabağ” “Vardar” deyil. Danimarkalı futbolçular azarkeşləri təəccübləndirməyin, sevindirməyin nə olduğunu yaxşı bilirlər. İllər öncə “Mançester Yunayted”i yenib, “Barselona” ilə heç-heçə edəndə imza atdıqları sürpriz bu dəfə tərsinə olacaq. Bununla da “köhlən atlar” səfərdəki sərfəli nəticə sayəsində avqustun 23-dən 24-nə keçən gecə yüzminlərlə, bəlkə də milyonlarla azərbaycanlını küçələrə tökəcək. Necə deyərlər, irəli, Azərbaycan əsgəri!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR