Sizin reklam burada

Bu mövsüm başqa mövsüm!

Baxış Sayı:827

Tarixdə ən böyük gözləntilərimizin olduğu avrokubok mövsümü başlayır. Qeyri-adi bir şey baş verməsə, həm ÇL-in, həm də AL-in qrupunda klublarımızı görə bilərik.
Düzdü, AL-in qrupunda görməyə vərdiş etdiyimiz "Qəbələ"nin püşk sarıdan bəxti bir o qədər də gətirməyib. Potensial rəqib - Polşa "Yagelloniya"sı (Batumi "Dinamo"suna möcüzə də çətin kömək ola) "Qəbələ"nin son iki mövsümdə AL-dən uzaqlaşdırdığı bəzi komandalardan zəifdi. Amma etiraf etmək lazımdı ki, Roman Qriqorçukun komandasının bu dəfə mərhələ keçməsi heç də asan görünmür. "Yagelloniya"nın əsas ulduzları Baltikyanı ölkələrdən olan futbolçulardı. Estoniyalı Konstantin Vasilyevi azarkeşlərimiz yaxşı tanıyır. 6 il öncə Sloveniya "Koper"indən "Amkar"a 1 milyon avroya transfer olunan futbolçunun bu ay klublarımızdan birinə keçəcəyi haqda xəbərlər dolaşırdı. Litva yığmasının kapitanı Fyodor Çernıxın isə "Rostov" və "Midlsboro"nun hədəfində olduğu bildirilirdi.
"Yagelloniya"nın heyətində Polşa millisinin üzvü Yatsek Quralski, böyük ümidlər bəslənilən gənc ulduz Pşemıslav Frankovski və irlandiyalı qolçu Kellian Şeridan kimi təhlükəli oyunçular var. Ümumiyyətlə, "Yaqelloniya" adlara görə hazırki "Qəbələ"dən güclüdü. Çox güman, elə oyuna görə də. Klubumuz heyətini əsaslı şəkildə gücləndirməsə, ardıcıl 3-cü il Avroliqanın qrupuna düşmək arzusu arzu olaraq qalacaq.
Belə olan halda diqqətlər bu həftə AL-də çıxışa başlayacaq "İnter" və "Zirə"yə yönəlir. Təəssüf ki, Zaur Svanadzenin komandası transfer etmək hüququndan məhrumdu. Əks təqdirdə gürcü mütəxəssis minimal imkanlarla formalaşdırdığı möhtəşəm kollektivi daha da möhkəmləndirə bilərdi. Amma indiki "İnter"in bu heyəti də yetərincə sanballıdı və ən əsası oturuşmuşdu. Hətta xeyli sayda transfer edən "Zirə"də bir-iki istisnayla Rauf Əliyev, Nizami Hacıyev, Səlahət Ağayev, Tərlan Quliyev kimi adlı-sanlı futbolçular yoxdu. Püşk baxımından da "Inter"ə uyğun rəqib düşdüyünü deyə bilərik. Serbiya çempionatında 4-cü yeri tutmaqla tarixində ilk dəfə avrokuboklarda oynamaq haqqı qazanan "Mladost" haqda “vikipediya”da yazılır ki, bütün dövrlərdə klubun ən məşhur 3-5 futbolçusundan biri artıq öz azarkeşlərimizin də unutduğu, Berti Foqtsun hansı yolla milli formaya layiq gördüyü indiyə kimi müəmmalı qalan Murad Hüseynovdu. Yəni Serbiya adını eşidib "Mladost"u şişirtməyə dəyməz. Maraqlıdı ki, klubun lideri və bombardiri Milan Boyoviç "İnter"lə oyun ərəfəsində Qazaxıstan "Kaysar"ına keçib. İlk oyunu səfərdə keçirməsi də “İnter” üçün əlavə üstünlükdü. Türkiyədəki təlim-məşq toplanışında əfsanəvi George Hacının çalışdırdığı Ruminiya çempionunu məğlub edən Svanadzenin yetirmələri lazımı motivasiya ilə oynayacağı təqdirdə "Mladost"u keçmək gücündədi. İstisna etmirəm ki, komandamız səfərdə oynamasına baxmayaraq, artıq ilk oyunda bu vəzifənin öhdəsindən gələcək.
Avrokuboklarda "Qarabağ"dan sonra ən böyük ümid bəslədiyimiz klub isə "Zirə"di. "Kənd klubu"nun bəxtinə çıxan püşk bu qənaətə gəlməyə əsas verir. Doğrudu, Ayxan Abbasov Lüksemburq klubunu çox şişirdir, əvvəlki illərdə avrokuboklarda oynadığını və bəzi rəqibləri mübarizədən kənarlaşdırdığını qeyd edir. Gənc baş məşqçi bir məqama xüsusi diqqət yetirməlidi ki, "Differdanj"ın həm daxili, həm xarici turnirlərdəki istisnasız bütün uğurlarında Omar Er Rafikin adı var. Amma "İnter" kimi, "Zirə"nin də bu mənada bəxti gətirib. Rəqib aparıcı futbolçusunu itirib. Mərakeş əsilli Er Rafik "Differdanj"ı tərk edib və iyulun 1-dən Lüksemburq çempionu "Düdelanj"la müqaviləsi qüvvəyə minəcək.
Er Rafik sözün hər mənasında "Differdanj"ın hər şeyi olub. Odu ki, "Zirə" özü üçün tarixi olan ilk avrokubok oyununu futbol tariximizdə ən böyükhesablı qələbə qazanmaqla yaddaşlara köçürə bilər. Bunun üçün rəqibdən çəkinməmək, qorxmamaq, hətta ehtiyatlanmamaq lazımdı. Bütün oyunu hücumda keçirib zəif rəqibi darmadağın etməklə səfərdəki oyunu formallığa çevirən qələbə qazanmaq lazımdı - böyükhesablı qələbə! Bunun üçün "Zirə"nin yetərincə potensialı var. Qalır düzgün taktika seçib oyunçuları lazımınca motivasiya etmək ki, Ayxan Abbasovun bunu bacaracağına inanıram!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR