Sizin reklam burada

Hər kəsin vəfa borcu və ya yolumuzun davamı

Baxış Sayı:237

Qəzetimizin Novruz bayramı ərəfəsində işıq üzü görən son sayı üçün yazımı redaksiyaya göndərərkən başımıza gələcəklərdən xəbərsiz idim. Kimin ağlına gələrdi ki, martın sonunu bayram əhval-ruhiyyəsində yox, gərginlik içində keçirəcəyik, aprel ayı ərzində isə bütövlükdə fərqli mənzərələrin şahidi olacağıq. Evdən istədiyin vaxt çıxmağın, kefin istəyəndə geri dönməyin, uşaqları həyətdə gəzdirməyin, dostlarla kafelərin birində masa ətrafında oturmağın dünya boyda xoşbəxtlik olmasından xəbərsiz idik. Bunları görmək, yaşamaq da qismətimizdə varmış. Koronavirus pandemiyası səbəbindən üzləşdiyimiz məhrumiyyətlərdən biri də qəzetsizlik idi. Çox şeyin həsrətini çəkdik və onların sırasında hamımız doğma “Futbol+” qəzeti də var idi.
Kimlərsə müasir texnologiların inkişafını, saytların informasiya müharibəsində çap mediasını üstələdiyini önə çəkməsin. Xüsusi karantin rejimində “Futbol+”in işıq üzü görə bilməməsi də bunu bir daha isbatladı. Azərbaycan mətbuatında qəzetimizin çəkisi, önəmi tam başqadı. Bununla belə, saytın verdiyi imkanlar səviyyəsində yaranmış boşluğu doldurmağa, oxucuları darıxmağa qoymamağa çalışdıq. Evdən çıxmaq imkanını itirən, buna görə də onsuz da əhvalı yerində olmayan oxucularımız həmin günlərdə yenə “Futbol+” mətbəxindən çıxan, qəzetin üslubuna uyğun yazılarla, araşdırmalarla, köşələrlə tanış olmaq imkanı qazandılar. “Futbol+” yenə də çoxlarının etmədiyini, edə bilmədiyini bacardı. Sorağı Amerikadan gələn gəncəli mütəxəssis Etibar İbrahimovla müsahibəni xatırlamaq kifayətdi. Çoxlarının unutduğu gənc mütəxəssisin vətəndən niyə və necə getməsindən Həbibin ondan götürdüyü müsahibədən xəbər tutduq. Eləcə də elita təmsilçilərinin kapitanlarıyla olan silsilə müsahibələr bu çətin günlərimizə maraq qatdı, gözümüzü-könlümüzü xoşhal etdi. “Futbol+”in sayt versiyasını izləyənlər çoxdan səsi gəlməyən sabiq “Kəpəz” rəsmisi, həm də həmkarımız olan Nofəl Əzizovun fikirlərini məhz bu günlərdə oxudular. “Kəpəz”də başverənləri, Gəncə klubundakı maxinasiyaları bir daha həmin müsahibədə xatırladıq.
Bütün bu sadaladıqlarım və sadalaya bilmədiklərim “Futbol+”in oxucuları qarşısında vəfa borcu idi. Qəzetin bütün kollektivi çalışdı ki, bu çətin günlərdə yenə də dəyərli oxucularını informasiya ilə təmin etsin, onları darıxmağa qoymasın. Bu ölkənin futbolunda o qədər problem var ki, onları məhz “Futbol+”in təqdimatında oxumaq, səbəbləri və çıxış yollarını ordan öyrənmək mümkündü. Ona görə də baş redaktorumuz Mahir Rüstəmli ötən günlər ərzində dəfələrlə qəzetin çapını bərpa etmək üçün cəhdlər etdi, danışıqlar apardı, özünə xeyli əziyyət verdi. Təvazökar olduğundan bunlar haqda danışmağı və yazmağı xoşlamır. Amma ən azı biz bilirik ki, doğma qəzetimizi çapa göndərə, oxuculara qəzet çatdıra bilməməyə görə necə narahat idi. İlk imkandaca qəzetin çapına davam edəcəyini deyir, bunun üçün fürsət axtarırdı. Gözlənilən gün yetişib və “Futbol+” yenidən oxucularının görüşünə gəlir. İndi dəyərli oxucularımızın qəzetə vəfa borcunu verməsinin zamanıdı.
“Futbol+” yoluna qaldığı yerdən davam edir. Düzdü, ölkə futbolu hələlik karantindən “çıxmayıb”. Qeyri-adi nəsə baş verməsə, mayın 4-dən sonra xüsusi karantin rejimi bir qədər də yumşaldılacaq və klublarımız məşqə başlayacaq. Növbəti mərhələ isə premyer-liqanın bərpası olacaq, mayın sonunda yaşıl meydanlardan yenə də hakimlərin fitinin səsi və futbolçularla məşqçilərin hay-küyü eşidiləcək. Hələlik azarkeşlərin tribunaya dönməsi mümkün olmayacaq. Bununla belə, onların da həsrətinin uzun çəkməyəcəyinə inanırıq. Atalarımız “ellə gələn bəla toy-bayramdı” deyiblər. Koronavirus bəlası da təkcə bizim ölkəmizi yox, ümumilikdə dünyanı öz cənginə alıb, təsir dairəsinə salıb. Avropada da, Amerikada da çempionatların məhz bu cür formada bərpasına hazırlıq görülür. Azarkeşlər isə öz sevimli klublarını uzaqdan dəstəkləyəcək, qələbələrə bu cür sevinib, məğlubiyyətlərə də belə kədərlənəcəklər. Nə edək, başqa yolumuz yoxdu.
Fasilənin bu qədər uzanması, gündəlik rejimimizin dəyişməsi bəzi vərdişləri yadırğamağımıza səbəb olub. Artıq köhnə günlərə yeni enerjiylə qayıtmağın vaxtıdı. Biz yenidən Azərbaycan futbolundan yazacaq, problemləri işıqlandıracağıq. Ümidsiz olmağa, məyusluğa gərək yoxdu. Gözümüz aydın, “Futbol+” yenidən oxucularının görüşünə gəlir. Onu qarşılayın!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR