Sizin reklam burada

Bir daha PFL-in qəribə qərarı haqda

Baxış Sayı:235

Mən bu yazı üzərində işləyərkən ölkədə xüsusi karantin rejiminin mayın 4-də götürülüb-götürülməyəcəyi ilə bağlı qərar açıqlanmasa da, PFL-in aprelin 27-də açıqladığı məlumat məhz karantinsiz dönəmə hesablansa da, bəzi mülahizələri hörmətli oxucu ilə bölüşməyə dəyər. Əslində bu qeydlərə saytımızda gedən “PFL-in qərarı təəccüb doğurdu” yazısının davamı kimi də baxmaq olar. Bəzi məqamlar üzərində bir daha xüsusi şəkildə dayanmaq lazımdı.
Mayın 21-də 1-ci divizionda, mayın 23-də isə premyer-liqada oyunların bərpa olunmasını nəzərdə tutan PFL-in məlumatından diqqəti çəkən ilk məqam budu: “Aparılan müzakirələrə uyğun olaraq, Peşəkar Futbol Liqasının qərarına əsasən, premyer-liqa oyunları başa çatdıqdan sonra ölkə kubokunun yarımfinal və final oyunları keçiriləcək. Kubokun təqvimində dəyişikliyə əsas səbəb klubları onsuz da sıx olan təqvimdən qorumaq, kubokda iştirak etməyən klubların cari mövsümü erkən bitirərək növbəti mövsümə daha yaxşı hazırlaşmasına şərait yaratmaqdı”.
Kubokda yalnız final oyunu qalsaydı, PFL-in qərarını hardasa anlamaq olardı. O mənada ki, əksər ölkələrdə, elə bizdə də həlledici oyun, adətən, çempionata yekun vurulandan sonra keçirilir. Amma indiki qərarın analoqu yoxdu. Yəni çoxillik azarkeş və jurnalist təcrübəmdə şəxsənn mən hansısa ölkədə çempionatla kubokun bir-birindən ayrılmasına, biri bitəndən sonra o birinə keçilməsinə rast gəlməmişəm. Azərbaycan futbolunda analoqu olmayan qərarları indiyə qədər də çox görmüşük deyə, buna bir elə də təəccüblənmədən mahiyyətə toxunaq. Gəlin belə hesab edək ki, “Zirə” və “Sumqayıt” çempionatda yer tutmaqla Avroliqaya vəsiqə qazanıb. Bu komandalar onsuz da avrokuboklara qatılacaqlarsa, “Qəbələ” və “Qarabağ” ilə yarımfinal oyunlarında niyə can qoymalıdılar? Və ya bu sualı daha sərt formada qoyuram: PFL-in hansı rəsmisi futbol ictimaiyyətinə yüzfaizli təminat verə bilər ki, çempionatda yer tutmaqla avrokuboklara vəsiqə qazanan komandalar sabah kubokda müqavimətsiz təslim olmayacaqlar? Ritorik suallar olsa da, bunları aktuallaşdıran səbəb PFL-in qəribə qərarındakı müddəalardı.
Diqqətimi çəkən daha bir müddəa var: “...təqvimdə dəyişikliyə əsas səbəb ...kubokda iştirak etməyən klubların cari mövsümü erkən bitirərək növbəti mövsümə daha yaxşı hazırlaşmasına şərait yaratmaqdı”. Burda söhbət artıq ölkə kubokunda mübarizəni dayandıran, bununla belə, Avroliqaya vəsiqə şansını qoruyan “Neftçi”, “Keşlə”, “Sabah” və “Səbail”dən gedir. Dostlar, bir gerçəyi unutmayın: SİZ ÖLKƏDAXİLİ YARIŞLARIN TƏŞKİLATÇISIZ, BU KLUBLARIN SPONSORU VƏ YA PREZİDENTİ DEYİLSİSZ, üzərinizə düşən iş ayrı-seçkilik qoymadan hamı üçün bərabər mübarizə şəraitini təmin etmək, qaliblərin təmiz və ədalətli oyun prinsipləri əsasında müəyyənləşməsinə nail olmaqdı. “Klubları sıx təqvimdən qorumaq”, “onların növbəti mövsümə daha yaxşı hazırlaşmasına şərait yaratmaq” hədsiz canıyananlıq göstəricisi deyilmi? Məgər klublar təqvim tərtib olunarkən PFL-in işinə qarışır, yoxsa mövsümlərarası və ya dövrələrarası hazırlıq dönəmində planlarını qurarkən sizdən məsləhət alır? Qaşınmayan yerdən qan çıxarmağın, daha doğrusu, fors-major adı altında klubların daxili işlərinə qarışmağın mənası nədi?
Oyunların azarkeşsiz keçiriləcəyinə dair müddəadan da tələsiklik yağır. Yəni qərarı verən qurum sabah, daha doğrusu, kubokun yarımfinal və final oyunları keçirilən ərəfədə bu məsələyə yenidən baxılacağına dair əlyeri də qoymayıb. Ölkədə epidemioloji durum sabitləşəcəyi, koronavirusa birdəfəlik qalib gələcəyimiz halda, boş tribunaları necə əsaslandıracaqlar?
İstər qəzetdə, istərsə də saytda gedən yazılarda dəfələrlə vurğulamışıq ki, Azərbaycan daxili yarışları başa çatdırmaqla bağlı ən yaxşı duruma malik ölkələrdəndi. Bizdə mövsümü bitirmək üçün cəmi 37 oyun keçirmək lazımdı. Üstəlik pandemiya ilə mübarizədə uğurlar baxımından da Avropada sayılıb-seçilən ölkələrdənik. Bəs PFL-in son qərarı bütün bu reallıqlara uyğun gəlirmi? Topu meydanın hörmətli Ramin Musayevə aid olan tərəfinə ötürürəm!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR