Sizin reklam burada

Yalançının yaddaşı olmaz, Məmmədov!

Baxış Sayı:696

Elxan Məmmədovun dünən radioya verdiyi geniş müsahibənin mətni ilə 4-cü səhifədə tanış ola bilərsiz. Hörmətli baş katib özünü hər nə qədər hazırcavab göstərsə də, mənə elə gəlir ki, son günlərin amansız tənqidi, təzyiqi onun psixoloji durumunda, daha doğrusu, yaddaşında iz buraxmağa başlayıb. Bütün başqa cavabları öz yerində, təkcə elə “Yurçeviçli yığmanın seçmə mərhələdəki hədəfi nə idi” sualına baxmağa dəyər. Məmmədov “məqsəd qrupda sonuncu olmamaq, yuxarılarda olmaq idi” deyir. Artıq əminliklə demək olar ki, baş katibin yaddaşı pozulub. Şükür Allaha, indi o qədər təbii vasitələr, yaddaşı bərpa edən dərmanlar var ki, bu qardaş niyə onlardan yararlanmır? Sevimli baş katibimizin yaddaşı pozular, bəs onda biz neynərik? Hə, Məmmədovun bilərəkdən və ya bilmədən millətə yalan sırıdığını göstərən dəlilin üzərinə gələk. 10 iyun 2017, Elxan bəy Azərbaycan və Şimali İrlandiya yığmaları arasındakı seçmə oyundan sonra azərbaycanlı jurnalistlərə müsahibə verir. Həmkarlarımdan biri ona “ola bilərmi ki, milli komanda artıq indidən 2020-ci il Avropa çempionatının hazırlıqlarına başlasın” sualı ilə üz tutur. Məmmədovun cavabı: “Əslində cari seçmə tsikl başlayanda "Niyə də yox?!" şüarını elə-belə müəyyənləşdirmədik. Əsas məqsəd AVRO-2020-yə vəsiqə qazanmaqdı”.
Yaxşı, deyək ki, 2017-nin iyunundan xeyli müddət ötüb, yaddaşı Məmmədovu yanılda bilər. Onda icazənizlə dönək 2019-un fevralına. Öz nəzarətində olan “CBC Sport” kanalına müsahibə verən baş katib elə belə də deyir: “Yurçeviçin qarşısına "Avro-2020"nin final mərhələsinə düşmək vəzifəsi qoyulub. “Avro-2020"nin final mərhələsinin 4 oyunu Bakıda olacaq. Biz də orda iştirak etmək istəyirik".
Ayrı-ayrı qaynaqlardan götürdüyümüz bu iki açıqlama ilə Məmmədovun dünənki müsahibədə dediyi fikirlər bir-birini döyür, bir-biri ilə təzad təşkil edir. Bu açıqlamaların hansına inanaq, Məmmədov cənabları? Yurçeviçin qarşısına final mərhələsinə qatılmaq vəzifəsinin qoyulduğunu deyəndə səmimi idiz, yoxsa dünən “məqsəd qrupda sonuncu olmamaq idi” deyəndə? Məqsəd yalnız sonuncu olmamaq idisə, bir ətək pul töküb Xorvatiyadan məşqçi gətirməyin mənası nə idi? Özünüz də bilirsiz ki, bunlar cavabsız, adamı yerindən oynadan suallardı. Bilirəm, bu aralar boş vaxtınız çox olmur, ölkə futbolunun bütün yükü zərif çiyinlərinizin üzərinə düşüb, bizi ağ günlərə çıxarmaq yolunda yeni ssenarilər fikirləşməkdəsiz. Amma qarşıdan uzunmüddətli ilsonu tətili gəlir. Onda vaxt edib əlinizə kitab alın. Mümkünsə, atalar sözləri, el məsəllərinin toplandığı kitabları. Bax, o kitabların birində mütləq “yalançının yaddaşı olmaz” məsəlinə rast gələcəksiz. Bu final mərhələsinə vəsiqə-filan məsələləri boş və mənasız söhbətlərdi, onsuz da biz heç vaxt böyük turnirlərdə olmayacağıq. Nəyi unudursuz-unudun, amma “yalançının yaddaşı olmaz” məsəlini unutmayın.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR