DataLife Engine / Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş

Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş

Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş
“Erkən qol futbolçulara böyük zərbə oldu”
Millətlər Liqasının son qrup matçında Kosovoya səfərdə 0:4 hesabı ilə məğlub olan yığmanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransına dilxor gəlsə də, təmkin nümayiş etdirdi. Halbuki onun hətta hansısa radikal qərar verəcəyindən ehtiyatlanmaq mümkün idi. Ürəyini boşaltdıqdan sonra isə daha da rahatlaşdı.
- Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Kosovonun gücünü bilirdik. Bu gün məğlubiyyət gözləyirdim. Əfsuslar olsun ki, erkən qol futbolçulara böyük zərbə oldu. İlk yarıda qapımıza cəmi bir zərbə oldu. O da qolla nəticələndi. Fasilədən sonra da eyni ssenari təkrarlandı, erkən qol buraxdıq. Futbolçuların üstünə çox getməyək. Bu gün rəqibin əsl gücü tam bilindi. Kosovo millisinin üzvlərinin fərdi ustalığı göz oxşayırdı. Rəqibə uğurlar arzulayıram.
- Məğlubiyyəti yorğunluqla əlaqələndirirsiz, yoxsa psixoloji problemlə?
- Bunların heç birini əsas gətirmək istəməzdim. Rəqibin gücü həqiqətən üstün idi. Psixoloji cəhətdən də üstün idilər. Meydan sahibləri ustalıq səviyyəsinə görə bizdən aşkar üstün idi, bunu etiraf etmək lazımdı. Bizə qalib gəlmək lazım idi. Meydana da bu istəklə çıxmışdıq. Ancaq erkən qol planlarımızı pozdu. Yorğunluq da ola bilər, psixoloji təzyiq də. Ancaq ilk növbədə rəqibin ustalıq səviyyəsini göstərərdim.
- Qeyd etdiniz ki, buraxılan qol planları pozdu. Ancaq qələbə arxasınca gəldiyinizi bildirdiz. Komandanın “B” planı yox idi ki, qol buraxılsa, necə oynayacaqsız? Axı fasilədən sonra da futbolçular oyunda dönüş yarada bilmədilər.
- Sadəcə, üç oyunçu dəyişmək imkanımız var idi. Başqa ciddi nəyi dəyişmək olardı? Qollar elə vuruldu ki, bu barədə düşünməyə imkanımız da olmadı. Qeyd etdiyim kimi, rəqib bizdən üstün idi və hansısa dəyişiklik fayda verməyəcəkdi.
- Millətlər Liqası bitdi. Yığmanı nə gözləyir? Qeyd etdiz ki, komandanın potensialı budu. Millətlər Liqasında belə oynadıqsa, seçmə mərhələdə bizi nə gözləyir?
- Bunu deyə bilmərəm. Dəfələrlə demişəm ki, həm çempionatımızın səviyyəsini, həm də oyunçularımızın potensialını yaxşılaşdırmalıyıq. Məncə, bu suala müəyyən zamandan sonra cavab vermək olar. İndi bu barədə danışmağa hazır deyiləm.
Kosovonun baş məşqçisini xeyli gözləməli olduq. Artıq güman etməyə başlamışdıq ki, Bernar Şalland da Farer adalarının çalışdırıcısı kimi mətbuat konfransına gəlməyəcək, federasiya nümayəndəsi gəlib baş məşqçinin üzrxahlığını çatdırdı: “Cənab Şalland televiziyaya müsahibə verdiyinə görə ləngiyir”. Nəhayət, konfrans salonuna daxil olan kosovoluların çalışdırıcısının, Qurban Qurbanovdan fərqli, kefi kök idi. O, əvvəlcə oyunla bağlı ümumi fikirlərini çatdırdı.
- Nəticədən məmnunam. Qarşılaşmadan əvvəl mənə maraqlı idi ki, bu təzyiq altında necə oynayacağıq. Cavabımı aldım və çox məmnunam.
- Bu cür uğur qazanacağınızı komandadan gözləyirdizmi? Necə düşünürsüz, Avropa çempionatına çıxmaq mümkün olacaq?
- Qrupda qalib gəlmək çoxdankı arzum idi. Rəqibləri tanıdıqdan sonra buna inandım. Martda da bu barədə danışmışdım. Mənim üçün ən önəmlisi hücum futbolu oynamaq idi. Bütün istəklərimizə çatdıq. Sualınızın ikinci hissəsinə gəlincə, əlbəttə, buna inanıram. İndi bizi Avropa çempionatından cəmi iki addım ayırır. Qarşıdakı rəqib Makedoniyadı. Bu uğura inanmasam, axmaq olaram. Qarşıda bizi seçmə tsikl gözləyir. Millətlər Liqasında isə yarımfinaladək hərə bir ilimiz var. Əlbəttə, qitə birinciliyinə yüksəlmək üçün Millətlər Liqası daha yaxın yoldu. Seçmə mərhələyə hazırlıq mərhələsi kimi baxmıram. Ancaq Millətlər Liqasında daha yaxşı olmağımız üçün bizə köməyi dəyəcək.
- Düşünürsüz ki, bu, məşqçilik karyeranızın ən uğurlu səhifəsidi?
- Düşünürəm ki, növbəti uğurum daha böyük olacaq (gülür). Avropa çempionatına yüksələcəyimizə inanıram.
- Azərbaycan himni fitə basıldı. Axı Bakıda Kosovonun himninə eyni münasibət göstərilməmişdi. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Mən İsveçrədən gəlmişəm və siyasətə qarışmaq istəmirəm. Ancaq bu olaya münasibətim yaxşı deyil. Azərbaycan yığması hörmətə layiq komandadı. Bəli, azarkeşlər həddən artıq çılğın idilər və fikrimcə, əndazəni aşdılar.
MİRAĞA, Priştina
22-11-2018, 19:0
Вернуться назад