DataLife Engine / Qurban Qurbanov heyəti açıqladı

Qurban Qurbanov heyəti açıqladı

Qurban Qurbanov heyəti açıqladı
İki futbolçu ilk dəfə dəvət aldı
Bu gün yığma Qurban Qurbanovun rəhbərliyi altında ilk toplanışa start verəcək. Hazırlıq çərçivəsində əsas komanda yanvarın 30-da Moldova ilə münasibətləri aydınlaşdıracaq. Elə toplanış ərəfəsində yeganə sınaq matçı da məhz bu oyun olacaq. Məlum olduğu kimi, 2-ci yoldaşlıq görüşü planı gerçəkləşmədi. Əvvəlcə Gürcüstan, daha sonra isə Kosovo razılıq versə də, fərqli səbəblərdən bu rəqiblərə qarşılaşmaq mümkün olmadı. Bu üzdən hazırlıq prosesi yanvarın 31-də başa çatacaq.
Artıq toplanışda kimlərin iştirak edəcəyi bəllidi. Dünən Qurbanovun hazırlığa dəvət etdiyi futbolçuların siyahısı açıqlandı. Yığmaya 24 futbolçu çağırılıb. Siyahıda “Qarabağ”ın 11 futbolçusu yer alıb. Qurbanov “Neftçi”dən 6, “Qəbələ”dən 3, “Sumqayıt”dan 2, “Keşlə”dən 1 nəfəri heyətə daxil edib. “Kəpəz”, “Səbail” və “Zirə”dən heç kimin adı siyahıya düşməyib. Gözlənildiyi kimi, ölkə xaricində çıxış edən yığma üzvləri toplanışda iştirak etməyəcəklər. Bu da onların klublarında oyunlarının olması ilə bağlıdı. Yalnız Pavel Paşayev istisnadı. Ukrayna “Aleksandriya”sının üzvü Qurbanovun sərəncamında olacaq.
Bundan başqa, yığmada debüt etməyən Şahruddin Məhəmmədəliyev, Rəşad Əzizli, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov da siyahıda yer alıb. Şahruddin, Anton və Abbas daha öncə yığmaya çağırılıb. Lakin şərəfli formada oyuna çıxmayıblar. Əzizli ilə Mustafazadə isə ilk dəfə millinin düşərgəsində olacaq. Beləliklə, 24 nəfərlik siyahı ilə tanış olun: qapıçılar - Kamran Ağayev (Keşlə), Şahruddin Məhəmmədəliyev (Qarabağ), Rəşad Əzizli (Neftçi); müdafiəçilər - Maksim Medvedev, Elvin Yunuszadə, Abbas Hüseynov (hamısı “Qarabağ”), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Təmkin Xəlilzadə (Qəbələ), Bəhlul Mustafazadə (Sumqayıt), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna); yarımmüdafiəçilər - Qara Qarayev, Əfran İsmayılov, Rahid Əmirquliyev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Rəhman Hacıyev, Emin Mahmudov (hər ikisi “Neftçi”), Cavid Hüseynov (Qəbələ), Cavid İmamverdiyev (Sumqayıt); hücumçular - Mahir Mədətov, Ramil Şeydayev (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (Qəbələ).
Təbii, Qurban bəyin kimlərə dəvət göndərəcəyi maraq doğururdu. Bu üzdən siyahı açıqlanan kimi müzakirələrin qızışması başadüşüləndi. Cavid İmamverdiyevin mövsümün ilk yarısında “Sumqayıt”da sərgilədiyi performans yığmaya dəvət alacağına işarə idi. Onu nəzərdən qaçırmayan Qurbanovun “kimyaçılar”ın əsas qol silahı Amil Yunanovu çağırmaması normal qarşılana bilməz. Baş məşqçinin qışa qədər çempionatda 5, kubokda isə 3 qol vuran forvarda dəvət göndərməməsinə göz yummaq ədalətsizlik olar. Halbuki hücumçulardan Ruslan mövsümün ilk yarısını 4 qolla (2 çempionat, 2 kubok) tamamlayıbsa, Ramil “köhlən atlar”ın heyətində hələ də fərqlənə bilməyib. “Sumqayıt”dan söz düşmüşkən, klubunda əsas heyət üzvü olan Bəxtiyar Həsənalızadənin yox, ara-sıra şans qazanan Bəhlul Mustafazadənin siyahıda yer almasına izah tapmaq çətindi. Bundan başqa, “Qəbələ”dən Asif Məmmədov, “Zirə”dən Tellur Mütəllimov kimi futbolçular da kənarda qalmamalıydı. Şahruddinin, Məhəmmədin dəvət alması da o qədər də uğurlu seçim deyil.
Doğrudu, nəticəyə baş məşqçi cavabdehdi. Lakin bu o demək deyil ki, Qurbanovun seçimi saf-çürük edilməməlidi, yığmada olmağı haqq edənin kənarda qalmasına səssiz yanaşmalıyıq. Bunun ilk və ya son toplanış olduğu fərq etmir. Düzə düz, əyriyə əyri deməliyik ki, bu da bizim borcumuzdu. Ola bilər, növbəti toplanışda baş məşqçinin siyahısında bu dəfə çağırılmayanlardan kimlərinsə adını gördük. Bu isə müsbət addım kimi qiymətləndiriləcək. Ancaq indiki durumda müsbət və mənfi məqamları sadalamasaq, doğru olmaz.
FARİZ
28-01-2018, 14:0
Вернуться назад