DataLife Engine / Gürcülərin imtinasının altında hiyləgərlik yatır

Gürcülərin imtinasının altında hiyləgərlik yatır

Gürcülərin imtinasının altında hiyləgərlik yatır
Millətlər Liqasındakı əsas rəqibdən gizlənmək istəyirlər
Ötən sayımızda yığmanın Antalyadakı hazırlıq proqramında dəyişiklik olduğunu xəbər vermişdik. Belə ki, fevralın 2-nə nəzərdə tutulan Gürcüstanla yoxlama oyunu baş tutmayacaq. Səbəb kimi qonşu ölkənin əsas komandasının Türkiyəyə toplanışa yollanmayacağı göstərilib. Belə düşünmək olardı ki, yığma hazırlıq çərçivəsində yalnız bir yoxlama oyunu ilə kifayətlənəcək. Təbii, alternativ variant ortaya çıxmasaydı. Bu haqda bir qədər sonra.
Əslində klubların hazırlıq dönəmində yığmanın toplanışının keçirilməsi o qədər də uğurlu addım deyildi. Onsuz da millini yaxın aylarda rəsmi oyun gözləmir. Belə bir durumda klubların hazırlığına təsir edəcək toplanışın təşkili doğru seçim sayılmamalıdı. Bundan başqa, yığmanın həmin toplanışa tam heyətlə qatılmayacağı da birmənalıdı. Böyük ehtimalla Araz Abdullayev, Dmitri Nazarov kimi futbolçular çağırılmayacaq. Aydın məsələdi ki, Gürcüstanla yoldaşlıq oyunu baş tutsaydı belə, rəqib əsas heyətlə oynamayacaqdı. Çünki qonşu ölkənin millisinin əsası legionerlərdən qurulub. Bu komandanın son toplanışında baş məşqçi Vladimir Vayssın dəvət göndərdiklərinin əksəriyyəti xaricdə çıxış edir. Fevralda isə beynəlxalq yoldaşlıq oyunları üçün FİFA-nın “pəncərə”si nəzərdə tutulmayıb. Odu ki, klubların futbolçularını yığmanın düşərgəsinə yollamaq öhdəliyi yoxdu. Gürcüstan yığmasının heyətinin 80 faizi legioner həyatı yaşayan futbolçulardan formalaşırsa, deməli, bizimlə oyun onlar üçün böyük əhəmiyyət daşımır. Çox güman, toplanışın ləğv olunmasının səbəbi də bununla bağlıdı. Əsas heyətin üzvləri olmadan belə bir hazırlıq planı məqsəduyğun sayılmayıb.
Sadəcə, bu məsələdə maraq doğuran məqam başqadı. Məgər Gürcüstan Futbol Federasiyası rəhbərliyi əvvəlcədən bu nüansı nəzərə almayıb? Dəqiqləşməyən bir toplanışa əsaslanıb, AFFA-ya yoldaşlıq oyunu üçün vəd vermək nə qədər peşəkarlığa sığır? İlk dəfə yığmanı baş məşqçi kimi bir araya gətirəcək Qurban Qurbanov üçün belə bir sürpriz heç də xoş durum deyil. Görəsən, Gürcüstan tərəfi AFFA-ya toplanışın ləğvi ilə bağlı tutarlı səbəblər göstərib? Bütün bunlarla bağlı milli komandaların mətbuat katibi Elman Himayətoğlu ilə danışdıq: “AFFA-nın da saytında yazıldığı kimi, Gürcüstanın Antalya toplanışı ləğv olunduğu üçün yoldaşlıq oyunu keçirilməyəcək. Gəlsəydilər, oynayacaqdıq. Deyiblər ki, toplanışa gələ bilməyəcəyik. Vəziyyət belədi, nə etmək olar. Təbii, AFFA-dan gürcülərlə kim danışıbsa, qarşı tərəfə irad bildirib. Lakin mövcud vəziyyət budu”.
Bu arada Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti Aleksandr İaşvili yoxlama matçının ləğvindən danışıb. Qurumun rəsmi saytına açıqlama verən mütəxəssis yığmamızla oyundan imtinanı belə izah edib: “Bu mərhələdə millinin əsas üzvləri öz klublarının düşərgəsindədi. Onların təlim-məşq toplanışı fərqli ölkələrdə keçirilir. Ona görə də indiki məqamda millinin toplaşması bir qədər çətindi. Yanvarın 24-də Lozannada Millətlər Liqasının rəsmi təqvimi açıqlandıqdan sonra bütün yoldaşlıq oyunlarının vaxtı müəyyənləşəcək. Gürcüstan və Azərbaycan arasında da yoldaşlıq oyunu başqa vaxtda keçiriləcək. Yaxın günlərdə tərəflər tarixi müəyyənləşdirəcək”.
Məhz burda xoruzun quyruğu görünür. Sirr deyil ki, Azərbaycan və Gürcüstan Millətlər Liqasının D divizionunda qələbə üçün oynayacaq. Belədə gürcülərin maskalanması anlaşılandı. Yeri gəlmişkən, artıq AFFA fevralın 2-də yığma üçün başqa bir rəqib tapıb. Əsas milli həmin gün Kosovo ilə yoldaşlıq oyunu keçirəcək. Doğrudu, bu tam təsdiqini tapmayıb. Ancaq AFFA-nın saytında yer alan informasiyaya görə, bununla bağlı Kosovo Futbol Federasiyası ilə ilkin razılıq əldə olunub.
Bu arada Antalyada yığmamız və Cənubi Koreya ilə sınaq matçında qarşılaşacaq Moldova artıq bu iki görüşün hazırlıqlarına start verib. İlk məşq ölkə daxilində - Vadul-Luy-Vodedə baş tutub. Hazırlıq prosesini federasiya prezidenti Pavel Çebanu və vitse-prezident Draquş Xinku da izləyib. Rəsmilər yeni baş məşqçi Aleksandr Spiridonu komandaya təqdim ediblər. Onu da bildirək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Moldova ilə yanvarın 30-da qarşılaşacaq.
FARİZ
16-01-2018, 15:0
Вернуться назад